Tarixin dəyişməz həqiqətlərindən biri də budur ki, ayrı-ayrı tarixi şəxsiyyətlər haqqında mübahisələr zaman-zaman səngimək əvəzinə daha da qızışa bilər. Şah İsmayıl Xətai ilə bağlı müzakirələrin də artıq həddindən artıq uzandığını söyləmək mümkündür. Bəzən bu mübahisələr elmi araşdırma sərhədlərindən çıxaraq emosional müstəviyə keçir, hətta ayrı-ayrı şəxsi və siyasi yanaşmaların ifadəsinə çevrilir.
Tarixə münasibətdə ən mühüm prinsip isə faktlara söykənməkdir. Tarixi şəxsiyyətləri yalnız bugünkü siyasi, dini və ictimai baxışlarımızın prizmasından qiymətləndirmək düzgün deyil. Çünki hər bir tarixi hadisə öz dövrünün siyasi, sosial, dini, iqtisadi və hərbi reallıqları daxilində dəyərləndirilməlidir.
Şah İsmayıl Xətai də məhz belə mürəkkəb və ziddiyyətli bir tarixi dövrdə meydana çıxmış böyük şəxsiyyətlərdəndir.
Şah İsmayıl sadəcə tarix kitablarının bir səhifəsi deyil. O, yaşadığı dövrün siyasi mənzərəsini dəyişən, böyük ərazilərdə dövlətçilik proseslərinə təsir göstərən, yeni siyasi güc mərkəzi yaradan və nəticə etibarilə regionun xəritəsinin yenidən formalaşmasına səbəb olan nəhəng tarixi simadır.
Səfəvilər dövlətinin meydana gəlməsi Azərbaycan və ümumilikdə Yaxın və Orta Şərq tarixində mühüm dönüş nöqtələrindən biri hesab olunur. Şah İsmayılın siyasi iradəsi və hərbi bacarığı nəticəsində geniş əraziləri əhatə edən böyük bir dövlət quruldu. Bu dövlət sonrakı əsrlər ərzində regionun siyasi proseslərində mühüm rol oynadı.
Şah İsmayılın şəxsiyyətini yalnız hökmdar və sərkərdə kimi qiymətləndirmək də onun tarixi portretini tam əks etdirmir. O, eyni zamanda söz sənətinə böyük maraq göstərən, Azərbaycan türkcəsində əsərlər yaradan və Xətai təxəllüsü ilə Azərbaycan ədəbiyyatının tarixində özünəməxsus iz qoyan şairdir.
Bu baxımdan Şah İsmayılın şəxsiyyətində dövlətçilik, hərbi-siyasi fəaliyyət və ədəbi yaradıcılıq bir-birini tamamlayan mühüm istiqamətlər kimi meydana çıxır.
Onun Azərbaycan türkcəsində poetik irs yaratması xüsusilə əhəmiyyətlidir. Çünki dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli yaddaşın, mədəni kimliyin və mənəvi irsin əsas daşıyıcılarından biridir. Xətainin yaradıcılığı bu baxımdan Azərbaycan ədəbi dilinin və poeziyasının inkişaf tarixində mühüm mərhələlərdən biri kimi dəyərləndirilə bilər.
Əlbəttə, Şah İsmayılın fəaliyyəti haqqında yalnız müsbət məqamları sadalamaqla kifayətlənmək də elmi yanaşma olmazdı. O, XVI əsrin mürəkkəb siyasi mühitində böyük imperiya uğrunda mübarizə aparan hökmdar idi. Həmin dövrdə Osmanlı imperiyası ilə Səfəvilər arasında gedən siyasi və hərbi qarşıdurmalar regionun taleyinə ciddi təsir göstərirdi.
Şah İsmayılın da siyasi və hərbi fəaliyyətində müəyyən səhvlər, mübahisəli qərarlar və ağır nəticələr doğuran hadisələr olmuşdur. Lakin həmin məsələləri araşdırmaq, səbəb və nəticələrini müəyyənləşdirmək, hadisələri dövrün reallıqları çərçivəsində təhlil etmək peşəkar tarixçilərin işidir.
