Odlar.media xəbər verir ki, Fransanın Sen-Jyust-Sen-Ramber kommunasında pələng ağcaqanadlarının geniş yayılmasına diqqət çəkmək üçün qeyri-adi qərar qəbul edilib.
Kommunanın meri Olivye Joli ağcaqanadların ərazidə uçmasını rəsmi şəkildə qadağan edən istehzalı fərman imzalayıb. Sənəddə qaydanı pozan həşəratların məsuliyyətə cəlb olunacağı və hətta məhkəmə ilə hədələndiyi qeyd edilib.
Fərmanda alçaq hündürlükdə uçan və dairəvi hərəkət edən ağcaqanadların, eləcə də onların dişləmələrinin sakinlər arasında qıcıqlanma və ciddi narazılıq yaratdığı vurğulanıb.
Lakin merin sözlərinə görə, indiyədək heç bir ağcaqanad saxlanılmayıb və ya cərimələnməyib.
Joli bildirib ki, qərarın yumoristik formasının arxasında ciddi problem dayanır. Yay tətilindən sonra kommunanın sakinlərindən ağcaqanadlarla bağlı çoxsaylı şikayətlər daxil olub. Həşəratların çoxalması insanların açıq havada vaxt keçirməsini çətinləşdirib.
Bələdiyyə sakinlərə ağcaqanadların çoxalmasına şərait yaradan durğun su mənbələrini aradan qaldırmağı, vedrələrdə, gül qablarında və köhnə təkərlərdə su saxlamamağı, nov və kanalları mütəmadi təmizləməyi, hovuzları isə örtməyi və ya təmiz saxlamağı tövsiyə edib.
Ağcaqanadlarla mübarizə tədbirlərinə 45 min avro vəsait ayrılıb. Bu çərçivədə xüsusi tələlər, yarasalar üçün yuvalar və ağcaqanadların təbii düşmənləri hesab olunan qaranquşları cəlb etmək üçün müxtəlif qurğular quraşdırılır.
Qeyd edək ki, tropik və subtropik bölgələrə mənsub pələng ağcaqanadları ilk dəfə 2004-cü ildə Fransada qeydə alınıb. Həmin vaxtdan etibarən bu həşəratların ölkə ərazisində yayılması davam edir.
Odlar.media
