Odlar.media xəbər verir ki, Bakının tanınmış ticarət məkanlarından biri olan Dərnəgül bazarının köçürülməsi gündəmə gəlib.
Xəzər TV-yə istinadən verilən məlumata görə, tikinti materiallarının satışı ilə məşğul olan bazarda fəaliyyət göstərən sahibkarlara iş yerlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.
Sahibkarların əsas narazılığı isə köçürüləcəkləri yeni ünvanın hələlik açıqlanmaması ilə bağlıdır. Onlar bildirirlər ki, ərazini tərk etməli olduqları halda, fəaliyyətlərini harada və hansı şərtlərlə davam etdirəcəkləri barədə əvvəlcədən məlumat əldə etmək istəyirlər.
Məlumata görə, sahibkarlara hazırda əllərində olan məhsulların satışına maneə yaradılmayacağı bildirilib. Lakin yeni məhsulların bazara gətirilməsi məsələsində müəyyən məhdudiyyətlərin olduğu qeyd edilir.
Hazırda bazarda çalışan sahibkar və işçilər köçürülmə ilə bağlı rəsmi açıqlamanın verilməsini gözləyirlər.
Odlar.media
