Odlar.media xəbər verir ki, Milli Məclisin deputatı Elnarə Akimova Ermənistanın ABŞ-la birlikdə TRIPP layihəsinin, o cümlədən dəmir yolu komponentinin parametrlərini müəyyənləşdirmək üçün araşdırmalara başlamasını Cənubi Qafqazda nəqliyyat-kommunikasiya məsələlərinin praktiki müzakirə mərhələsinə keçməsi kimi qiymətləndirib.
Deputat Odlar.media saytına açıqlamasında bildirib ki, Ermənistanın marşrut, maliyyə və texniki detalların hələ dəqiqləşdirilmədiyini açıqlaması prosesin ilkin mərhələdə olduğunu göstərir. Bununla belə, onun sözlərinə görə, regionda kommunikasiyaların açılması istiqamətində ciddi proses gedir.
E. Akimova Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, məsələ yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin bərpasından ibarət deyil. Burada Türkiyə, Mərkəzi Asiya və Avropa ilə quru bağlantılarının gücləndirilməsi, Orta Dəhlizin imkanlarının genişləndirilməsi və Cənubi Qafqazın beynəlxalq logistika sisteminə daha sıx inteqrasiyası kimi strateji məsələlər də var.
Deputat Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirləri də xatırladıb. O bildirib ki, bu layihə sonradan meydana çıxmış geosiyasi təşəbbüs deyil, Azərbaycanın uzun illərdir irəli sürdüyü strateji hədəfdir.
Akimovanın sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra regionda əvvəlki status-kvo dəyişib. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini qeyd edən deputat ölkənin Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri apardığını, eyni zamanda Zəngəzur istiqamətində yol və dəmir yolu infrastrukturu formalaşdırdığını deyib.
“Azərbaycan bununla kifayətlənməyərək alternativ bağlantını da yaradıb”
Deputat Azərbaycanın tranzit imkanlarını gücləndirmək üçün alternativ marşrutlara da üstünlük verdiyini bildirib.
“İran ərazisindən Naxçıvana çıxış üzrə Ağbənd istiqamətində həyata keçirilən layihələr göstərir ki, Bakı bir marşrutun taleyindən asılı vəziyyətdə qalmaq niyyətində deyil. Prezident İlham Əliyevin Naxçıvanda qeyd etdiyi kimi, Azərbaycanın həmin istiqamətdə iki bağlantısı olacaq: Ermənistan üzərindən Zəngəzur bağlantısı və İran üzərindən Araz bağlantısı”, – deyə E. Akimova bildirib.
Onun fikrincə, bu yanaşma Azərbaycanın nəqliyyat siyasətində alternativlik və şaxələndirmənin əsas prinsiplərdən biri olduğunu göstərir.
Deputat TRIPP layihəsinin Ermənistan üçün də yeni iqtisadi imkanlar yarada biləcəyini qeyd edib. Regional kommunikasiyaların açılacağı təqdirdə Ermənistanın nəqliyyat məhdudiyyətlərindən qurtula, yeni ticarət və tranzit imkanları əldə edə biləcəyini deyib.
Akimova hesab edir ki, bu prosesin Azərbaycan üçün mühüm nəticələrindən biri Naxçıvanın geoiqtisadi mövqeyinin dəyişməsi olacaq. Onun sözlərinə görə, Naxçıvan Türkiyə, Azərbaycan, İran və Türk dünyası arasında mühüm bağlantı nöqtəsinə çevrilə bilər.
Deputat layihənin hansı adla təqdim olunmasının onun strateji mahiyyətini dəyişmədiyini də vurğulayıb:
“TRIPP adlandırılması, ABŞ-ın prosesdə iştirakı və ya gələcəkdə seçiləcək texniki model Zəngəzur istiqamətində bağlantının strateji əhəmiyyətini aradan qaldırmır. Əsas məsələ real, təhlükəsiz və səmərəli nəqliyyat bağlantısının yaradılmasıdır”.
E. Akimova bildirib ki, Azərbaycan öz ərazisində lazımi infrastrukturu qurur və Naxçıvanın bağlantısının təmin edilməsinə hazırlaşır. Onun sözlərinə görə, qarşıda əsas məsələ Ermənistan ərazisindən keçəcək bağlantının texniki və hüquqi mexanizmlərinin müəyyənləşdirilməsidir.
Deputatın qənaətinə görə, prosesin gecikməsi mümkün olsa da, regional iqtisadi maraqlar və yeni geosiyasi reallıqlar fonunda onun uzun müddət təxirə salınması çətin görünür.
“Bu, Şərqlə Qərb arasında yeni logistika imkanları, Türk dünyasının quru əlaqələrinin möhkəmlənməsi və Cənubi Qafqazın iqtisadi potensialının açılması deməkdir. Ona görə də bu gün Ermənistan və ABŞ-ın marşrutun parametrlərini araşdırması prosesin sonu deyil, başlanğıc mərhələsidir. Zəngəzur bağlantısı gec-tez reallaşacaq. Məsələ artıq ‘olacaq, ya olmayacaq?’ sualından daha çox, ‘nə vaxt və hansı mexanizmlə olacaq?’ sualına çevrilib”, – deyə E. Akimova bildirib.
Mənbə: Odlar.media
