Biləsuvarın Cümə məscidinin sakit həyətində min illərin sükutu ilə müasir dövrün səsi bir-birinə qarışır. Bir tərəfdə ibadət üçün tələsən insanların addım səsləri, o biri tərəfdə isə minbərdən səslənən sözlərin mənəvi ağırlığı… Bu məkan təkcə daş-divar deyil, həm də insanların inamını, suallarını və cavab axtarışını daşıyan bir ruh evidir.
Elə bu ruhun içində Biləsuvar rayon Cümə məscidinin axundu Hacı Əlifağa ilə söhbətimiz başlayır. O, illərin təcrübəsi, sovet dövrünün çətinliklərindən keçmiş həyat yolu və bu günün sürətli informasiya çağında dinin yeri haqqında düşündüklərini bizimlə bölüşür.
Söhbət təkcə sual-cavab deyil — həm də bir dövrün yaddaşı, bir insanın iman yolçuluğu və bir cəmiyyətin mənəvi xəritəsidir.
Beləliklə, həmsöhbətimiz Biləsuvar rayonunun Cümə məscidinin axundu Hacı Əlifağa Murtuzovdur.

Odlar.media onunla müsahibəni təqdim edir:
– Hacı Əlifağa, Biləsuvarda dinə münasibət son illərdə necə dəyişib?
– Rayonumuzda dinə münasibət çox yüksək səviyyədədir. İnsanlarımız hər zaman dinimizə, şəriətimizə hörmət və ehtiramla yanaşırlar. Namaz qılanların sayı gündən-günə artır, məscidlərimizdə ibadət edənlərin çoxluğu bunu açıq şəkildə göstərir.
Bütün dini ayinlərin icrasında məscidlərimizin və dini xadimlərimizin xüsusi rolu var. Mövlud mərasimləri, yas məclisləri və digər dini tədbirlər məscidlərdə keçirilir. Rayonumuzda dindar insanların sayı da kifayət qədərdir və onların hamısı dinimizə böyük ehtiramla yanaşırlar. Eyni zamanda, onlar dövlətimizə də sadiq insanlardır.
Bu gün dövlət tərəfindən məscidlərə rəsmi din xadimləri təyin olunur. Biləsuvar rayonunda ümumilikdə 44 məscid fəaliyyət göstərir. Həmin məscidlərdən 12-nin imamı rəsmi şəkildə Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təyin olunub.
Xüsusilə rayonun Cümə məscidində hər həftə cümə namazı qılınır və insanlar böyük həvəslə iştirak edirlər. Möminlər xütbələri diqqətlə dinləyir, cümə namazını vacib ibadətlərdən biri hesab edirlər. Qurani-Kərimdə də “Cümə” surəsinin olması bu günün və ibadətin əhəmiyyətini göstərir.
Rayonumuzda dinə münasibətdə birlik və vəhdət hökm sürür. İnsanlarımızın bir araya gəlməsi, həmrəyliyi və mənəvi bağlılığı məhz Allaha olan inamdan qaynaqlanır.
– Ağa, cümə namazından danışdınız. Cümə xütbələrində hansı mövzulara toxunmağa üstünlük verirsiniz? Və niyə məhz o mövzular?
– Fuad bəy, cümə xütbələrində toxunduğumuz əsas mövzulardan biri vətən sevgisi, dövlətə sədaqət və şəhidlik məqamıdır. Biz çalışırıq ki, insanlara həm dini dəyərləri, həm də vətəndaşlıq məsuliyyətini aşılayaq. Çünki dinimiz də insanları Vətənə bağlı olmağa, torpağını, dövlətini qorumağa çağırır. Şəhidlik isə islamda ən uca məqamlardan biri hesab olunur. Ona görə də bu mövzular cəmiyyət üçün hər zaman aktualdır.
Son illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən din xadimlərinə xüsusi xütbə materialları təqdim olunur. Əvvəllər də “Xütbələr” adlı kitablar verilirdi və həmin materiallar əsasında cümə namazlarında mövzular izah edilirdi. Hazırda da cümə xütbələrinin mövzuları əsasən həmin qurumlar tərəfindən müəyyənləşdirilir və biz də o istiqamətdə çıxış edirik.
