Odlar.media xəbər verir ki, oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi qeyd olunur. 2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı Zəngilan şəhərini və ətraf kəndləri işğaldan azad edib.
Milli Məclisin deputatı Samir Vəliyev bildirib ki, 1993-cü il oktyabrın 29-da işğal olunan Zəngilan rayonu 27 illik işğal dövründə ciddi dağıntılara məruz qalıb, təbii sərvətləri talan edilib.
Deputatın sözlərinə görə, azadlıqdan sonra rayonda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Böyük Qayıdış çərçivəsində Zəngilan şəhərinə, Ağalı və Məmmədbəyli kəndlərinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Sakinlər üçün müasir yaşayış şəraiti yaradılıb, onların məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər görülüb.
S.Vəliyev Zəngilan Beynəlxalq Hava Limanının, Horadiz–Zəngilan–Ağbənd dəmir yolunun və Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun bölgənin iqtisadi və nəqliyyat potensialının artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Deputat, həmçinin Zəngilanın azadlığı uğrunda döyüşən hərbçilərin qəhrəmanlığının dövlət tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Odlar.media