|
|
Rafael HÜSEYNOV
O gün Cəfər heç zaman olmadığı kimi xoşbəxt idi. 1924-cü il noyabr ayının 10-u idi. Bakıya soraq çatmışdı – Tiflisdəki Azərbaycan teatrı yeni mövsümə başlayır və ilk tamaşa “Aydın” olacaq.
Ancaq Bakıda da elə həmin ildə, həmin gündə səhnədə “Aydın” idi. Əsəri səhnəyə Aleksandr Aleksandroviç Tuqanov hazırlamışdı – baş rejissor o idi, rejissor Sidqi Ruhulla. Həmin günəcən Abbas Mirzə Şərifzadə dəfələrlə Aydını oynamışdı. Ancaq bugünkü Aydını ötən Aydınlardan büsbütün fərqlənirdi. Mərziyə Davudova həmin günəcən neçə dəfə Gültəkin olmuşdu. Ancaq bugünkü Gültəkini keçənsəfərkilərin hamısından seçilirdi. Hər ikisi o gün xüsusi şövqlə oynayırdılar, ilhamla daşırdılar. Ancaq həmin gün parlayan yalnız baş rolların ifaçıları deyildi. Oaxşamkı tamaşada Ağasadıq Gəraybəyli (1897-1988) də vardı, Mirseyfəddin Kirmanşahlı (1892-1933) da, Ağahüseyn Cavadov (1894-1981) da, Rza Əfqanlı da (1899-1973), Qəmər Topuriya (əsl adı: Tamara Vissarionovna Topuriya; 1902-1947) da və hamısı bir-birini tamamlayırdı.
O dövrdə Türk Dram Teatrının səhnəsi tamaşaçı alqışlarına alışqan idi. “Aydın”ın keçmiş tamaşalarında da əvvəldən-sonacan alqışlar davam etmişdi. Ancaq bugünkü alqışlar daha gur, daha hərarətli idi. Arxada qalan günlər içərisində “Aydın”ın ədəbi məhkəməsi ilə bağlı şəhərdə yayılmış söz-söhbət, “Kommunist” qəzetində o ədəbi məhkəmə ilə əlaqədar dərc edilmiş hesabat camaatın marağını birə-beş artırmışdı. Həmin axşam tamaşa salonunda iynə atsan, düşəcək yer yox idi.
Tamaşadan dərhal sonra Bakı qəzetlərində dərc edilmiş yazılar da heyranlıqla dolu idi. Rejissor işi də, ayrı-ayrı aktyorların ifası da yerli-yataqlı təhlil olunur, təqdir edilirdi. Ancaq bu həqiqət də vardı ki, həmin tamaşaya baxmaq istəyənlərin çoxu bilet tapa bilməmişdi. Ona görə teatr bir həftə sonra tamaşanı təkrarən göstərmək qərarı verir.
Noyabrın 16-da “Aydın”ı bir də göstərirlər. Yenə tamaşa salonu ağzınacan dolu. Baxırlar ki, camaat doymayıb, “Aydın”ın növbəti nümayişinə də ehtiyac var. Noyabrın 23-də həmin tamaşa həmin ifaçı tərkibində bir də səhnədədir.
Yenə qəzetlər laqeyd qalmır. Baxmayaraq ki, 3 gün əvvəl, 5 gün qabaq “Aydın”ın obiri tamaşaları ilə bağlı geniş məqalələr dərc edilib, qəzetlər yenə yazmağa söz tapırlar.
Və o çağın – 1920-1930-cu illərin də, XX əsrin əvvəllərinin də qəzet-jurnallarının səhnəyə bunca həssas münasibəti çox vacib idi. Demək olmaz ki, həmin yazılar həmişə haqlı idi, yüzdə-yüz həqiqəti ifadə edirdi, hamısı kifayət qədər peşəkar idi. Bəzən qərəzli yanaşmalar da olurdu, subyektiv fikirlər də əksini tapırdı. Amma əsasən ədalətli mövqe ortalığa qoyulur, ən azı tarix üçün baş verənlərin doğru mənzərəsi canlandırılırdı. Ən mühümü isə bu idi ki, tamaşanı hazırlayanlar, xalqa təqdim edənlər bu diqqəti görürdü, bilirdilər ki, onların hər sözü, hər hərəkəti izlənməkdədir.
Və qeyd edilən nöqsanların da ağlabatanlarını yubanmadan düzəltməyə çalışırdılar. Mətbuat teatrı, aktyorları, tamaşalara aidiyyəti olan bütün kollektivi, hətta binanın özünü də daim hazır vəziyyətdə, köklənmiş halda saxlayırdı.
Mətbu sözün qədrini də, qiymətini də başqalarından bəlkə də daha artıq hiss edən Cəfər Cabbarlı üçün həmin yazıların əhəmiyyəti daha artıq idi.