Məsələn, ötən cümə xütbəmizin mövzusu şəhidlik haqqında idi. Şəhidlərin Vətən uğrunda göstərdiyi fədakarlıqdan, onların ailələrinə hörmət və ehtiramın vacibliyindən danışdıq. İnsanlara anlatmağa çalışırıq ki, şəhidlik təkcə qəhrəmanlıq deyil, həm də böyük mənəvi dəyərdir.
Ümumiyyətlə, hər cümənin öz mövzusu olur. Bəzən ailə dəyərlərindən, valideynə hörmətdən, gənclərin düzgün tərbiyəsindən danışırıq, bəzən də birlik, həmrəylik, insanlıq və mənəviyyat mövzularına toxunuruq. Məqsədimiz insanları doğru yola, savada, mənəvi təmizliyə və cəmiyyətə faydalı olmağa çağırmaqdır. Çünki məscid təkcə ibadət yeri deyil, həm də insanların maarifləndirildiyi, düzgün istiqamətləndirildiyi müqəddəs bir məkandır.

– Sosial şəbəkələrin dini maarifləndirmədə rolunu necə qiymətləndirirsiniz?
– Bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsinə çevrilib və təbii olaraq dini maarifləndirmədə də mühüm rol oynayır. Mən özüm də sosial şəbəkələri izləyirəm, gündəlik xəbərlərlə maraqlanıram, oradakı faydalı məlumatları diqqətdə saxlayıram. İndi insanlar bir çox informasiyanı məhz internet və sosial media vasitəsilə əldə edirlər. Bu baxımdan sosial şəbəkələr həm məlumatlandırmaq, həm də insanları maarifləndirmək üçün böyük imkan yaradır.
Sosial platformalarda dini mövzularla bağlı çıxışlar, moizələr, xütbələr, Qurani-Kərimdən ayələr və müxtəlif maarifləndirici paylaşımlar insanlara dinimizi daha yaxından tanımağa kömək edir. Xüsusilə gənclər arasında bu vasitələrin təsiri böyükdür. Çünki bugünkü gənclik daha çox telefon və internet üzərindən məlumat alır. Əgər sosial şəbəkələr düzgün istiqamətdə istifadə olunarsa, bu, cəmiyyət üçün çox faydalı olar.
Ancaq bununla yanaşı, insan hər zaman öz üzərində işləməlidir. Təkcə sosial şəbəkədə gördüyü məlumatlarla kifayətlənmək olmaz. Elm və bilik davamlı axtarış tələb edir. Həzrəti Əlinin çox gözəl bir kəlamı var: “Ey elm oxuyan insanlar, elmi gecə-gündüz axtarın ki, həqiqi elm hasil olsun”. Bu sözün böyük mənası var. İnsan mütaliə etməli, kitab oxumalı, araşdırmalı və daim öyrənməyə çalışmalıdır.
Sosial şəbəkələr bizə məlumat ötürə bilər, xəbərləri çatdıra bilər, amma insanın rəsmi şəkildə təhsil alması, kitablarla işləməsi, alimlərin fikirlərini öyrənməsi tamam başqa məsələdir. Əsl bilik mütaliə və zəhmətlə qazanılır. Oxumasaq, araşdırmasaq və öz üzərimizdə çalışmasaq, dərin elm əldə etmək çətin olar.
Bu gün elm öyrənmək üçün hər cür şərait var. İnternet, kitablar, dini mənbələr, müxtəlif proqramlar insanların istifadəsinə açıqdır. Sadəcə insanın özündə öyrənmək həvəsi və istəyi olmalıdır. Mən hesab edirəm ki, sosial şəbəkələr düzgün istifadə olunarsa, dini maarifləndirməyə böyük töhfə verə bilər. Amma yenə də əsas məsələ insanın özünün elmə və mənəvi inkişafına nə qədər önəm verməsidir.
– Bəs yaxşı axundların bu platformalarda aktiv olması vacibdirmi?
– Bəli, əlbəttə, vacibdir. Mən hesab edirəm ki, bu gün din xadimlərinin, axundların və imamların sosial şəbəkələrdə fəal olması artıq dövrün tələblərindən biridir. Çünki insanlar, xüsusilə də gənclər, məlumatı daha çox internetdən və sosial platformalardan əldə edirlər. Əgər din xadimləri bu mühitdə aktiv olsalar, dini maarifləndirmə işi daha geniş auditoriyaya çatar və insanlara düzgün məlumat vermək mümkün olar.
