Odlar.media xəbər verir ki, ümumi təhsil müəssisələrində şagirdlərin davranışlarının tənzimlənməsi və təhlükəsiz təhsil mühitinin təmin edilməsi məqsədilə müxtəlif səviyyələr üzrə qayda pozuntuları müəyyənləşdirilib.
Ən ağır pozuntular 5-ci səviyyəyə aid edilir. Bu kateqoriyaya şagirdlərin, müəllimlərin və məktəb mühitinin təhlükəsizliyinə ciddi təhdid yaradan davranışlar daxildir.
Qaydalara əsasən, Azərbaycan dövlətçiliyinə, milli dəyərlərə və dövlət rəmzlərinə hörmətsizlik, qəsdən ciddi fiziki xəsarət yetirmə, cinsi zorakılıq, təhlükəsizlik qaydalarını ciddi xəsarət və ya ölümə səbəb ola biləcək formada pozma 5-ci səviyyəli qayda pozuntusu hesab olunur.
Həmçinin ekskursiyalar zamanı nəqliyyat təhlükəsizliyini riskə atan davranışlar, başqalarının əmlakına və ya məktəb əşyalarına qəsdən ziyan vurmaq, qanunsuz dərman vasitələri və qadağan olunmuş əşyaları məktəbə gətirmək, istifadə etmək və ya satmaq da ağır pozuntu sayılır.
Məxfilik hüquqlarının ciddi şəkildə pozulması, məktəbin, müəllim və şagirdlərin nüfuzuna ciddi zərər vuran hərəkətlər, məktəbə silah və ya təhlükə yaradan digər qadağan olunmuş əşyaların gətirilməsi də bu kateqoriyaya daxildir.
Bundan başqa, akademik nəticələrin saxtalaşdırılması və bunun müqabilində məktəb əməkdaşlarına pul, hədiyyə, xidmət və ya digər maddi nemətlər təklif edilməsi də 5-ci səviyyəli pozuntu hesab olunur. Qeyri-etik və ağır təhqiramiz məzmunlu materialların əldə edilməsi və yayılması da bu siyahıya daxildir.
Belə hallarda hansı tədbirlər görülə bilər?
5-ci səviyyəli qayda pozuntusuna yol verən şagirdlərlə bağlı aşağıdakı tədbirlər tətbiq oluna bilər:
Şagird məktəb psixoloquna yönləndirilir;
Dərsdən sonra bir neçə dəfə özünürefleksiya prosesinə cəlb edilir;
Valideynə və ya qanuni nümayəndəyə rəsmi bildiriş göndərilir;
Müəllim, valideyn, məktəb rəhbərliyi və direktorun iştirakı ilə görüş keçirilir;
Zəruri hallarda sosial xidmət mərkəzlərinə müraciət olunur;
Şagird barədə Yetkinlik Yaşına Çatmayanlarla İş və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya (YYÇİ) və ya yerli polis idarəsinin aidiyyəti şöbəsinə məlumat verilə bilər.
Hadisənin xarakterindən asılı olaraq prosesə şahidlər, müəllim, məktəb rəhbərliyi, psixoloq, direktor, valideyn və zərurət yarandıqda sosial xidmət əməkdaşları cəlb edilə bilər.
Məktəb direktorunun qərarı ilə yerli icra hakimiyyəti yanında fəaliyyət göstərən YYÇİ və hüquq müdafiəsi üzrə komissiya, eləcə də ərazi üzrə yetkinlik yaşına çatmayanlarla profilaktik iş aparan polis əməkdaşları da prosesə qoşula bilərlər.
Baş vermiş hadisə sinif davranış jurnalında qeydə alınır, bildiriş məktubunun surəti saxlanılır, psixoloqun apardığı iş və keçirilən görüşlərin nəticələri müvafiq qaydada sənədləşdirilir.
