🌐 Keçmişin izi, gələcəyin sözü
04 Sentyabr 2026, saat 16:36   •   🌡️ Bakı

Füzulidə yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı – Təhlükəli pozuntular aşkarlanıb

Odlar.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri Füzuli rayonunun 1 nömrəli Qayıdış qəsəbəsində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama keçirib.
Yoxlama zamanı insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək bir sıra ciddi pozuntular müəyyən olunub.
Məlumata görə, yanacaqdoldurma məntəqəsində istismar edilən iki yanacaqsaxlama çəninin üzərində çənin nömrəsi, saxlanılan neft məhsulunun adı və markası, maksimal doldurulma hündürlüyü və baza hündürlüyünü göstərən lövhələr olmayıb.
Bundan əlavə, çənlərə texniki pasportların hazırlanmadığı, obyektin təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi, çənlərin texniki təhlükəsizlik ekspertizasından keçirilməklə sertifikatlaşdırılmadığı müəyyən edilib.
Yoxlama zamanı həmçinin təhlükə potensiallı qurğu və avadanlıqların istismarı ilə məşğul olan operatorlardan birinin attestasiyadan keçirilmədiyi aşkarlanıb.
FHN-dən bildirilib ki, pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmaması və onların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, yanacaqdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb.
Pozuntuların aradan qaldırılması ilə bağlı tərtib edilmiş aktın bir nüsxəsi obyekt sahibinə təqdim olunub.
Bununla yanaşı, obyekt sahibi ilə texniki təhlükəsizlik məsələləri üzrə profilaktik söhbət aparılıb və aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

Odlar.media