🌐 Keçmişin izi, gələcəyin sözü
03 Sentyabr 2026, saat 09:30   •   🌡️ Bakı

Azərbaycanın tanınmış diktoru və Əməkdar artist Züleyxa Hacıyeva 104 yaşın içində vəfat edib

Odlar.media xəbər verir ki, Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist və tanınmış diktor Züleyxa Hacıyeva 104 yaşın içində dünyasını dəyişib.
Bu barədə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov məlumat yayıb.
O, sosial şəbəkə hesabında Züleyxa Hacıyevanın vəfatı ilə bağlı paylaşım edərək bildirib:
“103 illik ömür, Azərbaycan radiosuna onilliklər boyu xidmət və milyonlarla dinləyicinin yaddaşında qalan unikal bir səs… Allah rəhmət eləsin”.
Züleyxa Hacıyeva 23 avqust 1923-cü ildə Bakıda anadan olub.
O, 1942-1992-ci illərdə Azərbaycan radiosunda fəaliyyət göstərib və uzun illər ərzində “Poeziya dəqiqələri”, “Axşamınız xeyir” və digər verilişlərin aparıcısı olub.
Züleyxa Hacıyeva yalnız diktor kimi deyil, həm də peşəkar idmançı kimi tanınıb. O, XX əsrin Azərbaycanın 10 ən görkəmli idmançısından biri hesab olunub.
İdman sahəsində xidmətlərinə görə SSRİ idman ustası adına layiq görülən Züleyxa Hacıyeva gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu olub.
Azərbaycan radio və televiziya tarixində özünəməxsus iz qoyan tanınmış diktorun vəfatı böyük itki kimi qiymətləndirilir.
Odlar.media mərhum sənətkarın ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!