Odlar.media xəbər verir ki, “Euronews”da Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı geniş məqalə dərc olunub.
Məqalədə səfərin əsas nəticələrindən biri kimi Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması və müxtəlif sahələrdə yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsi qeyd olunub.
Yazıda bank, energetika, turizm, mədənçilik, geologiya, kimya, tikinti, maliyyə və kənd təsərrüfatı sahələrində əlaqələrin inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, tərəflər 2030-cu ilədək ikitərəfli ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasını hədəfləyirlər.
Orta Dəhliz və Trans-Xəzər əməkdaşlığı
“Euronews” Azərbaycan və Özbəkistanın Trans-Xəzər marşrutu və Orta Dəhliz çərçivəsində əməkdaşlığına da xüsusi diqqət ayırıb.
Məqalədə qeyd olunur ki, iki ölkə Orta Dəhlizdə bağlantı imkanlarının gücləndirilməsi, logistika infrastrukturunun inkişaf etdirilməsi və Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında yükdaşımaların artırılması istiqamətində əməkdaşlıq edir.
Prezident İlham Əliyevin Azərbaycanla Mərkəzi Asiyanı “vahid geosiyasi və geoiqtisadi region” kimi xarakterizə etməsi də yazıda diqqətə çatdırılıb.
Xəzərdə nəqliyyat imkanları genişləndirilir
Məqalədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Xəzər dənizində birgə donanmanın yaradılması üzrə işlərin sürətləndirilməsi ilə bağlı açıqlamasına da yer verilib.
Bildirilib ki, 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında tranzit yükdaşımalarının həcmi 1,4 milyon tona çatıb. 2026-cı ilin ilk yarısında isə bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz artaraq 675 min ton təşkil edib.
Prezident İlham Əliyevin sözlərinə görə, tikintisi davam edən Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu gələcəkdə Orta Dəhliz və Cənubi Qafqaz üzərindən keçən digər nəqliyyat marşrutları ilə əlaqələndirilə bilər.
Avropa İttifaqının Orta Dəhlizə marağı
“Euronews” Avropa İttifaqının Trans-Xəzər şəbəkəsinə və Orta Dəhlizə dəstəyindən də bəhs edib.
Məqalədə Aİ-nin əsas məqsədlərindən birinin Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrini sürətləndirmək olduğu qeyd olunur. Hədəf yükdaşımaların iki region arasında 15 gün və ya daha az müddətdə həyata keçirilməsidir.
Azərbaycan, Qazaxıstan və Özbəkistandan “yaşıl enerji dəhlizi”
Enerji əməkdaşlığı da məqalənin əsas mövzularından biri olub.
Azərbaycan, Qazaxıstan və Özbəkistanın “yaşıl enerji dəhlizi” yaratmaq üzərində çalışdığı bildirilib. Layihənin əsas məqsədi üç ölkənin elektrik sistemlərini birləşdirmək və gələcəkdə Qazaxıstan və Özbəkistanda istehsal olunan bərpa olunan enerjinin Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra isə Avropa bazarlarına çatdırılmasına imkan yaratmaqdır.
2027-ci ildə birgə dünya çempionatı
Məqalədə Azərbaycan və Özbəkistanın 2027-ci ildə FIFA U-20 Dünya Kubokuna birgə ev sahibliyi edəcəyi də vurğulanıb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev turnirə hazırlıq çərçivəsində “İki ölkə – bir çempionat” adlı birgə proqramın həyata keçiriləcəyini açıqlayıb.
Mədəniyyət, turizm və şəhərlərarası əlaqələr
İki ölkə arasında pensiya sistemi, mədəniyyət, turizm, xarici işlər və ədliyyə sahələrində əməkdaşlıq üzrə müxtəlif sazişlərin imzalandığı qeyd olunub.
Şəhərlərarası əməkdaşlıq çərçivəsində isə Urgenç şəhərinin Xankəndi və Naxçıvanla, Buxaranın isə Laçınla tərəfdaşlıq əlaqələri quracağı bildirilib.
Daşkənddə Nizami adına universitet və Azərbaycan Parkı
Məqalədə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin Yeni Daşkənddə Nizami adına Milli Pedaqoji Universitetin yeni kampusunun açılışını həyata keçirdikləri də qeyd olunub.
40 hektar ərazini əhatə edən kampusun 20 min tələbə üçün nəzərdə tutulduğu bildirilib.
Bundan başqa, Yeni Daşkənddə 4 hektar ərazidə Azərbaycan Parkının yaradılması üzrə işlərə başlanıldığı qeyd edilib. Parkın Bakıda yaradılması planlaşdırılan Özbəkistan Parkına bənzər konsepsiya əsasında qurulacağı bildirilib.