“Aydın”ın noyabrda baş tutan üç tamaşasından sonra ayrı-ayrı qəzetlərdə dərc edilmiş rəylər, eləcə də oktyabrın 31-də keçirilmiş ədəbi mühakimədən sonra “Kommunist”də işıq üzü görmüş hesabat, həmin icmalın ardınca müxtəlif tamaşaçıların qəzetə göndərdikləri rəylər təəssürat və baxışların əlvan palitrasını yaratmışdı. Orada barışası məqamlar da vardı, qəbuledilməz tərəflər də. Cəfər Cabbarlı isə heç vaxt öz əsərlərinə mühafizəkarcasına yanaşmamışdı. Nəyisə dəyişmək işin xeyrinə ola biləcəksə, hansısa ağlına batan düzəlişlər varsa, heç vaxt müqavimət göstərmirdi, dərhal bunları edirdi. O dövrün müəllifləri içərisində elələri var ki, bir sözünün dəyişilməsini də rəva görmürdü. Elə Hüseyn Cavidin özü. Qətiyyən razı olmazmış ki, onun bir sözünü, bir ifadəsini, bir misrasını dəyişsinlər, ixtisara salsınlar, başqa şəkildə təqdim etsinlər. Cəfər Cabbarlı isə bu baxımdan nisbətən açıq idi. Bunu xatirələr də təsdiq edir. Əlbəttə, israrla üzərində dayandığı, dəyişdirilməsinin əsərin ümumi ideyasına ziyan vuracağı məqamlar da olurdu ki, bunları sonacan qorumağa çalışırdı (O qəbildən olan höcətləşmələrinin, mübarizələrinin və haradasa güzəştəgetmələrinin əyani örnəklərindən biri elə Cabbarlının 1931-ci ildə Suxumidə müalicə alan İsmayıl Hidayətzadəyə Bakıdan göndərdiyi məktubunda əks-sədalanıb: “Almas”ı vermişdilər Mayorova (Sergey Arsenyeviç Mayorov (1903-1973) – Azərbaycan SSR-in əməkdar incəsənət xadimi (1934), Bakı İşçi Teatrının baş rejissoru və bədii rəhbəri – R.H.). Oxuyub, çox xoşuna gəlib. Deyir “potryasayuşie ssenı”ları (çox valehedici səhnələri – R.H.) vardır. Ancaq o, martın 25-dən özünü bizim teatrın rasporyajenisinə (ixtiyarına – R.H.) verilə bilər, çünki o vaxta qədər “Qore ot uma” (“Ağıldan bəla” – R.H.) qoyacaqdır. Ona görə mənə təklif etdilər ki, sən özün rejissor Əliağa Əliyevlə birlikdə verginən (Hələ orasını sənə yazım ki, məni beş-altı gündür prikaz ilə rejissorluğa keçiriblər…). Mən dedim istəmirəm… Çünki o dəyişikliyi ki, onlar istəyirlər, mən razı ola bilmərəm. Onlar deyirlər ki, heç bir şeyi dəyişdirmək istəmirik, ancaq bir kəlmə artır ki, Almas kommunistkadır… Mən deyirəm ki, Almasın təbiəti tam başqadır… Onun bir çox səhvləri vardır. Naivnidir (sadəlövhdür – R.H.) və i.a. Kommunist olsa, onun şəxsiyyəti ilə tutduğu vəziyyət arasında uçurum əmələ gələr… Mən deyirəm qoyun bu il qalsın, razı olmurlar.
“Bakinski raboçi” teatrı “Sevil”i yaxşı vermədi. Xoşuma gəlmədi. Sözlərini bir qədər dəyişdiriblər. Mən protest etdim. Dedilər, yoldaş Cabbarlı, gördün ki, böyük-böyük kişilər yaylıq çıxarıb uşaq kimi ağlayırdılar. Arvad və qızlardan danışmağa belə dəyməz… Sənin üçün bütün salon yarım saat ovasiya (alqış seli. Cabbarlının bu məktubda ayrı-ayrı rus kəlmələrini işlətməsi əsərini rusca tamaşaya qoymuş həmkarlarla edilmiş söhbətlərini olduğu kimi çatdırmaq istəyindən gəlir. Rusdillilərlə olan söhbətlərindən fraqmentləri nağıl edir, onların dilindən hansı söz qopubsa, həmin kəlmələri olduğu kimi göstərir – R.H.) düzəltdi, buraya gəlmiş yazıçıların heç biri belə şey görməmişdir. Halbuki sən yenə bizim quruluşumuzdan razı deyilsən. Mən dedim: “Ağlamaları ilə mənim işim yoxdur, Azərbaycan və erməni teatrlarında da ağlayırlar. Ovasiyanı da özüm üçün deyil, Azərbaycan mədəniyyəti ilə rus kütləsi arasındakı rabitə ayağına hesab edirəm. O ki qaldı mənim özümə, mənə pul lazım deyil, elə böyük adım da yoxdur ki, batırasınız. Lyubitel babayam (fikir verirsinizmi, yenə özünü “lyubitel” – həvəskar adlandırır – R.H.), durmuşdum yerimdə, bayaq da yerdəydim, yenə də yerdəyəm. Ancaq bu əsər Azərbaycan səhnəsinin əsəridir. Mən razı olmaram ki, siz o səhnəni şübhə altına alasınız… çünki Azərbaycan səhnəsi belə primitiv və bədii qiyməti olmayan səthi agitkalardan (təbliğatcıqlardan – R.H.) yüksəkdir. Nə isə, bu da hələ qalsın…
…Türk İşçi Teatrı da “Sevil”i verir. Orada Ülvi və Mərziyə oynayırlar… indi Qutman (David Qriqoryeviç Qutman (1884-1946) – tanınmış teatr və kino rejissoru, aktyor və dramaturq, Moskva Akademik Satira Teatrının yaradıcılarından biri və ilk bədii rəhbəri – R.H.) “Sevil”i verir. O da baş-ayaq vurur. Məsələn, bir bal verir. Orada Balaşın bir qohumunu öldürürlər. Beləliklə, Atakişinin geydiyi “ölü” paltarı məlum olurmuş… Baxdım… baxdım… nə deyim? Xülasə, bir tutuşduq. Yarıyacan təslim oldu. Sabah bir də danışacağıq”).
