Çox saylı oxucuların istəyi nəzərə alıb Qəhrəman döyüşçülərdən götürdüyüm müsahibəni sizə təqdim edirəm.
Mən, polkovnik-leytenant İsayev İdris Süleyman oğlu, 20.10.1984-cü ildə Yardımlı rayonunun Nisəqala kəndində anadan olmuşam. 2002-ci ildə həmin kəndin tam orta məktəbini fərqlənmə attestatı ilə bitirərək Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuşam. 2006-cı ildə həmin məktəbi Hava Hücumundan Müdafiə ixtisası üzrə bitirərək qoşunlarda xidmətə başlamışam.
Xidmətimin 14 ilini düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdə taqım komandiri, bölük komandiri, bölmə rəisinin müavini, bölmə rəisi və şöbə rəisinin müavini vəzifələrində xidmət etmişəm.
2022-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrdə Xüsusi Təyinatlı Briqadanın Hava Hücumundan Müdafiə bölməsinin rəisi vəzifəsində xidmətimi davam etdirmişəm. 23 il qüsursuz xidmət etmişəm.
Tabeçiliyimdə olan şəxsi heyət daim nizam-intizamlı, fiziki hazırlığı və döyüş hazırlığı yüksək səviyyədə olub.
Mənim həmişə nizam-intizamım, fiziki hazırlığım və döyüş hazırlığım yüksək səviyyədə olub. Heç zaman cinayət xarakterli əməllərim, kobud intizamsızlığım olmayıb.
Komandirlərim və rəislərim tərəfindən daim nümunəvi zabit kimi göstərilmişəm.
2024-cü il oktyabr ayının 20-də xidmət dövründə aldığım xəsarətdən və səhhətimdə yaranan nasazlığa görə ordu sıralarından ehtiyata buraxılmışam.
23 il ərzində Azərbaycan Ordusunda düşmənin qəfil hücumlarının qarşısının alınmasında, Vətən müharibəsində və antiterror əməliyyatlarında döyüşən bölmələrin tərkibində fəaliyyət göstərmişəm. 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ildə Tovuz döyüşlərində, 2020-ci ildə 44 günlük II Qarabağ müharibəsində, Kəlbəcərin düşmənlərdən alınmasında və mövqelərimizin qurulmasında, 2022-ci ildə Kəlbəcər ərazisində keçirilən “Sarsıdıcı zərbə” əməliyyatında, 2023-cü ildə “Antiterror”, Xankəndi və Xocalı əməliyyatlarında bölmə və fərdi olaraq tapşırıqlarda iştirak etmişəm.
2021-ci ildə Kəlbəcər ərazisində bölməmizə hava yolu ilə təminat aparılarkən baş verən helikopter qəzasında ağır xəsarət almışam. Germuk əməliyyatı zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində ağır kəllə-beyin travması almışam.
Germuk əməliyyatları zamanı irıçaplı silahsız üzərindəki heyətlərə rəhbərlik edərək düşmən postlarını atəş altında saxlamış və öz bölmələrimizin düşmən postlarını ələ keçirməsinə şərait yaratmışıq.
Xankəndi, antiterror əməliyyatı zamanı əməliyyatdan bir həftə öncə baş gizir Xankişiyev Şərəfəddinlə birgə əməliyyatda istifadə olunan silah-sursatları, tank əleyhinə vasitələri və hava hücumundan müdafiə vasitələrini rus sülhməramlı qüvvələrindən keçirərək düşmən mövqelərinə yaxın ərazilərdə yerləşdirmişdik.
Əməliyyat aparılacaq ərazidə düşmən mövqelərini aşkar edib koordinatlarını rəhbərliyə ötürmüşük. Nəticəsində Xankəndi 23 saat 50 dəqiqə ərzində düşməndən alınaraq bölmələrimizin nəzarətinə keçmişdir.
Baş gizir Xankişiyevlə tanışlığımız Xüsusi Təyinatlı Qüvvələrə gəldikdən sonra yaranıb. Çox intizamlı və döyüşkən hərbi qulluqçu olub.
2022-ci il Sarsıdıcı zərbə əməliyyatları zamanı bizim sol cinahımızda öz bölmələri ilə fəaliyyət göstərirdi. Həmin vaxt o, tank əleyhinə vasitələrlə düşmənə sarsıdıcı zərbələr endirirdi.
Həmin tapşırığında Xankişiyev düşmənin çoxsaylı canlı qüvvəsini, silah-sursat daşıyan texnikalarını, Qarabağ ərazisinə nəzarət edən 10 milyonlarla dəyərində olan REM kəşfiyyat maşınını (JİTEL) və hektarlarla ərazini öz daşıdığı TƏYİR silahından və postlarda olan ağır silahlardan açdığı atəşlə vurub tamamilə məhv edirdi.
Antiterror əməliyyatından 6 ay öncə baş gizir Xankişiyev öz batareyasının şəxsi heyəti ilə bizim hərbi hissəmizə ezam olunaraq, bizim hərbi hissənin də tank əleyhinə batareyasının döyüş hazırlığını artırmaq məqsədilə məşqlər və təlimlər keçırərək bölmələrimizi tam yüksək səviyyəyə gətirmiş, müharibəyə hazırlamışdı.
Antiterror əməliyyatından 8 gün öncə Şuşa şəhərindən cəbhəyə ağır silah-sursat daşınması Xankişiyevə və mənə həvalə edildi. Həmin silah-sursatın ön cəbhəyə daşınmasını Xankişiyev rəhbər maşın sürücüsü kimi təyin olundu, o həmən bu ağır silah sursatları rus sülhməramlı qüvvələrdən kecirdib ön xətdə catdırmasını təmin etdi.
Silah-sursat və raketlər cəbhədə yerləşdirildikdən sonra tapşırıq alıb Xankişiyevlə Xankəndi ərazisinə kəşfiyyata göndərildik. Həmin tapşırığı 7 gün ərzində yerinə yetirərək düşmənin 10 gizli postunun yerini aşkar edib koordinatları artilleriya bölməmizə ötürdük. Beləliklə, antiterror əməliyyatının gedişatında düşmənin həmin gizli postlarının hamısı məhv edilib sıradan çıxarıldı. Həmin əməliyyatda qələbəni 23 saat 50 dəqiqəyə qazana bildik.
Onu da bildirmək istəyirəm ki, mən, polkovnik İdris İsayev və baş gizir Şərəfəddin Xankişiyev, Xankəndi ərazisinə 32 ildən sonra, antiterror əməliyyatından 7 gün əvvəl ilk ayaq açan kəşfiyyatçılarıq.
2022-ci ilin “Sarsıdıcı zərbə” əməliyyatlarında və döyüşlərində Xankişiyev Şərəfəddin xüsusi şücaət və qəhrəmanlıq göstərdiyinə görə Milli Qəhrəman adı almaq üçün, eyni qaydada bu döyüşdə seçilən biz döyüşçülərin ad-familiyalarımız yüksək orden almaq üçün bölmə komandiri tərəfindən rəhbərliyə rabitə vasitəsilə göndərsələr də, hələdə layiq olduğumuz bu adları almağa müvəffəq olmamışıq.
İnanıram ki, cənab Ali Baş Komandan İlham Əliyev bunu nəzərə alacaq və öz həqiqi qəhrəmanılarını layiqincə dəyərləndirəcəkdir. Xalq öz həqiqi qəhrəmanlarını tanımalıdır.
Sürəddin Əliyev,
AJB – nin üzvü, Mədəniyyət işçisi
Odlar.media