Bu, həm də dinimizin düzgün şəkildə təbliği baxımından çox faydalıdır. Sosial şəbəkələr vasitəsilə insanlar dini suallarına cavab tapa, müxtəlif mövzularda maariflənə, doğru məlumat əldə edə bilirlər. Mən buna heç vaxt pis baxmıram. Əksinə, düşünürəm ki, savadlı və bilikli din xadimlərinin sosial mediada olması cəmiyyət üçün xeyirlidir. Çünki bu gün informasiya sürətlə yayılır və insanlar da daha çox aydın, əsaslı izahlara ehtiyac duyurlar.
Axundların sosial şəbəkədə fəaliyyəti hər birinin şəxsi seçimi olsa da, maarifləndirmə baxımından bu çox əhəmiyyətlidir. Onlar müxtəlif dini mövzular haqqında çıxış edə, insanlara tövsiyələr verə, mənəvi dəyərləri təbliğ edə bilərlər. Eyni zamanda, cəmiyyət üçün vacib olan məsələlərdə də öz fikirlərini çatdırmaq imkanına malikdirlər.
Bu gün insanlar sosial şəbəkələrdə həm oxuyur, həm izləyir, həm də fikir mübadiləsi aparırlar. Hər kəs öz düşüncəsini ifadə edə bilir. Belə bir zamanda din xadimlərinin də həmin platformalarda iştirakı vacibdir ki, dini məsələlər düzgün istiqamətdə izah olunsun və insanlar yanlış məlumatların təsiri altına düşməsinlər.
Mən düşünürəm ki, sosial şəbəkələr düzgün istifadə edilərsə, bu həm dinimizə, həm də cəmiyyətə çox böyük fayda verə bilər. Maarifləndirmə, insanlara düzgün yol göstərmək və mənəvi dəyərləri təbliğ etmək baxımından bu gün sosial media artıq mühüm vasitələrdən birinə çevrilib.
– Sizcə bu gün insanları məscidə gətirən iman, qorxu, yoxsa mənəvi boşluqdur?
– Əslində insanı məscidə gətirən ən əsas amil imandır. Çünki insanın qəlbində Allah sevgisi və inam olmasa, o, ibadətə də meyl etməz. Qurani-Kərimdə də buyurulur ki, məscid Allahın evidir və Allahın evini boş qoymaq olmaz. İnsanlar həmişə məscidə gəlib ibadət etməli, namaz qılmalı və mənəvi rahatlıq tapmalıdırlar. Məscidə gəlmək özü böyük savab sayılır. Allah-Təala insanın etdiyi hər bir xeyirxah əmələ savab verir.
Məsciddə olmaq, ibadət etmək, hətta orada oturmaq belə insan üçün mənəvi qazancdır. Həzrəti Əlinin də bu barədə çox gözəl kəlamları var. Buyurur ki, mən məsciddə oturmağı üstün tuturam. Çünki məscid insanı Allaha yaxınlaşdıran müqəddəs məkandır. İnsan behişt yolunu da məhz məsciddə öyrənir. Yəni insanın cənnətə aparan yolu onun ibadətindən, Allaha bağlılığından və məscidlə əlaqəsindən keçir.
Bu gün insanlar müxtəlif səbəblərlə məscidə gəlirlər. Kimisi ibadət üçün, kimisi mənəvi rahatlıq tapmaq üçün, kimisi də çətinlik anında Allaha sığınmaq üçün gəlir. Həyatın problemləri, insanların yaşadığı stress və mənəvi sıxıntılar da onları daha çox Allaha yönəldir. Amma bütün bunların əsasında yenə də iman dayanır. İman olmasa, insanın ayağı məscidə gəlməz.
Qorxu məsələsinə gəlincə, əlbəttə insan Allahdan qorxmalıdır, amma bu qorxu cəza qorxusundan daha çox Allah qarşısında məsuliyyət hissidir. İnsan etdiyi əməllərə görə cavabdeh olduğunu düşünür və bu da onu düzgün yola yönəldir. Dinimizdə Allah sevgisi ilə yanaşı, məsuliyyət və hesabat anlayışı da var.
