🌐 Keçmişin izi, gələcəyin sözü
03 Sentyabr 2026, saat 15:00   •   🌡️ Bakı

Paşinyan: Rusiya Gümrüdəki hərbi bazanı çıxarsa, etiraz etməyəcəyik

Odlar.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının ölkədə mövcudluğunun İrəvan üçün həyati zərurət olmadığını açıqlayıb.
Paşinyan bildirib ki, Ermənistan tərəfi bu məsələni indiyədək Rusiya ilə müzakirəyə çıxarmayıb. Onun sözlərinə görə, Rusiyanın bazanı Ermənistandan çıxarmaq qərarı verəcəyi təqdirdə İrəvan buna etiraz etməyəcək.
“Əgər Rusiya hərbi bazanı Ermənistandan çıxarmaq qərarına gəlsə, biz etiraz etməyəcəyik. Əgər onu saxlamaq qərarına gəlsə, biz bunu da müzakirə etməyə hazırıq. Lakin bu müddət ərzində biz heç vaxt 102-ci hərbi baza məsələsini gündəmə gətirməmişik”, – Paşinyan deyib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Gümrüdəki Rusiya hərbi bazasına ehtiyac duymadığını bildirməsi halında Moskvanın bazanı ölkədən çıxarmağa hazır olduğunu açıqlamışdı.

Odlar.media