Tarixi araşdırma sual verməyi, müzakirə aparmağı və fərqli fikirləri dinləməyi tələb edir. Ancaq tarixi şəxsiyyətlər haqqında fikir yürüdərkən emosional yanaşma ilə elmi yanaşmanı bir-birindən ayırmaq vacibdir.
Şah İsmayıl kimi beş əsr əvvəl yaşamış böyük tarixi şəxsiyyətə XXI əsrin insanının dünyagörüşü ilə hökm vermək tarixi anlamaq deyil. Hər bir dövrün öz siyasi sistemi, düşüncə tərzi, dövlətçilik anlayışı, dini münasibətləri, hərbi qaydaları və sosial reallıqları var. Bu reallıqları nəzərə almadan verilən hökm isə nə qədər sərt səslənsə də, tarixə elmi münasibət sayıla bilməz.
Bu səbəbdən Şah İsmayıl haqqında mübahisələr aparılarkən ilk növbədə onun hansı dövrdə yaşadığı, hansı siyasi şəraitdə hakimiyyətə gəldiyi, hansı məqsədləri qarşısına qoyduğu və həmin məqsədlərə çatmaq üçün hansı vasitələrdən istifadə etdiyi araşdırılmalıdır.
Tarixi faktları müasir siyasi və ideoloji mübahisələrin alətinə çevirmək isə cəmiyyətə fayda vermir.
Beş yüz il əvvəl baş vermiş hadisələri dəyişmək mümkün deyil. Tarix artıq yaşanıb. Bizim vəzifəmiz həmin tarixi təhrif etmək və ya onu özümüzə sərf edən şəkildə yenidən yazmaq yox, ondan nəticə çıxarmaqdır.
Tarixə hörmət həm də onun bütün mürəkkəbliyi ilə qəbul edilməsidir. Böyük şəxsiyyətləri bütləşdirmək də, onları tamamilə qaralamaq da obyektiv yanaşma deyil. Əsl tarixçilik şəxsiyyətin həm nailiyyətlərini, həm də səhvlərini ortaya qoyur, onun fəaliyyətini öz dövrünün reallıqları əsasında təhlil edir.
Şah İsmayıl Xətai məsələsində də ən doğru yol budur: emosiyalardan uzaq durmaq, elmi araşdırmalara söykənmək və tarixi şəxsiyyəti bütöv şəkildə dəyərləndirmək.
Çünki tarix yalnız keçmiş haqqında məlumat toplusu deyil. Tarix həm də cəmiyyətlərin yaddaşıdır. Öz tarixini bilməyən xalq gələcək haqqında sağlam qərarlar verməkdə çətinlik çəkə bilər.
Ona görə də biz tarixdə həddindən artıq “qurdalanmaq” üçün deyil, tarixdən nəticə çıxarmaq üçün dayanmalıyıq. Keçmişin səhvlərini təkrarlamamaq, uğurlu dövlətçilik nümunələrini öyrənmək, milli-mədəni irsimizi qorumaq və gələcək üçün daha düzgün yol müəyyənləşdirmək tarix öyrənməyin əsas məqsədlərindən biri olmalıdır.
Tarix keçmişlə gələcək arasında körpüdür. Biz o körpünü dağıtmaq yox, ondan keçərək gələcəyə doğru irəliləmək məcburiyyətindəyik.
Şah İsmayıl Xətai də Azərbaycan tarixinin bu böyük və mürəkkəb səhifələrindən biridir. Onun irsini öyrənmək, fəaliyyətini elmi şəkildə araşdırmaq və tarixdən düzgün nəticələr çıxarmaq lazımdır.
Çünki tarix bizim arxamızda qalan yol deyil, gələcəyimizi qurarkən yolumuzu işıqlandıran yaddaşdır.
Müəllif: Əməkdar jurnalist, professor Qulu Məhərrəmli
Mənbə: Odlar.media