Amma Cəfərin ayrı-ayrı aktyorların canayatan, uğurlu replikalarını da sonralar öz əli ilə mətnə əlavə etdiyi az olmamışdı, beləcə, improvizə kimi doğulmuş müəyyən ifadələr, bəzən bütöv cümlələr müəllif mətninin qoynunda əriyib qanuniləşirmiş (Bəzən belə də olurmuş ki, Cəfər hansısa aktyorun bədahətən dediyi və döşünə yatan hansısa uğurlu replikasına elə o deyişə yaraşan ayrı bir ifadə, ya cümlə əlavə edib əsərə salırmış – R.H.). Sadıq Salehin (1907-1977) şahidliyidir ki, “Almas”ın səhnəyə təzəcə gəldiyi vaxtlarmış. Tamaşa gedirmiş, Cabbarlı da teatrdaymış, Rza Təhmasib (1894-1980) Hacı Əhmədmiş və Aftili də Məhəmmədhəsən Atamalıbəyov (1890-1943) oynayırmış.
Səhnədə özünü çox arxayın hiss edən Rza Təhmasib – Hacı Əhməd arada növbəti improvizəsini edir. Üzünü Atamalıbəyova tutaraq: “Ay Aftil, nə vermisən özünü arvadların arasına?! Əşi, ordan bu yana çıxsana!” Tamaşaçılar bu sözü gülüşlə qarşılayaraq alqışlayır. Elə həmin axşam Cəfər də Təhmasibə deyir ki, artırmandan xoşum gəldi, onu əlavə edirəm pyesə, gələn dəfədən etibarən həmişə işlət.
Bir neçə gün sonra yenə “Almas” gedir, yenə həmin epizod gəlib çatır, artıq “rəsmi icazəsi” də olan Təhmasib ötən tamaşada tapıb dediyi cümləni bu dəfə bir az da ədayla, deyişinə bir az da çox kinayə qataraq söyləyir. Yenə camaat gülüşür. Amma ötənsəfərkindən fərqli olaraq, Aftil – Atamalıbəov bu dəfə Hacı Əhmədin həmin iynəli sözlərinin qarşısında susmur, dərhal Hacı Əhmədinkindən də artıq rişxəndlə belə cavab verir: “Hacı, sənin kimi kişilərin arasında oturmaqdansa, arvadların arasında oturmaq daha yaxşıdır”.
Aftil belə deyəndə gurultulu alqış qopur və həmin axşam Təhmasib Atamalıbəyovun o sözləri bədahətən tapıb deməsinə bir az şübhəylə, amma hər halda ehtiyatla soruşur: “Məmmədhəsən, Hacı Əhmədin replikasına o təhər cavab vermək qəfildən hardan ağlına gəldi?”
Atamalıbəyov gülür: “Mənim ağlıma gəlmədi ki… Tamaşadan qabaq Cəfər o cümləni yazıb mənə verdi ki, Təhmasib o cür deyəndə sən də bu cür cavab ver”).
1924-cü il idi, Cəfər Cabbarlının 25 yaşı vardı. Uğur uğur ardınca gəlirdi, həyat eşqi ilə daşırdı. 1924-cü ilin əvvəlində ürcah olduğu dərd-acı asta-asta səngiyir, o, sabaha daha artıq ümidlərlə baxmağa başlayırdı. Ancaq bu ilin, 1924-ün əvvəlində Cəfər bir şeir də yazmışdı. Həmin şeir həyat yox, həyatdan əbədi gediş barədə idi. O misraları yazmışdı ki, anasının qəbir daşında həkk edilsin. Bu misralar yaşından çox irəli getmiş, 25-ində artıq bəlkə 50-ni də arxada qoymuş kimi içəridən qocamanlaşmış bir insanın həyat, ölüm haqqında düşüncələri idi:
Ölmək – o geniş körpünü
hər kəs keçəcəkdir,
Bir badə ki, ondan bütün aləm içəcəkdir.
Hər süslü çiçək sonda saralmış quru yarpaq,
İnsan da nədir? Əvvəli torpaq, sonu torpaq.
Aləm doğacaq, dirçələcək, məhv olacaqdır,
Dünya boş ikən əvvəli, həp boş qalacaqdır.
Bir tək səni məhv etmədi bu qanlı təbiət,
Həp yoxluğa, həp heçliyə məhkum bəşəriyyət.
İnsanları sözlə məftun etməyin, qəfil həyat dönüşlərinin məharətli təsviri ilə mat qoymağın ustası olan Cəfər Cabbarlını hər hansı ifaçının istedadlı oyunu ilə diksindirməsi çox çətin idi. Özü surətlər yaradan, özünün də aktyorluq səriştələri olan, kağız üzərində həyata gətirdiyi surətləri hələ səhnəyə gəlməmişdən özü ürəyində danışa-danışa canlandıranı ən misilsiz gözəl ifa ilə də təəccübləndirə bilmək əsla asan müyəssər olunası iş deyildi. Ancaq hər halda bir nəfər vardı ki, Cəfər Cabbarlı yeniyetməlik çağlarından onun danışıqsız vurğunu idi: Hüseyn Ərəblinski.