Mənəvi boşluq da müəyyən mənada insanları məscidə gətirə bilir. Çünki insanın qəlbi rahat olmayanda, daxili narahatlıq yaşayanda o, mənəvi dayaq axtarır. Məscid isə insanın sakitlik tapdığı, qəlbini rahatlatdığı bir məkandır. İnsan burada həm ibadət edir, həm də mənəvi təsəlli tapır.
Ancaq mən hesab edirəm ki, bütün bunların kökündə yenə də iman dayanır. Hər bir imanlı insan məscidə gəlir, ibadətini edir və Allahla bağını möhkəmləndirir. Məscid insanın həm mənəviyyatını saflaşdırır, həm də onu düzgün həyata yönəldir. Buna görə də Allah evini heç vaxt boş qoymaq olmaz.
– Biləsuvar kimi bölgədə ailə institutunun qorunmasında dini xadimlərinin rolu nə qədərdir?
– Vallah, ailə cəmiyyətin əsas sütunlarından biridir və onun qorunması çox vacib məsələdir. Biz din xadimləri də maarifləndirmə işində ailə mövzusuna daim xüsusi diqqət ayırırıq. Cümə xütbələrində, dini söhbətlərdə və müxtəlif məclislərdə ailənin əhəmiyyətindən danışırıq. Mənim öz yazılı xütbələrimdə də ailə münasibətləri, valideyn-övlad əlaqələri, ər-arvad arasında hörmət və məsuliyyət kimi mövzular geniş yer alır.
Dinimiz ailəyə çox böyük dəyər verir. Qurani-Kərimdə də ailənin qorunması, valideynə hörmət, övlad tərbiyəsi və insanların bir-birinə qarşı məsuliyyəti haqqında mühüm göstərişlər var. Ailə müqəddəs anlayışdır və onu qorumaq həm dini, həm də mənəvi borcdur. Biz də çalışırıq ki, insanlara bunu düzgün şəkildə çatdıraq.
Bu gün ailələrin möhkəm qalması üçün qarşılıqlı hörmət, səbir və anlayış çox vacibdir. Din də insanlara məhz bunu öyrədir. Ər-arvad arasında hörmət və etibar olmalıdır, valideynlər övladlarına düzgün tərbiyə verməlidir, övladlar da valideynlərinə ehtiram göstərməlidir. Əgər ailədə sevgi və mənəviyyat varsa, o ailə daha sağlam və davamlı olur.
Biləsuvar kimi bölgələrdə insanların dini və milli dəyərlərə bağlılığı ailə institutunun qorunmasına müsbət təsir göstərir. İnsanlar ailəyə ciddi yanaşırlar, böyüyə hörmət, kiçiyə qayğı ənənələri hələ də yaşayır. Din xadimlərinin rolu isə burada insanları düzgün istiqamətləndirmək, ailədaxili münasibətlərdə səbirli və anlayışlı olmağa çağırmaqdır. Bəzən ailələr arasında müəyyən problemlər yarananda da insanlar məsləhət üçün din xadimlərinə müraciət edirlər. Biz də çalışırıq ki, ailələrin dağılmaması, münasibətlərin düzəlməsi üçün düzgün tövsiyələr verək.
Mən hesab edirəm ki, ailə nə qədər sağlam olsa, cəmiyyət də bir o qədər sağlam olar. Çünki cəmiyyət ailədən başlayır. Ailədə düzgün tərbiyə alan insan həm dövlətinə, həm millətinə, həm də dininə faydalı vətəndaş kimi yetişir. Ona görə də ailənin qorunması məsələsi bizim üçün çox mühüm mövzulardan biridir və biz bu istiqamətdə maarifləndirmə işini davam etdiririk.
– Müasir dövrdə dini xadim olmaq əvvəlki illərlə müqayisədə daha çətindir, yoxsa daha asandır?
– İndiki dövrdə din xadimi olmaq, keçmişlə müqayisədə desək, daha asandır. Çünki bu gün imkanlar genişdir, elm inkişaf edib, məlumat əldə etmək çox rahatlaşıb. Sosial şəbəkələr, kitablar, rəsmi dini təhsil müəssisələri – hamısı insan üçün əlçatandır. Ona görə də dini öyrənmək və bu sahədə fəaliyyət göstərmək əvvəlki dövrlərlə müqayisədə daha əlverişlidir.
