🌐 Keçmişin izi, gələcəyin sözü
04 Sentyabr 2026, saat 11:45   •   🌡️ Bakı

Ukrayna yanacaq ehtiyatlarını yerin altına köçürür – Yeni layihəyə start verildi

Odlar.media xəbər verir ki, Ukrayna hökuməti ölkədə neft məhsullarının təhlükəsizliyini artırmaq məqsədilə yanacağın yeraltı anbarlarda saxlanılmasını nəzərdə tutan genişmiqyaslı eksperimental layihəyə başlayıb.
Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, ölkədə şaxələndirilmiş yeraltı yanacaq anbarları sistemi yaradılacaq. Məqsəd neft məhsullarının daha təhlükəsiz şəraitdə saxlanılmasını təmin etmək və mümkün hücumlar zamanı strateji yanacaq ehtiyatlarının qorunmasına nail olmaqdır.
Şmıqalın sözlərinə görə, əsas prioritet ordunun və kritik infrastrukturun ehtiyacları üçün dizel yanacağının fasiləsiz tədarükünü təmin etməkdir.
Baş nazir qeyd edib ki, hökumət eyni zamanda yanacaq ehtiyatlarının artırılması və tədarük marşrutlarının şaxələndirilməsi istiqamətində iş aparır. Bu baxımdan Rumıniya istiqamətinə xüsusi diqqət yetirilir.
Şmıqalın sözlərinə görə, son altı ay ərzində Rusiya ordusunun intensiv zərbələri nəticəsində Ukrayna üzrə 300-dən çox yanacaqdoldurma məntəqəsi ciddi zədələnib və ya tamamilə məhv edilib.
Yeni layihənin əsas məqsədlərindən biri məhz bu cür hücumların yanacaq təchizatına təsirini azaltmaq və ölkənin enerji təhlükəsizliyini gücləndirməkdir.

Odlar.media