
Son günlər Rusiya-Ermənistan münasibətləri fonunda Qarabağ mövzusunun yenidən gündəmə gətirilməsi hüquqi və siyasi əsas daşıyırmı? Bu cəhdlərin arxasında hansı məqsədlər dayanır? Regionda formalaşmış yeni reallıqlar fonunda bu proseslər necə qiymətləndirilməlidir?
Odlar.media–nın bu və digər suallarını professor, siyasi şərhçi, Əməkdar jurnalist Qulu Məhərrəmli cavablandırır.
Professorun fikrincə, Moskva ilə İrəvan arasında mövcud olan fikir ayrılıqları və siyasi müzakirələr Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirilməməli, bu istiqamətdə aparılan manipulyativ cəhdlərə son qoyulmalıdır.
Qulu Məhərrəmli bildirib ki, beynəlxalq erməni diasporu, Rusiyada fəaliyyət göstərən bəzi erməni təşkilatları, eləcə də Qarabağ separatizminə uzun illər açıq dəstək vermiş ayrı-ayrı siyasətçilər və məmurlar tarixə qovuşmuş qondarma “Artsax” layihəsini yenidən gündəmə gətirməyə çalışırlar. Onun sözlərinə görə, Stavropolda “nostalji” xarakterli erməni abidəsinin açılması, həmçinin bəzi Rusiya rəsmilərinin vaxtaşırı səsləndirdiyi separatizm çaları daşıyan açıqlamalar həmin dairələrin hələ də regionda yaranmış yeni reallığı qəbul etmədiyini göstərir.
Şərhçinin sözlərinə görə, 2020-ci ilin Vətən müharibəsindən sonra formalaşan yeni geosiyasi reallıq Qarabağ məsələsini birdəfəlik həll edib və Azərbaycanın öz suverenliyini tam bərpa etməsi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirilib. Buna baxmayaraq, müəyyən dairələrin müxtəlif platformalarda köhnə iddiaları yenidən gündəmə gətirməsi bölgədə sabitliyə və sülhə xidmət etmir.
Qulu Məhərrəmli qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyəti ilə bağlı müzakirələrin yenidən alovlandırılması da təsadüfi deyil. Onun fikrincə, real siyasi çəkisi və təsir imkanları ciddi şəkildə zəifləyən bu qurum ətrafında aparılan müzakirələr daha çox Ermənistanın daxili siyasi auditoriyasına hesablanıb.
Professor xatırladıb ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Qvardeysk” Gənclər Forumunda çıxışı zamanı 2020-ci ildə KTMT-nin müharibəyə müdaxilə etməməsinin səbəbini Ermənistanın Qarabağı nə öz ərazisi, nə də müstəqil dövlət kimi tanımaması ilə izah edib.
Qulu Məhərrəmli hesab edir ki, bu arqument hüquqi baxımdan mübahisəlidir. Çünki Qarabağ beynəlxalq hüquqa əsasən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb və bunu Rusiya da dəfələrlə rəsmi şəkildə təsdiqləyib.
Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin bu açıqlamaya verdiyi cavab tam əsaslıdır. Rəsmi Bakı haqlı olaraq vurğulayıb ki, Qarabağın hüquqi statusu ilə bağlı heç vaxt beynəlxalq səviyyədə mübahisə olmayıb və KTMT məsələsinin Ermənistanın Qarabağı tanıyıb-tanımaması ilə əlaqələndirilməsi doğru yanaşma deyil.
Qulu Məhərrəmli bildirib ki, Moskva ilə İrəvan arasında yaşanan siyasi fikir ayrılıqları, təhlükəsizlik məsələləri və qarşılıqlı ittihamlar ikitərəfli münasibətlər müstəvisində qiymətləndirilməlidir. Azərbaycan bu proseslərin tərəfi deyil və onun adının bu müzakirələrə daxil edilməsi nə hüquqi, nə də siyasi baxımdan məqbul sayıla bilməz.
Professorun fikrincə, regionda dayanıqlı sülhün təmin olunması üçün ilk növbədə keçmiş separatçı layihələrin dirçəldilməsi cəhdlərindən imtina edilməli, Cənubi Qafqazda formalaşmış yeni reallıqlar qəbul olunmalıdır.
O vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib və bu fakt artıq beynəlxalq münasibətlər sisteminin dəyişməz reallığıdır.
Qulu Məhərrəmli sonda bildirib ki, Rusiya-Ermənistan münasibətlərinə aid istənilən məsələ məhz həmin iki dövlət arasında mövcud olan siyasi münasibətlər kontekstində dəyərləndirilməli, Azərbaycanın adı isə bu proseslərə süni şəkildə cəlb edilməməlidir. Onun sözlərinə görə, belə bir yanaşma həm beynəlxalq hüququn prinsiplərinə, həm də regionda sabitliyin qorunmasına xidmət edəcək.
Mənbə: Odlar.media
