🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 00:18   •   🌡️ Bakı

Deputat: Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi kompleks hüquqi məsələdir

Odlar.media xəbər verir ki, son günlər müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsi ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.
Milli Məclisin deputatı Elnarə Akimova mövzu ilə bağlı açıqlamasında bildirib ki, dünya təcrübəsində müəllim və həkimlərin dövlət qulluqçusu statusu ilə bağlı vahid model mövcud deyil.
Deputatın sözlərinə görə, Fransa, İspaniya, İtaliya, Cənubi Koreya və Almaniyanın bəzi əyalətlərində dövlət məktəblərində çalışan müəllimlər dövlət qulluqçusu və ya buna bənzər xüsusi hüquqi statusa malikdirlər. Bununla yanaşı, Böyük Britaniya, İsveç, Finlandiya, Danimarka, Norveç və Niderland kimi inkişaf etmiş ölkələrdə müəllim və həkimlər dövlət sektorunda fəaliyyət göstərsələr də, klassik dövlət qulluqçusu hesab olunmurlar. Onlar əmək müqaviləsi əsasında çalışan dövlət işçiləri kimi güclü sosial təminat sistemindən yararlanırlar. Bir çox ölkədə isə bu peşələr dövlət qulluğu sistemindən kənarda ayrıca hüquqi çərçivə ilə tənzimlənir.
Elnarə Akimova qeyd edib ki, Azərbaycanda müəllim və həkim peşəsinə hər zaman xüsusi hörmət göstərilib. Onun sözlərinə görə, son illər hər iki sahədə əməkhaqlarının artırılması, sosial təminatın yaxşılaşdırılması və peşəkarlığın yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Xüsusilə sertifikasiyadan uğurla keçən müəllimlərin əməkhaqları əhəmiyyətli dərəcədə artırılıb, səhiyyə sahəsində isə peşəkarlıq və ixtisas meyarlarına əsaslanan stimullaşdırma mexanizmləri tətbiq olunur.
Deputat vurğulayıb ki, sertifikasiya və peşə qiymətləndirilməsi proseslərində hər zaman arzu olunan nəticələr əldə edilmir və müəllimlərlə həkimlərin müəyyən hissəsi bu mərhələləri uğurla keçə bilmir. Bu səbəbdən dövlət qulluqçusu statusunun verilməsi təkcə sosial təminat məsələsi deyil, həm də peşəkarlıq, seçim meyarları, məsuliyyət və dövlət qulluğunun prinsipləri ilə bağlı kompleks hüquqi məsələdir. Onun fikrincə, məhz bu səbəbdən məsələ hələ də yekun həllini tapmayıb.
Millət vəkili əlavə edib ki, müzakirələr yalnız statusun verilib-verilməməsi ilə məhdudlaşmamalıdır. O bildirib ki, dövlət müəllim və həkimlərdən yüksək peşəkarlıq, intizam və etik davranış tələb edirsə, onların sosial müdafiəsi və hüquqi təminatı da davamlı şəkildə gücləndirilməlidir. Deputatın sözlərinə görə, dünya təcrübəsi göstərir ki, buna nail olmağın yeganə yolu dövlət qulluqçusu statusunun verilməsi deyil. Bir çox ölkələr həmin status tətbiq edilmədən də müəllim və həkimlər üçün yüksək əməkhaqqı, etibarlı sosial təminat, karyera inkişafı və yüksək peşə nüfuzu formalaşdırmağa nail olublar. Azərbaycanda həyata keçirilən islahatların əsas məqsədi də məhz bu tarazlığın təmin edilməsidir.

 

Odlar.media