🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 00:18   •   🌡️ Bakı

Xaricdən valyutanın qaytarılmamasına görə cərimələr azaldılır, məsuliyyətdən azadolma imkanı yaradılır

Odlar.media xəbər verir ki, xarici valyuta vəsaitlərinin xaricdən vaxtında qaytarılmamasına görə tətbiq olunan inzibati cərimələrin azaldılması və müəyyən hallarda inzibati məsuliyyətdən azadolma nəzərdə tutulur.
Bununla bağlı dəyişiklik Milli Məclisin iyulun 10-da keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən düzəlişlərdə öz əksini tapıb.
Hazırkı qanunvericiliyə əsasən, xarici iqtisadi fəaliyyət nəticəsində əldə olunmuş və Azərbaycanın müvəkkil banklarındakı hesablara məcburi qaydada köçürülməli olan 20 min manatadək xarici valyuta vəsaitinin xaricdən qaytarılmamasına görə həmin vəsaitin dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə tətbiq edilir.
Qanun layihəsinə əsasən, maddədən “az miqdarda” ifadəsi çıxarılır, cərimələrin məbləği azaldılır və inzibati məsuliyyətdən azadolma mexanizmi müəyyən edilir.
Yeni qaydalara görə, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə vəzifəli şəxslər valyuta məbləğinin 10 faizindən 20 faizinədək, hüquqi şəxslər isə 20 faizindən 30 faizinədək məbləğdə cərimələnəcəklər.
Bundan əlavə, inzibati xəta üzrə məhkəmə və ya digər səlahiyyətli orqan qərar qəbul edənədək aidiyyəti şəxs xarici iqtisadi fəaliyyət nəticəsində əldə olunmuş və ölkəyə qaytarılması məcburi olan valyuta vəsaitini Azərbaycana köçürərsə, o, inzibati məsuliyyətdən azad ediləcək.
Qanun layihəsi Milli Məclisdə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.