Əsərlərinə səhnə diriliyi bağışlayan aktyorların hər birinə istənilən haqq itirməyən müəllif lap dilə gətirməsə də, içərisində minnətdar olur və təbii ki, yazıçılığından əlavə həm də teatr adamı olduğundan Cəfər də belə idi, onun məxsusi rəğbət bəslədiyi artistlər də vardı. Gördüyü, təmasda olduğu bolluca yerli və xarici aktyorlar arasında isə Hüseyn Ərəblinskinin onun qəlbindəki yeri ayrıca idi.
Cəfər Ərəblinskini aktyorluğun zirvələrindən sayırdı, ömrü boyu belə hesab etdi və səbəbsiz deyil ki, sonralar ən güclü əsərlərindən olan “Oqtay Eloğlu”nu elə Hüseyn Ərəblinskinin həyatını, keçdiyi yolu, mübarizələri düşünərək qələmə aldı.
1919-cu il mart ayının 4-də Bakı, Azərbaycan ziyalılığı matəm içərisində idi. Hüseyn Ərəblinski cavan yaşında qətlə yetirilmişdi, millət ulduzu göz qarşısında qəddarcasına söndürülmüşdü.
Hüseyn Ərəblinski ilə 1919-cu ilin martında keçirilən vida mərasimi uzun zaman bakılıların yaddaşından silinmədi. Həmin gün böyük sənətkarla əbədi ayrılarkən onun sənət dostları, məsləkdaşları ürək sözlərini söyləyirdi, torpağın üzərində son dəfə tabutda gördükləri Hüseyn Ərəblinskiylə halallaşırdılar. Onun cənazəsi qarşısında kədərli duyğularını Nəcəf bəy Vəzirov (1854-1926), Hacağa Abbasov (1882/88-1975), Sidqi Ruhulla (1886-1959), Kazım Ziya (1896-1956), Abbas Mirzə Şərifzadə, Salman Mümtaz (1884-1941) dilə gətirirdi. Dərd bölüşənlərin arasında ən gənci Cəfər Cabbarlı olmuşdu. Gəlib durmuşdu tabutun baş tərəfində, cibindən bir vərəq kağız çıxarmışdı, Hüseyn Ərəblinskiyə həsr etdiyi nohəni – ağını oxumağa başlamışdı.
İndi üstündən zamanlar keçərkən, əsrlər, minillər dəyişəndən sonra Cəfər Cabbarlının 1919-cu ilin martında Hüseyn Ərəblinskinin tabutunun böyründə oxuduğu o yanıqlı şeirin misralarını yaddaşdan keçirərkən elə zənn edirsən ki, həmin sətirləri elə həm də özü haqqında deyirmiş:
Zillət içrə etdin abad səhne-yi millimizi,
Xab-i qəflətdən oyatdın millət-i küllimizi.
Millətin bir can yetirdin səhne-yi irfanına,
Səhne-yi milli səninlə bir təcəlla bulmada.
Cəhd qıldın, tək çalışdın, səhnə abad eylədin,
Xalq unutmaz xadimin, ey millətin dilarəsi!
Əlbəttə ki, xalq unutmaz – nə Hüseyn Ərəblinskini, nə də bu xalqın səhnəsinin, ədəbiyyatının, sənətinin, mənəviyyatının zənginləşməsi, dərinləşməsi, kamilləşməsi yolunda fədakar xidmətlər göstərmiş sıra-sıra başqa seçkinlərimizi! Onların adını millət həmişə bağrının başında yaşadacaq və həmin şərəfli düzümdə Cəfər Cabbarlı da, vaxtın dəyişkən yanaşmalarından asılı olmayaraq, unudulmayacaq!
Ancaq milləti millət etmək yolunda, milləti daha gözəl gələcək naminə çalışmış oçağkı fədailərimizin hamısından Cəfər Cabbarlının bir başqa fərqi və üstünlüyü də var: Cəfər onların hamısı kimi xidmətlərini və fədakarlıqları edə-edə, həm də fədakarlıqlar və böyük xidmətlər göstərmişləri öz qəhrəmanları kimi tarixləşdirib, haqlarında sanballı sözünü də deyib, həm də düşündüklərini elə sərrast ifadə edib ki, hər deyişi elə bir tökmə heykəl kimi alınıb.
Bu yenilməz abidələr silsiləsində, o müstəsnalar qatarında Cəfər Cabbarlının millət ruhunun pyedestalındakı möhtəşəm heykəli tarixin bütün gələcəklərində ən ucalarda yüksələcək.
