🌐 Keçmişin izi, gələcəyin sözü
02 Sentyabr 2026, saat 14:55   •   🌡️ Bakı

Azərbaycanda payız hərbi çağırışı ilə bağlı Sərəncam imzalandı

Odlar.media xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək, o cümlədən həmin gün 18 yaşı tamam olmuş şəxslər, eləcə də 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan və Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş vətəndaşlar hərbi xidmətə çağırılacaqlar.
Bu kateqoriyaya müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya hərbi xidmətə çağırışdan azad edilməmiş şəxslər daxildir.
Eyni zamanda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulan xidmət müddətini başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Sərəncamın icrası ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılıb.

Odlar.media