Azərbaycan Radiosunun ilk və unudulmaz diktorlarından, Əməkdar artist Züleyxa Hacıyevanın vəfat xəbərini eşitdim… İstər-istəməz üç il əvvəl çəkdiyimiz görüntülər, həmin gün yaşananlar, onun səsi, baxışları və kövrək xatirələri yadıma düşdü…
2023-cü ildə “Yenə efirdəsən” verilişi üçün Züleyxa xanımla görüşmüşdük. Verilişimiz adətən dünyasını dəyişmiş sənət və efir adamlarının xatirəsinə həsr olunsa da, həmin vaxt qərara gəlmişdik ki, hələ aramızda olan, lakin artıq efirdən uzaqlaşmış böyük simalarımızı da yenidən tamaşaçıya qaytaraq. Züleyxa xanım da həmin böyük simalardan biri idi.
O gün Züleyxa xanım artıq yüz yaşını keçmişdi. Yaşının ağırlığı, illərin yorğunluğu hiss olunurdu. Yorğun olsa da, yaddaşı, efirə olan münasibəti, keçmişə bağlılığı və danışdığı xatirələr insanı heyran edirdi. İlk dəfə efirə çıxmasını xatırladı və kövrək səslə dedi:
“Yenə o bağ olaydı…”
Bu sözlər o gün sadəcə bir xatirə kimi səslənmişdi. Amma aradan üç il keçib… İndi həmin sözlər tamam başqa məna daşıyır.
Həmin çəkiliş isə hələ də efir üzü görməyib. Elə “Yenə efirdəsən”in özü də yarımçıq qalan xatirələr sırasında qaldı…
“Yenə o bağ olaydı…”
Bu gün o sözlər daha fərqli səslənir. Amma yenə o bağ olmadı…
Azərbaycan Radiosunun ilk diktorlarından, bir əsrdən çox ömrü ilə bütöv bir dövrün canlı yaddaşı olan Züleyxa Hacıyeva artıq aramızda yoxdur.
Ruhunuz şad olsun, Züleyxa xanım!
Baş əyirəm əziz xatirənizin və Azərbaycan efirinə bəxş etdiyiniz o unudulmaz səsin qarşısında…
Siz yenə efirdəsiniz…
Bu dəfə xatirələrimizin əbədi efirində.
Bəzən bir şəkil sadəcə şəkil olmur… Bir neçə nəslin yaddaşı, bir dövrün mənəviyyatı, sənətə verilən qiymət və insanlara olan ehtiram bir kadra sığır. Bu şəkil də mənim üçün elədir…
Ortada yüz yaşı adlamış, Azərbaycan efirinin canlı yaddaşlarından biri — Züleyxa Hacıyeva.
Yaşının ağırlığına baxmayaraq, sözdən danışan, sənətdən danışan, xatirələrini bizimlə bölüşən bir xanım… Onun simasında yalnız uzun ömür deyil, bütöv bir sənət və efir tarixinin izi görünürdü.
İnsanın yaşı bəzən təqvimlə ölçülür, mənəviyyatı isə heç vaxt qocalmırmış…
Yanında diz çökən Əlimürsəl Hacızadə isə sanki bu şəklin ən böyük mənasını tamamlayır.
Əli müəllim mənim müəllimim Cavanşir Cahangirovla çalışan insanlardan olub. Mən özümü xoşbəxt sayıram ki, müəllimimin birlikdə çalışdığı bir rejissorla mənim də işləmək şansım oldu. Bəlkə də elə buna görə, bir zaman mənə ondan uzaq durmağı, onunla işləməməyi məsləhət görəndə bunu qəbul etmədim.
Çünki Əli müəllim bir həqiqəti yaxşı bilir: insan hər kəsin qarşısında əyilməz… Amma əyilməli olduğu yeri də tanıyar.
Züleyxa xanımın qarşısında diz çökmək zəiflik deyildi. Əksinə, bir əsrlik ömrün, sənətə xidmətin, böyük zəhmətin və böyük mənəviyyatın qarşısında ehtiram idi.
Bəlkə də insanın böyüklüyü elə bundadır — kimlərin qarşısında ayaqda qalacağını, kimlərin qarşısında isə baş əyməyi bilməsində…
Bu gün mən vəzifəcə böyük olan insanların deyil, mənəviyyatı böyük olan insanların qarşısında baş əyirəm.
Züleyxa xanım, sizin də mənəviyyatınız böyük idi…
Bu gün artıq həm o böyük mənəviyyatınızın, həm də əziz ruhunuzun qarşısında baş əyirəm.
Ruhunuz şad olsun…
Müəllif: Günay Novruz
Mənbə: Odlar.media