Amma mən bunu deyəndə keçmiş dövrləri də unutmuram. Sovet dövrünə nəzər salsaq, o vaxt dini fəaliyyət göstərmək heç də asan deyildi. Mənim özümün də gənc yaşlarımdan bu sahədə müəyyən təzyiqlərlə qarşılaşdığım olub. 1986-cı ildən din xadimi kimi fəaliyyətə başlamaq istədiyim vaxtlarda müxtəlif çətinliklər, maneələr və təzyiqlər var idi. Hətta məni bu yoldan uzaqlaşdırmağa çalışanlar da oldu. Söhbət rəsmi qurumlardan gedirdi.
Buna baxmayaraq, mən öz imanım və əqidəmlə yoluma davam etdim. Bir neçə il sonra artıq Biləsuvar rayonunda fəaliyyət göstərərək “Cümə” məscidinə axund təyin olundum. O zaman bir çoxları təəccüblənirdi ki, bütün bu maneələrə baxmayaraq, yenə də həmin vəzifəyə gəlib çıxdım. Amma bu, mənim inandığım yoldan dönməməyimin nəticəsi idi.
Bu gün isə vəziyyət tamam fərqlidir. Elm inkişaf edib, dini təhsil almaq üçün rəsmi imkanlar yaradılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Bakı İlahiyyat İnstitutu kimi təhsil ocaqlarında insanlar rəsmi şəkildə oxuyur, dini biliklərə yiyələnir və sonra məscidlərdə din xadimi kimi fəaliyyət göstərə bilirlər. Bu da təbii ki, işi daha sistemli və asan edir.
Eyni zamanda, sosial şəbəkələr də məlumat əldə etmək baxımından böyük imkanlar yaradıb. İnsan istədiyi dini məlumatı rahatlıqla tapa bilir, öyrənə bilir. Amma burada vacib olan odur ki, bu məlumatlar düzgün mənbədən götürülsün.
Ümumilikdə deyə bilərəm ki, keçmiş dövrlərdə dini xadim olmaq daha çox çətinlik və məhdudiyyətlərlə bağlı idi, amma böyük əqidə və iradə tələb edirdi. İndiki dövrdə isə imkanlar daha çoxdur, lakin məsuliyyət də özünəməxsus şəkildə artıb. Ona görə də hər dövrün öz çətinliyi və öz üstünlükləri var.
– Məscid yalnız ibadət yeri olmalıdır, yoxsa sosial maarifləndirici mərkəz funksiyasını daşımalıdır?
– Əvvəla onu qeyd edim ki, məscid əsas etibarilə ibadət yeridir. Bu, onun ən başlıca funksiyasıdır. İnsanlar məscidə gəlir, namaz qılır, Allaha ibadət edir, mənəvi rahatlıq tapırlar. Bu baxımdan məscidin ibadət məkanı olması dəyişməz bir həqiqətdir.
Amma bununla yanaşı, məscid həm də maarifləndirmə mərkəzidir. Yəni məscid təkcə namaz qılınıb çıxılan bir yer deyil. Orada deyilən xütbələr, moizələr, dini söhbətlər insanların gündəlik həyatına istiqamət verən bir növ maarif dərsidir. İnsanlar burada həm dini biliklər əldə edir, həm də mənəvi tərbiyə alırlar.
Qurani-Kərimdə də insanları elmə, düşüncəyə və doğru yola çağıran çoxlu ayələr var. Bu da göstərir ki, din yalnız ibadətlə məhdudlaşmır, eyni zamanda insanın düşüncə və davranış tərzini formalaşdırır. Ona görə də məscidin maarifləndirici rolu çox önəmlidir.
Biz din xadimləri olaraq da çalışırıq ki, xütbələrimiz sadəcə ibadət çağırışı ilə kifayətlənməsin, eyni zamanda insanlara gündəlik həyatda lazım olan tövsiyələri də versin. Ailə münasibətləri, əxlaq, davranış, sosial məsuliyyət, vətənə bağlılıq kimi mövzular xütbələrdə geniş yer alır. Çünki insan yalnız ibadətlə deyil, həm də düzgün əxlaq və davranışla kamilləşir.
