Odlar.media xəbər verir ki, həkimlərin əməkhaqlarının artırılması ilə bağlı nəzərdə tutulan dəyişikliklər fonunda onların stimullaşdırıcı ödənişlərinin pasiyent məmnunluğu ilə əlaqələndirilməsi yeni mexanizm kimi diqqət çəkir.
İqtisadçı Eldəniz Əmirov sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, 72 mindən çox tibb işçisinin əməkhaqqının artırılması üçün illik əlavə 189 milyon manat, aylıq isə 15,75 milyon manat vəsait ayrılacaq.
Onun sözlərinə görə, əməkhaqqı artımları tibb işçilərinin kateqoriyalarından asılı olaraq fərqlənəcək. Belə ki, ailə və sahə həkimləri üzrə artım 74 faizə, bəzi təcili yardım həkimləri üzrə 61 faizə, regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqları üzrə isə 107 faizə çatacaq.
Nəticədə ayrı-ayrı həkim kateqoriyalarında aylıq əməkhaqqının 2 000–3 000 manat səviyyəsinə yüksəldilməsi nəzərdə tutulur.
Eldəniz Əmirov regionlarda çalışan həkimlər üçün əlavə stimulların tətbiqini də müsbət qiymətləndirib. O qeyd edib ki, Bakı ilə müqayisədə bölgələrdə tibbi xidmət imkanları və ixtisaslı həkim təminatı baxımından müəyyən fərqlər hələ də qalır.
İqtisadçının fikrincə, kadr çatışmazlığı yaşanan regionlarda müəyyən tibbi xidmətlər üzrə əlavə ödənişlərə 1,3 əmsalının tətbiqi həkimlərin bölgələrə cəlb olunması baxımından məqsədəuyğun yanaşmadır.
Stimullaşdırıcı ödəniş pasiyent məmnunluğundan asılı olacaq
Əmirov hesab edir ki, həyata keçirilən islahatın maaş artımından daha əhəmiyyətli tərəflərindən biri həkimlərin stimullaşdırıcı ödənişlərinin pasiyent məmnunluğu ilə əlaqələndirilməsidir.
Yeni yanaşmaya əsasən, pasiyent aldığı tibbi xidməti 1-dən 5-dək qiymətləndirəcək. Daha sonra aylıq orta göstərici hesablanacaq və əldə olunan nəticəyə uyğun olaraq həkimin stimullaşdırıcı ödənişinə 0,8–1,2 əmsalı tətbiq ediləcək.
İqtisadçının hesablamalarına görə, aylıq stimullaşdırıcı ödənişi 2 500 manat olan həkim üçün 0,8 əmsalının tətbiqi məbləği 2 000 manata endirə, 1,2 əmsalı isə 3 000 manata yüksəldə bilər.
Beləliklə, eyni baza göstəricisinə malik iki həkim arasında yalnız pasiyent məmnuniyyəti əsasında aylıq stimullaşdırıcı ödəniş baxımından 1 000 manat, illik isə 12 000 manat fərq yarana bilər.
“Məncə, məhz bu yanaşma maaş artımının özündən də əhəmiyyətlidir. Çünki dövlət xidmətində əsas məsələ yalnız əməkhaqqının nə qədər olması deyil. Yaxşı və pis xidmət göstərən əməkdaşın eyni qazanmamasıdır”, – deyə Eldəniz Əmirov bildirib.
Model digər dövlət xidmətlərinə də tətbiq oluna bilər
İqtisadçı hesab edir ki, bu prinsip yalnız səhiyyə sektoru ilə məhdudlaşmamalıdır.
Onun fikrincə, elektrik, qaz və digər kommunal xidmətlərdən tutmuş təhsil və digər dövlət xidmətlərinə qədər əməkdaşların maddi stimullaşdırılmasının müəyyən hissəsinin xidmət keyfiyyəti və vətəndaş məmnunluğu ilə əlaqələndirilməsi mümkündür.
Əmirovun sözlərinə görə, özəl sektorda bu model artıq uzun müddətdir tətbiq edilir. Əməkdaşın gəliri ilə müştəri məmnunluğu arasında birbaşa əlaqə yaradıldıqda xidmətin keyfiyyətinin yüksəldilməsi yalnız rəhbərliyin tələbi deyil, həm də əməkdaşın şəxsi iqtisadi marağına çevrilir.
İqtisadçı bildirib ki, dövlət xidmətlərində də vətəndaş göstərilən xidmətin istehlakçısıdır. Bu baxımdan hamıya eyni ödəniş yanaşmasından nəticəyə əsaslanan diferensial ödəniş modelinə keçid dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına müsbət təsir göstərə bilər.
Obyektiv qiymətləndirmə əsas şərtdir
Eldəniz Əmirov bununla yanaşı, yeni sistemin obyektiv və şəffaf qurulmasının vacibliyini vurğulayıb.
Onun fikrincə, pasiyent məmnunluğunun ölçülməsi kifayət qədər geniş qiymətləndirmə meyarlarına əsaslanmalı, obyektiv aparılmalı və mümkün manipulyasiya hallarının qarşısı alınmalıdır.
“Əks halda yaxşı ideyanın özü düzgün olmayan qiymətləndirmədən zərər görə bilər”, – deyə iqtisadçı qeyd edib.
Odlar.media
