Odlar.media xəbər verir ki, 1 sentyabr 2026-cı il tarixində Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Zərif Kölgələr” Yaradıcılıq Klubunun “Kölgədən işığa” layihəsi çərçivəsində nəşr olunan şair Aynur Haqverdinin “Çərçivədəki şəkil” adlı ilk şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri “Zərif Kölgələr” Yaradıcılıq Klubunun rəhbəri Aysel Nəsirzadə açaraq iştirakçıları salamlayıb. O, Aynur Haqverdinin ilk kitabının ərsəyə gəlməsi, eləcə də “Kölgədən işığa” layihəsinin məqsəd və məramı barədə məlumat verib.
Təqdimat mərasimində Aysel Fikrət, Qəşəm Nəcəfzadə, aktyor və bədii qiraət ustası Kamran M. Yunis, kitabın redaktoru Elvin Polad, Zəhra Əkrəm, Müşfiqə Baladdin, Nigar Səttarzadə, Ceyhun Ötkəm, Cəbrayıl Qəmbər və digər qonaqlar iştirak ediblər.
Çıxış edən qonaqlar “Çərçivədəki şəkil” kitabında yer alan şeirlər, müəllifin poetik dünyası və yaradıcılıq üslubu haqqında fikirlərini bölüşüblər. Tədbir zamanı kitabdan şeirlər səsləndirilib, əsərlər ətrafında fikir mübadiləsi və maraqlı müzakirələr aparılıb. Qonaqlar Aynur Haqverdini ilk kitabının işıq üzü görməsi münasibətilə təbrik edərək ona yaradıcılıq uğurları arzulayıblar.
Qeyd edək ki, “Çərçivədəki şəkil” Aynur Haqverdinin ilk nəşr olunan şeirlər kitabıdır. Nəşr “Zərif Kölgələr” Yaradıcılıq Klubunun rəhbəri Aysel Nəsirzadə və Həmidə Yaqubovanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Kölgədən işığa” layihəsi çərçivəsində ərsəyə gəlib.
“Kölgədən işığa” layihəsinin əsas məqsədi yeni müəlliflərə dəstək göstərmək, onların yaradıcılıq nümunələrini kitab şəklində oxuculara təqdim etməkdir. Layihənin bundan sonra da davam etdirilməsi və “Zərif Kölgələr” Yaradıcılıq Klubunun digər üzvlərinin əsərlərinin də bu layihə çərçivəsində nəşr olunması nəzərdə tutulur.
Tədbirin sonunda Aynur Haqverdi “Çərçivədəki şəkil” kitablarını imzalayaraq oxucularına təqdim edib. Müəllifin ilk kitabını öz imzası ilə oxucularına təqdim etməsi tədbirin ən yaddaqalan məqamlarından biri olub.
“Zərif Kölgələr” Yaradıcılıq Klubu tədbirin keçirilməsi üçün məkan və şərait yaratdığına görə Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının rəhbərliyinə təşəkkürünü bildirib.
Odlar.media olaraq Aynur Haqverdini ilk kitabının nəşri münasibətilə təbrik edir, ona yaradıcılıq yolunda yeni uğurlar və ilham arzulayırıq.
Mənbə: Odlar.media
