Tarixin elə məqamları var ki, onların əhəmiyyəti baş verdiyi dövrün hüdudlarını aşaraq gələcək əsrlərin siyasi, elmi və mənəvi istiqamətini müəyyənləşdirir. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay da məhz belə hadisələrdəndir. Bir əsr sonra həmin qurultayın 100 illiyinin yenidən Azərbaycanda qeyd olunması türk dünyasının yeni inkişaf mərhələsinin məhz Bakıda nümayiş etdirilməsi idi.
Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd edilməsi haqqında” sərəncamı ilə təşkil olunan “Türk Dünyası Həftəsi” göstərdi ki, 100 il əvvəl əsası qoyulan ideyalar bu gün artıq elmi müstəvidən çıxaraq siyasi, iqtisadi və humanitar əməkdaşlığın real mexanizminə çevrilməkdədir.
Birinci Türkoloji Qurultay dünya türkologiyasının tarixində dönüş nöqtəsi hesab olunur. İlk dəfə müxtəlif ölkələrdən gəlmiş alimlər vahid platformada türk dillərinin inkişafı, əlifba islahatı, tarix, ədəbiyyat, folklor, etnoqrafiya və mədəni irsin qorunması kimi fundamental məsələləri müzakirə etdilər. Həmin müzakirələr zahirdə elmi xarakter daşısa da, onların mahiyyətində daha böyük bir ideya dayanırdı. Qurultay parçalanmış coğrafiyalarda yaşayan türk xalqlarının ortaq kimlik şüurunun formalaşmasına xidmət edən intellektual hərəkat idi. Sonrakı repressiyalar bu ideyaların müəlliflərini susdura bildi, lakin onların irəli sürdüyü düşüncə sistemini tarixdən silə bilmədi.
Qurultayın məhz Bakıda keçirilməsi də təsadüfi deyildi. Görkəmli şərqşünas Vasili Bartold yazırdı ki, əksər əhalisi türk olan respublikalar arasında Azərbaycan və onun paytaxtı Bakı universitet və ümumilikdə elmi həyatın səviyyəsinə görə seçilirdi. Bu qiymətləndirmə həmin dövrdə Bakının türkoloji araşdırmaların əsas mərkəzi kimi qəbul olunduğunu göstərirdi. Bu gün isə eyni şəhər artıq fərqli statusa malikdir. Əgər 1926-cı ildə Bakı elmi potensialına görə seçilirdisə, 2026-cı ildə o, türk dünyasının elmi, siyasi və humanitar inteqrasiyasını birləşdirən aparıcı platforma kimi çıxış edir.
“Türk Dünyası Həftəsi” də məhz bu reallığın nümayişinə çevrildi. Bu tədbirlər silsiləsi mədəni proqramların məcmusu olmaqdan daha geniş məna daşıyırdı. Tədbir göstərdi ki, türk dövlətləri arasında əməkdaşlıq artıq yalnız ortaq tarix və mədəniyyət amili ilə məhdudlaşmır. Bu gün qarşılıqlı münasibətlər nəqliyyat, enerji təhlükəsizliyi, logistika, rəqəmsal iqtisadiyyat, elm, təhsil və humanitar siyasət kimi strateji istiqamətlər üzrə inkişaf edir. Belə bir şəraitdə ortaq tarixi yaddaş həm də gələcək əməkdaşlığın siyasi dayaqlarından birinə çevrilir. Müasir beynəlxalq münasibətlər sistemində regional birliklərin rolu getdikcə artır.
Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə ortaq maraqlara malik dövlətlərin koordinasiyalı fəaliyyəti onların iqtisadi və siyasi dayanıqlılığını müəyyən edən əsas amillərdən hesab olunur. Türk Dövlətləri Təşkilatının son illər institusional baxımdan güclənməsi də bu prosesin mühüm göstəricisidir. Xəzər hövzəsi üzərindən keçən Orta dəhlizin inkişafı, enerji marşrutlarının şaxələndirilməsi, nəqliyyat-kommunikasiya layihələrinin genişlənməsi və rəqəmsal transformasiya türk dövlətlərinin geoiqtisadi çəkisini daha da artırır. “Türk Dünyası Həftəsi”ndə səsləndirilən fikirlər göstərdi ki, bu əməkdaşlıq modeli gələcəkdə daha geniş strateji məzmun qazanacaq. Bu prosesdə Azərbaycanın rolu xüsusi diqqət çəkir. Son illər həyata keçirilən uğurlu xarici siyasət nəticəsində ölkə Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat və enerji mərkəzinə çevrilib.
