XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:28:04 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Efirə ruh verən qadın…- Fuad Biləsuvarlı yazır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Televiziya ekranında səmimiyyət, zövq və enerjini bir araya gətirən nadir simalardan biri də Lamiyə Ələkbərova olub. Onun adı uzun illər təkcə aparıcılıqla deyil, həm də peşəkarlıq, intellekt və səmimiyyət anlayışları ilə assosiasiya olunub. O, hər dəfə efirdə göründükdə tamaşaçının gününə bir az işıq, bir az da müsbət ovqat qatmağı bacarıb.

Lamiyə Ələkbərova uzun illər Azərbaycan televiziya məkanında özünəməxsus yeri olan peşəkarlardan biri kimi tanınıb. O, 1995–2006-cı illərdə Azərbaycan Dövlət Televiziyasında rejissor və aparıcı kimi fəaliyyət göstərib. Daha sonra, 2006–2017-ci illərdə Lider Televiziyasında baş rejissor və direktor müavini vəzifələrində çalışıb.
Lamiyə Ələkbərova 2017–2018-ci illərdə İctimai Televiziyanın Musiqi və Xüsusi Layihələr Departamentinə rəhbərlik edib. 2018–2023-cü illərdə Mədəniyyət kanalında direktor müavini, 2023–2026-cı illərdə isə MTV Azərbaycan kanalında Musiqi Departamentinin direktoru vəzifəsində çalışıb.
Uzun müddət MTV-də yayımlanan “Günorta efirdəyik” proqramının aparıcısı kimi tamaşaçıların qarşısına çıxıb və hər dəfə efiri yeni ruh, yeni enerji ilə zənginləşdirib.
Günorta saatlarında canlı efirə çıxmaq hər aparıcının üzərinə götürə biləcəyi məsuliyyət deyil. Bu saatlar həm tamaşaçı, həm də televiziya üçün xüsusi əhəmiyyət daşıyır. Çünki insanların günün ritmi və ovqatı müəyyən mənada məhz bu saatlarda efirdə olan simaların təqdimatından da asılı olur.
Lamiyə xanım bu ritmin ayrılmaz parçasına çevrilməyi bacarıb. Onun efiri yalnız informativ deyil, həm də ruhlandırıcı olub. Hər verilişdə o, tamaşaçını müsbət enerjiyə kökləyib, xoş ab-hava yaradıb.
Tamaşaçı üçün “Günorta efirdəyik” sadəcə bir proqram olmayıb. Bu veriliş günün axarına enerji qatan, yorğunluğu unutduran, bəzən isə yeni ilham bəxş edən bir efir məkanına çevrilib.
Lamiyə Ələkbərova MTV-nin Musiqi Departamentinin rəhbəri kimi də bir sıra yaradıcı qərarların arxasında dayanıb. O, musiqinin efirdəki yerini yalnız səslənən melodiyalarla ölçməyib, onu duyğu və ovqat kimi dəyərləndirib. Hər layihədə, hər musiqi seçimində onun estetik baxışı hiss olunub.
O, televiziya musiqi siyasətinin formalaşmasında iştirak etməklə yanaşı, gənc ifaçılara da meydan verib, yeni səslərin efirdə tanınmasına şərait yaradıb. Onun üçün musiqi milli kimliyin, mədəni yaddaşın və duyğuların ifadəsi olub.
Lamiyə xanım həm klassik, həm də müasir musiqi üslublarını eyni dərəcədə dəyərləndirib və bu müxtəlifliyi efirdə balanslı şəkildə təqdim etməyi bacarıb.
Onun efir tərzi isə onu həmkarlarından fərqləndirən ən mühüm cəhətlərdən biri olub. Danışığında səmimiyyət, baxışında doğmalıq, təqdimatında təbii axıcılıq hiss olunub. Ekranda o, sadəcə aparıcı olmayıb — tamaşaçı ilə dialoq quran, qarşısındakı hər bir insana hörmətlə yanaşan, sözün dəyərini bilən bir şəxs kimi yadda qalıb.
O, hər qonağına öz sahəsində dəyərli insan kimi yanaşıb, tamaşaçını isə sadəcə ekranın o biri tərəfində oturan biri kimi deyil, efir ailəsinin üzvü kimi qəbul edib. Bəlkə də məhz buna görə onun efirindəki atmosfer rahat və səmimi olub.
Lamiyə Ələkbərova efiri canlı orqanizm kimi qəbul edib. Onun üçün efir sadəcə məkan olmayıb, bir hiss olub. O, hər baxışın, hər sözün, hətta hər sükutun belə tamaşaçıya ötürdüyü enerjini dərk edib. Bu yanaşma onun aparıcılığını sadəcə peşə deyil, sənət səviyyəsinə yüksəldib.