Bu gün məscidlər insanların həm ibadət etdiyi, həm də maarifləndiyi müqəddəs məkanlardır. Orada Allahın birliyi, Peyğəmbərin (s.ə.s) göstərişləri təbliğ olunur və insanlar şəriətin əsaslarını öyrənirlər. Eyni zamanda cəmiyyət üçün vacib olan mənəvi dəyərlər də aşılanır.
Ona görə də mən hesab edirəm ki, məscid həm ibadət yeri, həm də maarifləndirici mərkəz funksiyasını daşımalıdır. Bu iki istiqamət bir-birini tamamlayır və məscidin cəmiyyətdəki rolunu daha da gücləndirir.
– Şəxsi həyatınızda elə bir an olub ki, bir insanın həyatına təsir etdiyinizi hiss etmisiniz?
– Əlbəttə, belə hallar olub və bu, din xadimi üçün ən böyük mənəvi sevincdir. İnsanlarla işləyərkən elə situasiyalar olur ki, sən dediyin bir kəlmə, verdiyin bir məsləhət, bəzən bir xütbədə toxunduğun bir fikir kiminsə həyatında ciddi dönüş yarada bilir.
Mənim üçün ən önəmlisi odur ki, insan düzgün yola qayıtsın, ailəsi ilə münasibətini düzəltsin, ibadətə yaxınlaşsın və mənəvi baxımdan özünü tapsın. Belə hallar olanda insan təbii olaraq düşünür ki, gördüyün iş hədər getməyib.
Məsələn, elə insanlar olub ki, əvvəl dini məsələlərə çox da diqqət etmirdilər, amma zamanla məscidə gəlməyə başlayıblar, xütbələri dinləyiblər və həyatlarında dəyişiklik hiss olunub. Sonradan özləri gəlib deyiblər ki, “Ağa, sizin bir söhbətiniz mənə təsir etdi, həyatımı dəyişdim”. Bu cür sözlər insan üçün böyük məsuliyyət və eyni zamanda böyük bir mənəvi mükafatdır.
Qurani-Kərimdə də insanları doğru yola dəvət etmək, yaxşılığı yaymaq və pislikdən çəkindirmək əsas prinsiplərdən biri kimi göstərilir. Bizim gördüyümüz iş də məhz budur – insanlara doğru yolu göstərmək, onları mənəvi baxımdan oyatmaq və Allahın buyruqlarını xatırlatmaq.
Bəzən ailə problemləri ilə bağlı da müraciətlər olur. İki insan arasında anlaşılmazlıq yaranır, ailənin dağılmaq təhlükəsi olur. Belə hallarda imkan daxilində söhbət edirik, məsləhət veririk və çox vaxt Allahın köməyi ilə həmin ailələr yenidən bir araya gəlir. Bu zaman insan daha aydın görür ki, bir söhbət, bir düzgün istiqamət bəzən bir ailəni xilas edə bilir.
Mən hesab edirəm ki, din xadiminin ən böyük qazancı pul və ya vəzifə deyil, insanın qəlbinə toxuna bilməkdir. Bir insanın həyatında müsbət dəyişiklik yarada bilmisənsə, bu artıq ən böyük uğurdur. Çünki insanın qəlbinə yol tapmaq, onu yaxşılığa yönəltmək çox böyük məsuliyyət və eyni zamanda böyük bir nemətdir.
– Sizcə insanın Allaha yaxınlığını ölçmək mümkündürmü, yoxsa bu tamamilə fərdi məsələdir?
– İnsanların Allaha yaxınlığını dəqiq ölçü ilə ifadə etmək, yəni “filan insan bu qədər yaxındır, o biri bu qədər uzaqdır” demək doğru olmaz. Bu, tamamilə insanın daxili halı, imanı və əməlilə bağlı bir məsələdir. Çünki Allaha yaxınlıq zahiri göstəricilərlə yox, qəlbin saflığı və insanın niyyəti ilə ölçülür.
Qurani-Kərimdə də bildirilir ki, Allah insana onun şah damarından da yaxındır. Bu, çox dərin bir mənadır. Yəni Allah-Təala insanın hər halını bilir, onun niyyətini, düşüncəsini və əməlini görür. Ona görə də insanın Allaha yaxınlığı da ilk növbədə onun qəlbindəki imanla bağlıdır.
