Odlar.media xəbər verir ki, bu gün Qazaxıstanın paytaxtı Astanada “Türk dünyası dialoqları: ortaq gələcək, ortaq vizyon” mövzusunda panel müzakirəsi keçiriləcək.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, tədbirdə Türk dünyasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq.
Paneldə təhsil, iqtisadiyyat, nəqliyyat, enerji, elm və texnologiya, müdafiə sənayesi, media və mədəniyyət daxil olmaqla, müxtəlif sahələr üzrə əməkdaşlıq imkanlarına diqqət yetiriləcək.
Müzakirələrin əsas məqsədləri sırasında Türk Dövlətləri Təşkilatının (TDT) regional və qlobal səviyyədə görünürlüğünün artırılması, Türk dünyasının ortaq baxışının müxtəlif ictimaiyyətlərə çatdırılması, eləcə də üzv və tərəfdaş ölkələr arasında akademik, mədəni və sosial əlaqələrin gücləndirilməsi yer alır.
Tədbir çərçivəsində, həmçinin oktyabrın 29-30-da Ankarada keçiriləcək TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünə dair gözləntilər də müzakirə ediləcək.
Odlar.media