Qarabağda əldə olunan tarixi Zəfərdən sonra regionda formalaşmış yeni geosiyasi reallıq Azərbaycanın mövqeyini daha da gücləndirib. Bu gün Bakı yalnız beynəlxalq tədbirlərin keçirildiyi şəhər deyil, həm də türk dövlətlərinin gələcəyinə dair strateji qərarların və ortaq baxışların müzakirə olunduğu əsas siyasi platformalardan biridir. Bu status təsadüfən qazanılmayıb. O, ardıcıl diplomatik fəaliyyətin, iqtisadi gücün və regional təşəbbüslərin məntiqi nəticəsidir. Birinci Türkoloji Qurultayın yüzilliyi münasibətilə keçirilən tədbirlər bir daha göstərdi ki, ortaq gələcəyin qurulması yalnız siyasi sənədlərlə mümkün deyil. Bunun üçün güclü humanitar baza formalaşdırılmalıdır. Türk dillərinin öyrənilməsi, ortaq terminoloji sistemin hazırlanması, universitetlər arasında əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqatların əlaqələndirilməsi və akademik mübadilə proqramlarının inkişafı gələcək inteqrasiyanın əsas istiqamətlərindəndir. Elm və təhsil sahəsində qurulan əməkdaşlıq uzunmüddətli strateji tərəfdaşlığın ən etibarlı təminatıdır.
Yubiley tədbirlərində səsləndirilən fikirlərdən biri də türk mədəni irsinin bütöv şəkildə öyrənilməsinin vacibliyi idi. Xüsusilə türk naxışlarının ortaq mədəni yaddaşın daşıyıcısı kimi qiymətləndirilməsi diqqət çəkirdi. Vurğulandı ki, xalçalarda, kilimlərdə, memarlıq abidələrində və digər tətbiqi sənət nümunələrində yaşadılan ornamentlər yalnız estetik element deyil, minilliklər boyu formalaşmış dünyagörüşünün, həyat fəlsəfəsinin və mənəvi dəyərlərin simvolik ifadəsidir. Həyat ağacı motivi, həndəsi kompozisiyalar və digər ornamentlər türk sivilizasiyasının yazısız salnaməsi kimi bu gün də öz aktuallığını qoruyur.
Tarixi irsin araşdırılması kontekstində Göytürk imperiyasının irsi də xüsusi vurğulandı. Tarixdə “türk” adını ilk dəfə rəsmi dövlət adı kimi daşıyan bu imperiyanın Azərbaycan türkləri də daxil olmaqla müasir türk xalqlarının etnik və mədəni formalaşmasında mühüm rol oynadığı qeyd edildi. Bu fakt türkoloji araşdırmaların yalnız keçmişi öyrənməyə deyil, ortaq kimliyin elmi əsaslarının möhkəmləndirilməsinə xidmət etdiyini bir daha göstərir.
Birinci Türkoloji Qurultayın iştirakçılarından olan Strasburq nümayəndəsi Menzelin vaxtilə söylədiyi bir fikir bu gün də aktuallığını saxlayır. O qeyd edirdi ki, qurultay yalnız türkoloji məsələləri deyil, sivilizasiyalararası mədəni əlaqələrin gələcək perspektivlərini də müəyyənləşdirməyə çalışırdı. Əslində, bu baxış indi daha geniş miqyasda öz təsdiqini tapır. Azərbaycanın evsahibliyi etdiyi “Türk Dünyası Həftəsi” də mədəniyyətlər arasında dialoqu, qarşılıqlı anlaşmanı və ortaq humanitar məkanın formalaşdırılmasını təşviq edən mühüm təşəbbüs kimi çıxış edir.
Tarixini qoruyan xalqlar gələcəyini daha inamla qururlar. Birinci Türkoloji Qurultayın yüzillik yubileyinin dövlət səviyyəsində keçirilməsi də məhz bu prinsipə söykənir. Bu yubiley keçmişə ehtiramın ifadəsi olmaqla yanaşı, gələcəyə ünvanlanan strateji baxışın nümayişidir. Yüz il əvvəl Bakıda səslənən ideyalar bu gün yeni məzmun qazanaraq türk dövlətləri arasında əməkdaşlığın intellektual dayaqlarını formalaşdırır. Azərbaycan isə həmin böyük irsin, sadəcə, qoruyucusu deyil, onun müasir mərhələdə inkişafını təmin edən əsas təşəbbüskarlarından biri kimi çıxış edir.
Bir əsr əvvəl dünya türkologiyasının taleyini müəyyən edən şəhər bu gün türk dünyasının gələcəyinə dair strateji müzakirələrin aparıldığı mərkəzə çevrilib. Bu, tarixin təsadüfi deyil. Bu, Azərbaycanın ardıcıl dövlət siyasətinin, zəngin elmi ənənələrinin və türk dünyasının ortaq dəyərlərinə sadiqliyinin məntiqi nəticəsidir. Məhz buna görə də “Türk Dünyası Həftəsi” və Birinci Türkoloji Qurultayın yüzilliyi yalnız bir yubiley kimi deyil, türk dünyasının ortaq gələcəyinə aparan yolun yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilməlidir.
Elnarə AKİMOVA,
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru
Odlar.media
