
Мənim qız qardaşım
SOSİALİST ƏMƏYİ QƏHRƏMANI QIZQAYIT HƏSƏNOVAYA İTHAF EDİRƏM.
Görüşdük yenə də, dedin: «Gün aydın!
Nə yaxşı, qardaşım, bizləri saydın!»
Nurlu şəfqətini ruhuma yaydın.
Gərək bu mərdliklə kişi olaydın!
Bütün yer üzünə haray salaydın,
Sən ey könüldaşım Qızqayıt bacı,
Mənim qız qardaşım Qızqayıt bacı!
Əllərin şölələr saçır daşlara,
Güllərin müjdələr açır quşlara,
Zəfərin zirvədir uca başlara,
Vətənin aşiqi vətəndaşlara,
Sevincli gözlərdə gülən yaşlara
Aşiq vətəndaşım, Qızqayıt bacı,
Mənim qız qardaşım Qızqayıt bacı!
Uydum gözəlliyin ən nəfisinə,
Işıqlı duyğuna, parlaq hissinə,
Ramiz Mirişlinin musiqisinə,
Onun ən səmimi bir şərqisinə,
Könüldən səsinə, candan səsinə
Qarışdı təlaşım, Qızqayıt bacı,
Mənim qız qardaşım Qızqayıt bacı!
Yaxşı yadımdadır, bir güllü yazdı,
Tanış qulaq asdı, dost qulaq asdı,
Ellər bu nəğməni bağrına basdı,
Görənlər dedi ki, tərifim azdı,
Səndən şeir yazdı, məqalə yazdı
Neçə can sirdaşım, Qızqayıt bacı!
Mənim qız qardaşım Qızqayıt bacı!
Muğan bir zamanlar cəhənnəm olmuş,
O sənin sayəndə bir aləm olmuş,
Dövrənə oğullar, qızlar cəm olmuş,
Bahar da, payız da xoşqədəm olmuş,
Gələndə bir dəftər, bir qələm olmuş
Mənim yol yoldaşım, Qızqayıt bacı,
Sən ey qız qardaşım, Qızqayıt bacı!
Mən sənə demişdim bir xitabımda,
Şeirin olmalıdır hər kitabımda,
Əzəldən sədaqət vardır qabımda,
Əhdimə vəfamı duy rübabımda,
Yanılan deyiləm öz hesabımda,
Pis deyil yaddaşım, Qızqayıt bacı,
Mənim qız qardaşım Qızqayıt bacı!
Halaldır evində çörəyin, duzun,
Bilir qiymətini yurdun, ulusun,
Bir ikid oğlun var, iki mərd qızın,
Könlünüz şən olsun, ömrünüz uzun,
Parlasın cahanda qoşa ulduzun,
Mən də aşıb-daşım, Qızqayıt bacı,
Sən ey qız qardaşım, Qızqayıt bacı!
Müəllif: RƏFİQ ZƏKA XƏNDAN.
1983.
Hazırladı: Fuad Biləsuvarlı
Mənbə: Odlar.media
