Odlar.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.
Dövlət başçısı müsahibəsində Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, iqtisadi-ticari əməkdaşlıq, investisiyalar, nəqliyyat və logistika, enerji, mədəni-humanitar əlaqələr, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq, eləcə də Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər barədə geniş fikirlər səsləndirib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyaraq ən yüksək səviyyəyə – müttəfiqlik səviyyəsinə yüksəlib. Onun sözlərinə görə, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olması və qarşılıqlı səfərlərin intensivləşməsi əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradıb.
Dövlət başçısı iqtisadi-ticari əlaqələrə də toxunaraq qeyd edib ki, 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsi 33 faiz artaraq 144 milyon dollar təşkil edib.
İlham Əliyev Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin, enerji sektorunda birgə müəssisələrin və yaşıl enerji layihələrinin iki ölkənin iqtisadi əməkdaşlığının genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Müsahibədə nəqliyyat və logistika sahəsində əməkdaşlığın perspektivlərinə də xüsusi diqqət ayrılıb. Prezident Azərbaycan və Özbəkistanın Şərqlə Qərbi birləşdirən strateji marşrutlarda təbii tərəfdaşlar olduğunu bildirib. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasının region üçün yeni iqtisadi və tranzit imkanları yaradacağı qeyd olunub.
Dövlət başçısı Azərbaycan və Özbəkistan arasında mədəni-humanitar əlaqələrin də sürətlə inkişaf etdiyini bildirib. O, mədəniyyət günləri, təhsil proqramları, media və QHT forumları, qardaşlaşmış şəhərlər və digər birgə təşəbbüslərin xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
İlham Əliyev Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danışaraq Azərbaycan və Özbəkistanın türk dünyasının inteqrasiyasının dərinləşdirilməsinə mühüm töhfə verdiyini qeyd edib.
Prezident həmçinin Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin son illərdə strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf etdiyini bildirib. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərarın regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Müsahibənin sonunda dövlət başçısı Özbəkistan xalqını ölkənin dövlət müstəqilliyinin qarşıdan gələn 35-ci ildönümü münasibətilə təbrik edib, qardaş ölkəyə sülh, əmin-amanlıq, tərəqqi və yeni nailiyyətlər arzulayıb.