…Mərziyə Davudova da, Sona Hacıyeva (1907-1979) da, Ülvi Rəcəb də, onlardan bir az yaşlı, bir qədər gənc bir çox başqa azərbaycanlı aktyor da, eləcə də Bakıdakı rus, erməni teatrlarının indi tamam unudulmuş, amma o çağlar Cəfər Cabbarlının adbaad tanıdığı neçə artist, rejissor da ədibin ömrünə 1920-ci illərin ortalarından və sonlarından, 1930-cu illərin əvvəllərindən girmişdilər və daimi ünsiyyətləri başlanmışdı, bir qismi ilə dostluqları, ailəvi münasibətləri də yaranmışdı. Ancaq Cəfər Cabbarlını daha köhnədən tanıyan, onunla daha əvvəlki vaxtlardan işləyən, teatr ağsaqqalları zümrəsinə daxil aktyorlar da vardı ki, onlardan biri Hacağa Abbasov idi. Səhnəmizin patriarxlarından olan Hacağa Abbasovun Cəfərlə tanışlığının və onunla bağlı xatirələrinin yaşı 1918-ci ilə – Cabbarlının böyük teatra bağlılıqlarının təməlinin qoyulduğu çağlara doğru uzanırdı. Hüseyn Ərəblinskinin o vaxt Serkovnaya (sonrakı Vidadi) adlanan küçədəki mənzilində Hacağa Abbasovgil məşqlərə toplaşanda hərdən gözlərinə böyük qardaşı Heydərlə bərabər onlara baxmağa gələn Cəfər də dəyərmiş. Heydərə hamısının rəğbəti varmış, çünki teatrın vurğunuymuş, Ərəblinski və yoldaşlarına gücü çatan köməyi əsirgəmirmiş, bilet satmaqda da onların dadına yetirmiş. Həmin gəlişlərindən birində məşq bitib arada fasilə yarananda Heydər qardaşını aktyorlara təqdim edir, söyləyir ki, qələmi də var, hətta yazdığı bir pyesi bu gün özü ilə gətirib, etiraz etməsəniz, oxuyardı, fikrinizi deyərdiniz.
Cəfər açır dəftərini, başlayır səhifə-səhifə oxumağa, sona yetişəndə Ərəblinski elə bir söz deyir ki, bunun özü ən yüksək qiymətə bərabərdi. Söyləyir ki, sabah teatra, mənim yanıma gəl.
Hacağa Abbasov buna da şahidlik edirdi ki, Ərəblinski Cəfəri artistlərlə şəxsən tanış etdi və çox keçmədi Abbas Mirzə Şərifzadə ilə yaxın dost oldular: “Tez-tez səmimi söhbət edərdilər, Abbas Mirzə tamaşalardan başqa bədii gecələrdə və konsertlərdə Cəfərin yazdığı şeir və monoloqları xüsusi temperamentlə ifa edərdi”.
Hacağa Abbasov o çağlar özünün də oynadığı, camaat arasında “Satiraqit” deyilən “Tənqid-təbliğ teatrı”nın tamaşalarına Cəfərin də müntəzəm gəldiyini, teatrın bədii şurasının üzvləri Mirzə Cəlil, Əbdürrəhim bəy, Məmməd Səid Ordubadi, Süleyman Saninin təklifi və xahişi ilə onun və Mirzağa Əliyevin ifa etmələrindən ötrü kupletlər yazdığını da yada salırdı.
Və Hacağa Abbasovun zehnində Cəfərin o çağlarda yazdığı, “Tənqid-təbliğ teatrı”nda ifa edilmiş, bir çoxu unudulub getmiş, heç indi Cabbarlının cildlərinə də daxil edilməyən səhnəciklərindən, şeirlərindən parçalar da qalmışdı.
O səhnədə Nəriman Nərimanovun (1870-1925) Azərbaycandakı quruculuqlar yolundakı əməklərini tərənnüm edən bir Cabbarlı şeiri də oxunmuşdu, indi Cəfərin kitablarında həmin şeir gözə dəymir, amma Hacağa Abbasovun yaddaşı o uçub getmiş qoşqunun son iki misrasını yaşadırdı:
Səncə bizi şad eləyən olmadı,
Məmləkət abad eləyən olmadı.
Bu misraları Cəfər Cabbarlı Nərimanova ünvanlamışdı və dəyişən tarixlərdə qiyməti heç də həmişə ədalətlə verilməyən millət fədaisi doktor Nəriman, söz yox ki, qəliz tarix parçasında yurdunun sabahı naminə yerinə yetirməyə macal tapdığı əvəzsiz xidmətlərə görə bu sayğıya tam layiq idi. Ancaq o gerçəkçi misralar elə Cəfər Cabbarlının özünə də çox yaraşır!
…Bir çox aktyorlarımız vardı ki, 1970-ci illərdə, 1980-lərin əvvəllərində artıq xeyli ixtiyarlaşmışdılar, amma müəyyən tamaşalarda ən tanınmış və tələbkar rejissorlar onlardan rolları əsirgəmirdilər və yəqin, başımızda cavanlıq havasının çılğınlığı çox olduğundan qocalara belə səxavətlə meydanvermə o qədər də döşümüzə yatmırdı, onların teatrımızın keçmişdən qalan pafosunu daşıyan ifalarına ağız da büzürdük. Üzümüz-gözümüz öyrəşmişdi və Ağasadıq Gəraybəylini, İsmayıl Osmanlını (1902-1978) lap çoxdan teatrda və məşhur kinofilmlərimizdə aparıcı rollarda çox gördüyümüz səbəbilə, üstəlik, onların cavanlardan geri qalmayan müasirləşmə, təbii ifa qüdrətinə görə istər-istəməz digər ağsaqqallardan ayırırdıq, sanki heç yaşlarını da hiss etmirdik. Ancaq bütün teatr fəaliyyətləri boyu sıravi rollarda çıxış etmiş qocamanlar da vardı ki, yenə onillər qabaq olduğu kimi, ikinci plan rolları ifa etməkdəydilər, sual oyadan da bu idi ki, məgər onlar belə əvəzedilməzdilərmi? Axı hiss edirdik ki, həmin surətlərin daha cavanlara tapşırılması mümkündür və biz cavanların aləmində guya bu, işin də xeyrinə olardı. Amma tərəddüd də yaranırdı ki, Mehdi Məmmədov (1918-1985), Tofiq Kazımov (1923-1980) kimi böyük sənətkarlar və ifrat tələbkar, çox ciddi rejissorlar bunu edirlərsə, demək, onların öz məntiqi var.
