🌐 Keçmişin izi, gələcəyin sözü
03 Sentyabr 2026, saat 19:04   •   🌡️ Bakı

Alimlər ürək sağlamlığı üçün faydalı olan iki məhsulu açıqladı

Odlar.media xəbər verir ki, alimlər ürək-damar xəstəlikləri riskinin azaldılmasına kömək edə biləcək iki faydalı qidanı müəyyənləşdiriblər.
“Nutrients” jurnalında dərc olunan araşdırmaya əsasən, tam taxıllı yulaf və arpanın müntəzəm istehlakı ürək-damar sisteminin sağlamlığına müsbət təsir göstərə bilər.
Tədqiqatda 68 nəfər iştirak edib. Könüllülər üç qrupa ayrılıb. Birinci qrup əvvəlki qidalanma rejimini davam etdirib, ikinci qrup hər gün tam taxıllı yulaf məhsulları, üçüncü qrup isə arpa əsaslı məhsullar qəbul edib.
Araşdırmanın nəticələri göstərib ki, yulaf istehlakı iştirakçıların lipid profilinin yaxşılaşmasına, o cümlədən “pis” xolesterin kimi tanınan aşağı sıxlıqlı lipoproteinlərin (LDL) səviyyəsinin azalmasına səbəb olub.
Arpa istehlak edən qrupda isə ürək-damar sistemi ilə əlaqəli bir sıra digər göstəricilərdə müsbət dəyişikliklər müşahidə edilib.
Tədqiqatçılar hesab edirlər ki, bu təsirlər əsasən yulaf və arpanın tərkibində bol miqdarda olan beta-qlükan adlı həll olunan liflə bağlı ola bilər. Beta-qlükanın xolesterin mübadiləsinin tənzimlənməsinə və ürək-damar sağlamlığının qorunmasına kömək etdiyi bildirilir.
Mütəxəssislər qeyd edirlər ki, tam taxıllı məhsulların balanslı qidalanmanın tərkib hissəsi kimi qəbul edilməsi ümumi sağlamlıq üçün faydalı ola bilər.

Odlar.media