🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:55   •   🌡️ Bakı

Zelenski: Ukrayna Rusiyanın 1600 kilometrdən uzaqda yerləşən neft emalı zavodunu vurub

Odlar.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna qüvvələrinin Rusiyanın dərinliklərində yerləşən bir sıra hərbi və enerji obyektlərinə zərbələr endirdiyini açıqlayıb. Məlumatı Zelenskinin sosial media hesabında paylaşdığı açıqlamaya istinadən Ukrayna və digər beynəlxalq media qurumları yayıb.
Zelenskinin sözlərinə görə, gecə saatlarında Ukrayna qüvvələri Rusiyanın Perm şəhərində, Ukrayna sərhədindən 1600 kilometrdən çox məsafədə yerləşən neft emalı zavodunu, həmçinin Volqoqrad vilayətindəki Marinovka hərbi aerodromunu hədəfə alıb.
Ukrayna Prezidenti əvvəlki zərbələrin nəticələri barədə də məlumat verib. O bildirib ki, cəbhə xəttindən təxminən 600 kilometr məsafədə yerləşən Axtubinsk aerodromunda Rusiyaya məxsus Su-34 döyüş təyyarəsi zədələnib.
Bundan başqa, Zelenskinin sözlərinə görə, Primorsko-Axtarsk şəhərində Rusiya ordusunun Ukraynaya qarşı hücumlarda istifadə etdiyi dronların saxlanılması, hazırlanması və buraxılması üçün istifadə olunan obyektə də zərbə endirilib. Bu ərazi cəbhə xəttindən təxminən 180 kilometr məsafədə yerləşir.
Ukrayna tərəfi bu zərbələri Rusiyanın hərbi-logistik imkanlarına və yanacaq infrastrukturuna qarşı uzaqmənzilli əməliyyatların davamı kimi təqdim edir. Permdə yerləşən neft emalı müəssisəsi Rusiyanın iri neft emalı obyektlərindən biri hesab olunur.