Odlar.media xəbər verir ki, Android smartfonlarda tətbiqlərin arxa planda fəaliyyətinin məhdudlaşdırılması cihazın performansını yaxşılaşdırmağa və batareyanın enerjisinə qənaət etməyə kömək edə bilər.
Məlumata görə, tətbiq bağlandıqdan sonra belə Android sistemi bəzi proqramların proseslərini operativ yaddaşda saxlamağa davam edir. Bu isə müəyyən hallarda sistem resurslarının əlavə yüklənməsinə və telefonun zəifləməsinə səbəb ola bilər.
Bu problemi azaltmaq üçün Android cihazlarda “Tərtibatçı rejimi”ni (Developer options) aktivləşdirmək mümkündür. Bunun üçün “Telefon haqqında” bölməsinə daxil olaraq cihazın versiya nömrəsinə 7 dəfə toxunmaq lazımdır.
Daha sonra tərtibatçı parametrlərində “Suspend execution for cached apps” funksiyasını aktivləşdirmək olar. Bu seçim keşdə saxlanılan tətbiqlərin proseslərini donduraraq onların sistem resurslarından istifadəsini məhdudlaşdırır.
Lakin funksiyanın aktivləşdirilməsinin müəyyən mənfi tərəfləri də mövcuddur. Belə ki, messencer və elektron poçt tətbiqlərinin arxa plandakı fəaliyyəti məhdudlaşa bilər. Nəticədə bəzi bildirişlər gecikə və ya vaxtında gəlməyə bilər.
Mütəxəssislər həmçinin smartfonun resurslarına qənaət etmək üçün istifadə olunmayan funksiyaların, o cümlədən bəzi süni intellekt imkanlarının deaktiv edilməsini tövsiyə edirlər.
Qeyd edək ki, telefonun sürətinə təsir edən amillər yalnız arxa planda işləyən tətbiqlərlə məhdudlaşmır. Yaddaşın dolması, çoxsaylı aktiv proqramlar və köhnəlmiş sistem versiyası da cihazın performansını aşağı sala bilər.
Odlar.media xəbər verir ki, tərtibatçı parametrlərində dəyişiklik edərkən diqqətli olmaq vacibdir. İstifadəçi bilmədiyi digər sistem seçimlərini dəyişməməlidir.