İllər ötdü, yaşımızın üstünə yaş, ağlımızın üstünə ağıl gəldi, dünənləri daha yaxşı öyrəndik və artıq həmin qocaman sənətkarlar da köçünü çəkib gedəndən sonra onların kimliyini daha həssaslıqla dərk etməyə başladıq. Səhnəyə, teatra baxışların, yanaşmaların, tələblərin və zövqlərin dəyişdiyi yeni çağlarda bu sahəyə gələn təzə aktyor nəsillərinin də, meydandakı cavan, ahıl rejissorların da arasında, yəqin ki, yaşı səksənə çatan, doxsana yaxınlaşan həmin köhnə aktyorları köhnəlmiş, nimdaşlaşmış sayanlar vardı. Ancaq vaxt ötdükcə bunu anladıq ki, yenilərin heç biri teatrı, səhnəni onlar kimi sevə bilmədi, onlar kimi ömrünün mənası, taleyi kimi qəbul etmədi. Onlar teatra, səhnəyə XX əsrin ilk onilliklərində bağlanmışdılar və dünyadan gedənə qədər bu məhəbbət hər birinin içərisində qaldı, sinələrində teatr eşqi daim ürək kimi döyündü. Heç vaxt baş rollarda çıxış etməmişdilər və rolun “böyüyü-kiçiyi olmaz” həqiqətini onlar təsəlli kimi yox, teatrın müqəddəs düsturu olaraq qavramışdılar. Onların arasında yaxın təmasda olduqlarımdan biri Hacıməmməd Qafqazlı (1898-1982), digəri Abbas Rzayev (1904-1976) idi.
Böyük Mehdi Məmmədov artıq xəstə, üzgün, səhnəyə çıxmaq halı olmayan, ancaq təbii ki, bütün varlığı ilə usta aktyor qalan Məmmədli Vəlixanlıya (1899-1969) hazırladığı radiotamaşada təkidlə rol verərək səsini yazanda həm çox nəcib, həm də yetərincə müdrik hərəkət edirdi. Ola bilsin, Mehdi Məmmədov, ya qeyri rejissor Abbas Rzayevə, Hacıməmməd Qafqazlıya rollar verəndə heç də onlardan istədiklərini axıracan ala bilmirdilər, ancaq əmin idilər ki, bu aktyorların lap epizod olaraq səhnədə görünməsiylə də teatrımızın dünəni ilə bugünü arasındakı enerji bağlılığı təmin olunur, Abbas Mirzə, Ülvi, Sidqi əyyamlarının klassik havası tamaşaçı salonunu doldurur. Onlar nəinki hər səhnəyə çıxmaqlarında, hətta teatrın binasına hər girişlərində özləriylə ora dünəni gətirirdilər. Onların hər biri tarix daşıyıcısı, yeriyən salnamə, xatirə boğçası idi. Kökslərində Azərbaycan teatrının enişli-yoxuşlu yolları haqqında saysız hekayətlər vardı. Bir tərəfdən sevinirəm ki, onların bir çoxunu elə həmən vaxtlar yazmışam, xatirələrini tarixləşdirmişəm, ancaq digər tərəfdən də dərindən təəssüflənirəm ki, niyə bunu daha çox etməmişəm.
Unudulmaz müğənnimiz Yavər xanım Kələntərlinin (1902-1979) tez-tez işlətdiyi bir zərbülməsəl vardı, deyərdi ki, “ondakı yaşım olaydı, indiki başım olaydı”.
Hacıməmməd Qafqazlı ilə 1970-ci illərin sonlarına doğru görüşmüşdük. Cahan Talışinskaya (1909-1967) haqqında radioda veriliş hazırlamaq istəyirdim. Onun Özbəkistan radiosunun səs xəzinəsindən Azərbaycanda bilinməyən və eşidilməmiş oxularını tapmışdım. Repressiyaya uğramış, bir vaxtlar oxularının radio səslənməsinə yasaq qoyulmuş, Azərbaycandan sürgün edilmiş bu ifaçını bütün parlaqlığı ilə yeni Azərbaycan dinləyicilərinə təqdim etmək niyyətindəydim. Onun haqqında xatirə söyləyə biləcək insanları arayanda mənə qohumu Hacıməmməd Qafqazlının sorağını verdilər. Getdim, tanış olduq, danışdıq, amma söhbətlərimiz yalnız Cahan Talışinskaya ilə bitmədi. Onun qiymətəsığmaz xatirələr dəfinəsi olduğunu anlayınca sonralar neçə dəfə diktofonu götürüb evinə yollandım, teatrımızın onillərin uzaqlarında qalan həyatı və xadimləri haqda çox yaddaşlarını lentə aldım. Hacıməmməd Qafqazlı köhnə kişi idi, Cəfər Cabbarlı ilə ibtidai məktəbdə bir yerdə oxumuşdu. Yada salırdı ki, ibtidai məktəbdən sonra təhsil yollarımız ayrıldı, mən başqa bir məktəbə getdim, Cəfər isə texniki məktəbə yollandı, hərdən o məktəbdə oxuyan Cəfəri küçədə dostları ilə gedən görərdim; onların məxsusi geyimi vardı – qızılı düymələr, çiyinlərində nişan, furajkalarında balta-çəkic emblemi, elə adama gendən “gəl-gəl” deyirdi, hamımız o geyimin həsrətini çəkərdik; bir dəfə Cəfərə zarafatla dedim ki, bu məktəbi oxuyub incinar olacaqsan? O isə gülümsünərək dedi ki, görək də.
