🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:59   •   🌡️ Bakı

Türkiyə Qara dənizdə təhlükəsizlik tədbirlərini sərtləşdirdi: gəmilərin keçidinə məhdudiyyət

Odlar.media xəbər verir ki, Türkiyə Qara dənizdə kommersiya gəmilərinə qarşı hücumların artması fonunda bölgəyə daxil olan bəzi gəmilərin boğazlardan keçidinə məhdudiyyətlər tətbiq etməyə başlayıb.

“Bloomberg”in məsələ ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, Ankara xüsusilə Rusiya və Ukraynaya məxsus və ya bu ölkələrlə əlaqəli gəmilərə qarşı hücumların intensivləşməsindən narahatdır.

Məlumata əsasən, Türkiyənin Dəniz Təhlükəsizliyi Baş İdarəsi Rusiyanın əsas neft və taxıl ixrac mərkəzlərindən biri hesab olunan Novorossiysk limanına istiqamətlənən bir sıra gəmilərə boğazlardan keçmək üçün icazə verməyib. Bəzi müraciətlərin isə əlavə araşdırma aparılması məqsədilə təxirə salındığı bildirilir.

Bu addım Türkiyənin Dardanel boğazı vasitəsilə Qara dənizə həyata keçirilən kommersiya gəmiçiliyinə nəzarəti gücləndirdiyini göstərir.

Hazırda məhdudiyyətlərin nə qədər müddət davam edəcəyi məlum deyil. Eyni zamanda, tədbirlərin bütün kommersiya gəmilərinə, yoxsa yalnız müəyyən istiqamətlər üzrə hərəkət edən gəmilərə şamil ediləcəyi ilə bağlı Ankara tərəfindən rəsmi açıqlama verilməyib.