Allah insanı yer üzündə özünə xəlifə olaraq yaradıb. Bu, insanın məsuliyyətini və dəyərini göstərən çox mühüm bir həqiqətdir. İnsan yer üzündə Allahın əmrlərini yerinə yetirən, ədaləti qoruyan və düzgün yolu təbliğ edən bir varlıqdır. Bu baxımdan insanın yaradılışı özü böyük bir şərəfdir.
Quranda Həzrəti Adəm (ə.s) ilə bağlı hadisədə də Allah-Təala mələklərə insanın yaradılacağını bildirir. Mələklər isə insanın yer üzündə fəsad törədə biləcəyini deyirlər. Amma Allah-Təala buyurur ki, “Mən sizin bilmədiyinizi bilirəm”. Bu da göstərir ki, insanın yaradılışında böyük hikmət var və insan doğru yol seçərsə, çox uca məqama çata bilər.
Ona görə də insanın Allaha yaxınlığı sabit bir ölçü ilə deyil, onun gündəlik əməlləri, ibadəti, dürüstlüyü, insanlara münasibəti və niyyəti ilə müəyyən olunur. Kim nə qədər səmimi ibadət edirsə, nə qədər düzgün yaşayırsa, o qədər də Allaha yaxın olur. Amma bunu yalnız Allah bilir, biz insanlar isə yalnız zahirə baxa bilirik.
Ümumilikdə deyə bilərəm ki, Allaha yaxınlıq tamamilə fərdi məsələdir və hər insanın öz iç dünyası ilə bağlıdır. Əsas olan odur ki, insan hər zaman Allaha yaxın olmağa çalışsın, özünü islah etsin və yaxşı əməllərlə yaşasın.
– Son olaraq Ağa, sizə gənc jurnalist kimi belə bir sual da vermək istəyirəm: Əgər bir gün minbərdən son dəfə danışmaq imkanınız olsa, Biləsuvar camaatına hansı mesajı verərdiniz?
– Əgər bir gün elə bir an gələrsə ki, minbərdən son dəfə söz demək imkanım olsun, Biləsuvar camaatına əsas mesajım bu olardı: dinə sədaqətli olaq, imanımızı qoruyaq, cəmiyyətimizdə sülhü, əmin-amanlığı və qardaşlığı gücləndirək. İnsanlar arasında mehribanlıq, anlayış və qarşılıqlı hörmət həmişə qorunmalıdır.
Xüsusilə də ailə məsələləri mənim üçün çox önəmlidir. Ata-anaya hörmət hər bir insanın həyatının bəzəyidir. Təəssüf ki, bu gün bəzi hallarda övladların valideynlərinə qarşı münasibətində problemlər görürük. Amma biz unutmamalıyıq ki, valideynə hörmət təkcə bir əxlaq qaydası deyil, həm də dinimizin əsas göstərişlərindən biridir.
Qurani-Kərim bizə açıq şəkildə valideynlərə ehtiram göstərməyi, onları incitməməyi və onlara qayğı ilə yanaşmağı tövsiyə edir. Dinimizdə ata-anaya hörmət o qədər böyük dəyərdir ki, insanın ibadəti belə bu məsuliyyətlə yanaşı qiymətləndirilir. Çünki valideyn haqqı çox böyükdür və bu haqqı tam şəkildə ödəmək mümkün deyil.
İnsan Allah qarşısında tövbə etsə, Allah-Təala öz haqqından keçə bilər. Amma valideyn haqqı ayrı bir məsuliyyətdir. Ona görə də hər bir övlad ata-anasına hörmətlə yanaşmalı, onları incitməməli, onların duasını almağa çalışmalıdır. Çünki valideynin duası insanın həyatında bərəkət gətirir.
Mən həmişə demişəm və yenə də deyirəm ki, cəmiyyətin sağlamlığı ailədən başlayır. Ailədə sevgi, hörmət və anlayış varsa, həmin cəmiyyət də sağlam olur. Əks halda problemlər artır.
Son sözüm budur ki, hər birimiz imanımızı qoruyub saxlamalı, Allah yolundan ayrılmamalı, ata-anamıza hörmət etməli və cəmiyyətimizdə sülhü, mehribanlığı gücləndirməliyik. Bu, həm dünyamız üçün, həm də axirətimiz üçün ən doğru yoldur.

Söhbətləşdi: Fuad Biləsuvarlı
Mənbə: Odlar.media
