Odlar.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə ölkəsinin müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik məktubu göndərib.
Dövlət başçısı məktubunda Zelenskini və onun simasında Ukrayna xalqını öz adından və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb.
Prezident İlham Əliyev Azərbaycan-Ukrayna münasibətlərinin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu vurğulayıb. O qeyd edib ki, siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər, eləcə də iqtisadi və humanitar sahələrdə əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlığın mühüm istiqamətlərindəndir.
Azərbaycan Prezidenti enerji sahəsində uzun illərdir davam edən səmərəli əməkdaşlığı da xüsusi qeyd edib.
İlham Əliyev bu ilin aprelində Volodimir Zelenskinin Azərbaycana işgüzar səfərini və onunla keçirdiyi görüşü yüksək qiymətləndirib. O bildirib ki, müntəzəm görüş və təmaslar, həmçinin ölkələrin ərazi bütövlüyü və suverenliyi məsələlərində qarşılıqlı dəstək dövlətlərarası əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir.
Məktubda ali səviyyədə fəal dialoqun ticari-iqtisadi, humanitar, kənd təsərrüfatı və investisiya sahələri də daxil olmaqla, müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli imkan yaratdığı vurğulanıb.
Prezident İlham Əliyev Azərbaycanın Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyini bildirib.
Dövlət başçısı əminliyini ifadə edib ki, Azərbaycan və Ukrayna xalqlarının mənafeləri naminə iki ölkə arasında dostluq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində birgə səylər davam etdiriləcək.
İlham Əliyev təbrik məktubunun sonunda Volodimir Zelenskiyə möhkəm cansağlığı və xoşbəxtlik, Ukrayna xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıb.