Lamiyə xanım üçün televiziya bir missiya olub — insanlara sevinc, bilik və pozitiv enerji ötürmək missiyası.
O, efirdə qadın zərifliyi ilə daxili gücü də özündə birləşdirib. Lamiyə Ələkbərova göstərib ki, televiziya məkanında qadın olmaq yalnız zəriflik deyil, həm də zövq, dərinlik, məsuliyyət və peşəkarlıq deməkdir.
Onun duruşunda inam, nitqində incəlik, üslubunda ardıcıllıq olub. Lamiyə efirdə bəzən ciddi, bəzən zarafatcıl, amma hər zaman təbii görünüb. O, süni effektlərə deyil, səmimiyyətə üstünlük verib. Çünki onun ən böyük üstünlüklərindən biri məhz təbii olması olub.
Musiqi Lamiyə xanımın həyatının ayrılmaz hissəsi olub. O, musiqini yalnız peşəsinin bir istiqaməti kimi deyil, ruhunun ifadəsi kimi qəbul edib. Onun efirə baxışında da musiqi ilə həyat arasında xüsusi bir paralellik hiss olunub.
O, hər verilişdə musiqini sadəcə dekorasiya kimi deyil, ab-havanı tamamlayan, duyğuları hərəkətə gətirən mühüm element kimi təqdim edib.
Peşəkar fəaliyyəti boyunca Lamiyə Ələkbərova bir çox insanın həyatında müsbət iz qoyub. Onunla çalışan həmkarları onu səbirli, işgüzar, yaradıcı və komandada hər kəsi dinləməyi bacaran rəhbər kimi tanıyıblar.
O, gənclərə fürsət verməyə, onların inkişafına dəstək olmağa xüsusi önəm verib. Lamiyə üçün rəhbərlik titul deyil, məsuliyyət olub. O, hər layihədə komandasının fikrini dinləyib, yaradıcı ideyalara açıq olub və yeniliyi təşviq edib.
Lamiyə Ələkbərovanın uğuru təsadüfi olmayıb. Bu uğur illərin zəhmətinin, peşəyə olan hörmətin və daim öz üzərində çalışmağın nəticəsi olub.
O, televiziyanın daim dəyişən ritminə uyğunlaşmağı bacaran, eyni zamanda prinsiplərindən güzəştə getməyən peşəkarlardan biri olub. Onun üçün hər efir bir sınaq, hər tamaşaçı isə bir dəyər olub.
Efir onun üçün sadəcə kamera qarşısında görünmək olmayıb. Efir insanlara yaxın olmaq, onlarla eyni dalğada yaşamaq, onların hisslərini duymaq olub. Bəlkə də məhz buna görə tamaşaçılar onu təkcə aparıcı kimi deyil, “tanış sima”, hətta “dost” kimi qəbul ediblər.
O, efirdəki sadəliyini həyatda da qoruyub. Lamiyə Ələkbərova üçün ən böyük mükafat tamaşaçının etimadını qazanmaq olub.
MTV-də çalışdığı illər ərzində o, efirdə qadın duyğusallığını, peşəkar baxışı və müasir düşüncəni birləşdirərək özünəməxsus üslub yaradıb. Onun fəaliyyəti bir daha göstərib ki, televiziya təkcə informasiyanı çatdırmaq vasitəsi deyil, həm də insanların ruhuna toxunmaq sənətidir.
Lamiyə xanım hər dəfə efirə çıxanda sanki bir həqiqəti xatırladıb: televiziya sadəcə iş deyil, həm də hiss, nəfəs və insanlarla qurulan görünməz bağdır.
Onun səsi, baxışı, enerjisi və üslubu ilə formalaşan bu hiss televiziya tamaşaçısına tanış bir ahəng kimi gəlib. Onun efiri hər dəfə yeni bir notla başlayıb, pozitiv ovqatla tamamlanıb.
Lamiyə Ələkbərova Azərbaycan televiziya məkanında səmimiyyətin, zövqün və peşəkarlığın vəhdətini təmsil edən simalardan biri olub. O, efirə ruh verib və bu ruh tamaşaçının yaddaşında uzun illər yaşayacaq.
Onun haqqında danışarkən bir məqamı xüsusilə vurğulamaq lazımdır: Lamiyə xanım efirdə olduğu qədər efirdən kənarda da eyni səmimiyyətə malik olub. Tamaşaçıların sevdiyi təbəssüm onun gündəlik həyatının da ayrılmaz parçası olub. Çünki Lamiyə xanım üçün bu təbəssüm sadəcə ekran effekti deyil — insanlarla ünsiyyətin, pozitiv düşüncənin təbii ifadəsi olub.