Qismətmiş, yazıymış, Cəfər elə “incinar” – mühəndis olmalıymış. Fəqət hamının düşündüyü mənada, texniki sahədə çalışan “incinar” yox, insanların qəlbinə, ürəyinə nüfuz etməyi bacaran ruhlar mühəndisi!
Hacıməmməd Qafqazlını böyük teatra bağlayan da Cəfər olmuşdu.
Hacıməmməd Maştağada klub müdiri işləyirmiş, şəhərə hər yolu düşəndə imkan olduqca teatra gedərmiş. Bir gün yenə Bakıdaymış, küçələrdəki afişalardan bu axşam “Aydın”ın göstəriləcəyini bilincə qət edir ki, hökmən gedib baxsın, gecəni də şəhərdə qalsın.
Gedib biletini alır, tamaşaya baxır, Aydını oynayan Abbas Mirzənin ifası onu riqqətə gətirir, tamaşaçıların kəsilməyən alqışları, məktəb yoldaşının uğuru ürəyini fərəhlə doldurur, səhnə arxasına keçib Cəfəri təbrik edir. Cəfər ondan nə işlə məşğul olduğunu soruşub-bilincə kömək əlini uzadır və 1924-cü ildə Hacıməmməd artıq teatrda aktyor idi.
Xatırlayırdı ki, günlərin birində məşqdən sonra Cəfər mənə dedi ki, Hacı, gəlsənə gəzə-gəzə tip axtarmağa gedək.
Razılaşır, Cəfərlə Hacıməmməd olur, teatrın cavan aktyorlarından Hüseyn Rafi (əsl soyadı Əlizadə Hüseyn Gülbala oğlu; 1908-1964) də qoşulur onlara, gəlirlər Kömür meydanına.
Cəfər bu yeri seçməyinin səbəbini də belə izah edir ki, bura rayonlardan gələn çox olur, hərəsinin də bir hüsnü var.
Piyada gəzə-gəzə Şamaxı yolu ilə üzüyuxarı gedirlərmiş, gəlib çatırlar bazara: “Aləm bir-birinə qarışmışdı. Göyərti satanlar bir sırada, meyvə satanlar başqa sırada, yemiş-qarpız ortalığa tökülmüşdü. Biz meyvə satanlar sırasında başı papaqlı, nazik saqqallı ahıl bir kişi gördük, ona yanaşdıq”.
Bəlli olur ki, quru meyvə satan bu kişi Ordubaddandı, xəbər alanda ki, Məmməd Səidi tanıyırsanmı, deyir, necə yəni tanıyırsan, bir məhəllədənik.
Məşədi Dünyamalı adlı bu kişi başlayır danışmağa ki, öz bağlarındakı meyvələri necə yığıb çeşidləyirlər, həyətlərindəki ayrıca otaqda nə sayaq qurudurlar. Kişi danışırmış, Cəfər diqqətlə qulaq asırmış, bu xoşqılıq adam Cəfərgilə meyvə də təklif edir ki, götürün, pay verirəm.
Təşəkkür edib aralanırlar. Cəfərə meyvə nə lazım idi, onsuz da götürəcəyini götürmüşdü.
Beləcə, arılar hər çiçəkdən şirə yığan kimi, Cəfər Cabbarlı da gəzirmiş, baxırmış, danışdırırmış, müşahidə edirmiş, görüb-eşitdiklərini içərisində süzgəcdən keçirərək gələcək qəhrəmanlarının surətlərini biçirmiş.
