🌐 Keçmişin izi, gələcəyin sözü
02 Sentyabr 2026, saat 14:54   •   🌡️ Bakı

İlham Əliyev 3 fərman imzaladı – daşınmaz əmlak və kibertəhlükəsizliklə bağlı mühüm dəyişikliklər

Odlar.media xəbər verir ki, Prezident İlham Əliyev qanunvericilikdə dəyişikliklərin tətbiqi ilə bağlı üç fərman imzalayıb.
Fərmanlardan biri daşınmaz əmlakın dövlət kadastrı və dövlət reyestrinin aparılması qaydalarının yenilənməsi ilə bağlıdır.
Sənədlə “Daşınmaz əmlakın dövlət kadastrının aparılması Qaydaları” və “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları, o cümlədən reyestrdə saxlanılan məlumatların tərkibi” təsdiqlənib. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edən əvvəlki fərmanlardan biri ləğv edilib.
Yeni qaydalara əsasən, daşınmaz əmlakla bağlı məlumatların elektron sistemdə toplanması və dövlət kadastrına daxil edilməsi nəzərdə tutulur. “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin tətbiqi ilə bağlı səlahiyyətlər də müəyyənləşdirilib.
Digər fərman kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası ilə bağlı qanunvericilik dəyişikliklərinin tətbiqini nəzərdə tutur. Nazirlər Kabinetinə kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası qaydasını altı ay müddətində müəyyən etmək tapşırılıb.
Üçüncü fərman isə İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin tətbiqi ilə bağlıdır.
Sənədlə bir sıra inzibati xətalar üzrə səlahiyyətli dövlət qurumları müəyyənləşdirilib. O cümlədən, kibertəhlükəsizlik sahəsində nəzərdə tutulan inzibati xətalara Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin baxacağı müəyyən edilib.
Qeyd edək ki, fərmanın kibertəhlükəsizliklə bağlı bəzi müddəaları, eləcə də İnzibati Xətalar Məcəlləsinin müvafiq dəyişiklikləri 2027-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Fərmanlarla qanunvericilikdə bir sıra digər texniki və institusional dəyişikliklər də həyata keçirilib.

Odlar.media