Odlar.media xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak İsrail ilə Türkiyə arasında hərbi qarşıdurma riskinin ciddi şəkildə artdığını bildirib.
Səfirin sözlərinə görə, bölgədə əsas təhlükə İsrailin niyyətlərindən daha çox Türkiyənin İsrailin qəfil addımlarına necə reaksiya verəcəyidir.
Tom Barrak İsrailin Suriyanın İdlib əyalətində yerləşən “Əbu əl-Duhur” aviabazasına endirdiyi zərbələri xatırladaraq bildirib ki, həmin hərbi obyekt Türkiyə sərhədinə yaxın ərazidə yerləşir. Onun sözlərinə görə, Ankara həmin vaxt təmkin nümayiş etdirib.
“Lakin hərbçilər yaxınlaşan təyyarələri gördükdə və onların məqsəd və niyyətlərini bilmədikdə təmkin nümayiş etdirmək çətinləşir. Bu halda Türkiyə təyyarələrini havaya qaldırmaq məcburiyyətində qala bilər. Regional müharibələr heç kim tərəfindən planlaşdırılmasa belə, məhz belə başlaya bilər”, – deyə səfir vurğulayıb.
Barrak bildirib ki, İsrail Türkiyənin hərbi aktivlərini sözügedən aviabazaya yerləşdirə biləcəyi ilə bağlı kəşfiyyat məlumatı əldə edib. Onun sözlərinə görə, Vaşinqton məsələni araşdırıb və belə bir məlumatın doğru olmadığını təsdiqləyib.
Buna baxmayaraq, İsrailin nə ABŞ-a, nə də Türkiyəyə əvvəlcədən məlumat vermədən hərbi bazaya zərbə endirdiyini deyən səfir bununla vəziyyətin İsrail-Suriya qarşıdurması çərçivəsindən çıxdığını və daha təhlükəli mərhələyə keçdiyini qeyd edib.
Qeyd edək ki, daha əvvəl İsrail Hərbi Hava Qüvvələri Suriyanın İdlib əyalətinin şərqində yerləşən “Əbu əl-Duhur” hərbi aviabazasının uçuş-enmə zolağına səkkiz zərbə endirib.