Hacıməmməd Qafqazlının yadında Cəfərlə 1930-cu ilin iyununda Moskvada keçirilən Birinci Ümumittifaq Teatr Olimpiadasına getməkləri də hər anı ilə bir kinoxronika kimi qalmışdı. Leninqradda (indi – Sankt-Peterburq) 1 ay boyunca tamaşalar, konsertlər vermişdilər, çoxlu görüşləri olmuşdu, oradan Kazana yola düşmüşdülər, orada da bir-birindən maraqlı günlər. Yarım ayı Kazanda keçirəndən sonra Moskvaya çatmışdılar. Paytaxt tamaşaçıları qarşısında teatrımızın tamaşaları, aktyorlarımızın füsunkar ifalarının yaddaşa həkk olunmuş izləri, iki ay çəkən bu uzun və unudulmaz səfər əsnasında söz-söhbətlər Hacıməmməd Qafqazlının ömründəki xoşbəxtdən-xoşbəxt bir parçanın təsiri heç vaxt soyumayan, danışdıqca onu gəncləşdirən əks-sədaları idi (Həmin səfərdə aktyor Abbas Rzayev də iştirak etmişdi. O günlərdən bir neçə fotoşəkli əziz yadigarlar kimi saxlayırdı. Şəkillərdən biri Kazanda, böyük bir ziyafətdən sonra çəkilmişdi – Azərbaycan, Özbəkistan, Tatarıstan teatrlarının aktyorları, rejissorları, hamısı birlikdə, hamısının çöhrəsindən xoşbəxtlik yağır. Abbas müəllimdən xahiş etmişdim ki, verin şəklin üzünü çıxartdırım, sabah qaytararam. Razılaşmamışdı. “Sən nə danışırsan, bu, Cəfərlə bir yerdə olduğum yeganə şəkildir, o şəkildəkilərin çoxusu indi sağ deyil. Həyatımın ən gözəl gününün şəklidir. Mənim evimdə bu şəkildən qiymətli heç nə yoxdur. Gedək bir fotoatelyeyə, mənim yanımda bunun üzündən çəksinlər. Demişdim: “Axı sizə əziyyət olacaq”. Qayıtmışdı ki, neynək, əvəzində ürəyim arxayın olacaq, çəksinlər, şəkli götürüm, rahat gedim evə”. Fotoatelyeyə yox, “Qobustan” jurnalına getmişdik, fotoqraf dostum Tofiq Xanməmmədov xahişimi yerinə yetirmişdi. Təbii ki, fotoaparatla çoxlu adamın əks olunduğu bir fotodan çəkilən şəkil orijinaldakı kimi aydın alına bilməzdi. İndiyə nə var – skanerdən keçirirsən, kompüterdə işləyib şəkli əslindəkindən də yaxşı edə bilirsən. Ancaq o vaxt onu da qənimət bilmişdim. Aktyor Abbas Rzayevin şəxsi arxivi harasa təhvil verilibsə, həmin şəklin əsli, yəqin ki, oradadır. O şəklin bir nadirliyi də onda idi ki, arxasında azərbaycanlı, özbək, tatar sənətkarların, o sıradan Cəfər Cabbarlının imzası vardı).
Cəfər Cabbarlı Teatr Olimpiadasına Azərbaycan heyətinin rəhbərlərindən biri kimi gedibmiş və o səfər gedişində Hacıməmməd Qafqazlı sanki uşaqlıq dostunu yenidən kəşf etmişdi. Qocaman aktyor 1970-ci illərin bitəcəyində 50 ilə çatan bir uzaqlıqdakı hadisələrdən elə vəchlə danışırdı ki, sanki bütün bunlar elə dünən baş verib. Qafqazlını heyran qoyan və məmnun edən həm də buymuş ki, Leninqradın da, Tatarıstanın da, Moskvanın da teatr ictimaiyyəti, ziyalıları arasında Cəfərin nə qədər hörməti var.
O səfərin Hacıməmməd Qafqazlının heç cür unuda bilmədiyi bir anı da vardı. Axırıncı günmüş, lap az sonra yığışıb dəmiryol vağzalına yola düşməliymişlər. Baxırlar ki, Cəfər yoxdur.
Yarım saat ötür, bir saat keçir – nigaranmışlar ki, yəqin başında nəsə iş var, yoxsa belə yubanmazdı.
Vağzala yollanmaqlarına azacıq qalmış Cəfər əlində iri bir çamadanla gəlib çıxır. Soruşurlar ki, bu nədir, ay Cəfər?
Açır çamadanı, görürlər ki, ağzınacan cürbəcür uşaq oyuncaqları ilə doludur. Deyirlər ki, ay Cəfər, iki uşağın var, bu qədər oyuncaq nəyinə lazımdır?
Cəfər qımışır ki, çatacam Bakıya, qohum-əqrəba, qonşular hamısı tökülüb gələcək bizə. Belə oyuncaqlar Bakıda nə gəzir? Bizə gələcək dost-tanışın da hərəsinin evində iki-üç uşaq var. Oyuncaqlardan verəcəm, aparacaqlar, ata-analar da sevinəcək, uşaqlar da. Bundan gözəl nə hədiyyə ola bilər?!
Hacıməmməd Qafqazlı heç cür yaddan çıxara bilmədiyi oyuncaq əhvalatı ilə bağlı xatirəsini mənə danışanda o hadisədən yarım əsrədək vaxt keçirdi, indi mən bu təfərrüatları yazanda qocaman aktyordan həmin söhbəti eşitdiyim vaxtdan əlli ilə yaxın zaman ötür – üst-üstə bir əsr edir.
Qafqazlı kimi, mən də o anı unuda bilmirəm və həmin xatirəni bir rəmz kimi dərk edirəm.
Cəfər Cabbarlı həmvətənlərinə, insanlara, sevinclər bəxş etməkçün, onların ömrünü daha rövnəqli, daha yaşamalı etməkdən ötrü gələnlərdən idi. O özü də millətinə İlahinin göndərdiyi sevimli bir hədiyyə idi. 50 il, 100 il, daha nə qədər onillər ötsə də, köhnəlməyən, uşağı da, böyüyü də sevindirməkdə, ruhlandırmaqda davam edən hədiyyə.
14 iyul 2026