Onunla təmasda olan hər kəs bunu hiss edə bilər: o, içdən gələn bir işığa sahibdir. Efir qarşısındakı davranışını heç vaxt “rol” kimi oynamayıb. Bu, onun təbiəti olub.
Tamaşaçı ilə qurduğu əlaqə qarşılıqlı etimada əsaslanıb. Bəlkə də elə buna görə illər keçsə də, o, efirdə təravətini qoruyub. Hər çıxışında yeni bir Lamiyə, yeni bir baxış, yeni bir enerji görmək mümkün olub.
Onun üçün təkrarçılıq peşəkarlığın düşməni olub. Hər dəfə efirə çıxmazdan əvvəl sanki özünü yenidən kəşf edib, hər mövzuya fərqli baxışla yanaşıb.
Lamiyə Ələkbərova televiziyanı bir sənət məktəbi kimi görüb. O, bu sahəyə yalnız texniki tərəfdən deyil, mənəvi baxımdan da yanaşıb. Çünki tamaşaçı hər şeyi hiss edir — səmimiyyəti də, süni gülümsəməni də.
Bu baxımdan Lamiyə xanım üçün efir həm güzgü, həm də imtahan olub. O isə hər dəfə bu imtahandan alnıaçıq çıxmağı bacarıb.
<span;>MTV-nin Musiqi Departamentinin rəhbəri kimi Lamiyə Ələkbərova təkcə musiqi seçməyib, həm də televiziyanın ümumi tonunun formalaşmasına öz töhfəsini verib. Çünki musiqi yalnız arxa fon deyil, efirin ruhudur.
O, bunu çox yaxşı anlayıb. Çalışıb ki, ekran vasitəsilə səslənən hər bir mahnı, hər bir səs tamaşaçıya nəsə ötürsün — bəzən sevinc, bəzən nostalji, bəzən də sadəcə dinclik.
Onun rəhbərliyi ilə formalaşan musiqi xətti televiziya tamaşaçısına həm yerli, həm də dünya musiqisinin müxtəlif nümunələrini təqdim edib.
Lamiyə xanımın yaradıcılıq dünyasında ən mühüm amillərdən biri balans olub. O, həm dinamikanı, həm də dərinliyi qorumağı bacarıb. Hər layihəsində bu iki keyfiyyət bir-birini tamamlayıb.
Bəzən bir cümləlik anonsu belə elə tərzdə səsləndirib ki, tamaşaçı həmin anda diqqətini televiziyadan ayıra bilməyib. Bu da onun efir psixologiyasını yaxşı bilməsinin göstəricilərindən biri olub.
Lamiyə Ələkbərovanın peşə fəlsəfəsində mühüm bir prinsip olub: efir insanın daxili dünyasını göstərə bilən güzgüdür.
<span;>O, bu yanaşmanı öz fəaliyyəti ilə təsdiqləyib. Hər verilişdə qonağının ruhuna enməyi bacarıb. Onun sualları təkcə informativ deyil, həm də müəyyən psixoloji dərinlik daşıyıb.
Bu xüsusiyyət xüsusilə “Günorta efirdəyik” proqramında özünü daha aydın göstərib. Hər dəfə fərqli mövzular, fərqli insanlar, fərqli ovqatlar… Amma dəyişməyən bir Lamiyə olub — eyni enerjili, eyni pozitiv və eyni doğma.
Lamiyə Ələkbərova təkcə efirdə deyil, ekran arxasında da yaradıcı düşüncəyə malik olub. O, verilişlərin ideya mərhələsində iştirak edib, redaksiya ilə fikir mübadiləsi aparıb, yeni yanaşmaları dəstəkləyib.
Televiziya sahəsində bir çox gənc aparıcı Lamiyə Ələkbərovanı özünə örnək hesab edib. Onun təcrübəsi, efirə çıxış tərzi, intonasiyası, jestləri və baxışlarındakı sakit inam yeni nəsil aparıcılar üçün bir məktəb olub.
Amma Lamiyə xanım heç vaxt bu nüfuzla öyünməyib. O, daim öyrənən və inkişaf edən biri kimi qalıb. Bəlkə də onu daim gənc və müasir saxlayan əsas xüsusiyyətlərdən biri də bu olub.
Onun həyatda ən çox dəyərləndirdiyi keyfiyyətlərdən biri dürüstlük olub. O, efirdə də, həyatda da olduğu kimi görünüb. Saxta imic yaratmağa çalışmayıb. Məhz buna görə onu tanıyanlar haqqında “Lamiyə efirdə necədirsə, həyatda da elədir” deyə biliblər.
Lamiyə Ələkbərova üçün qadın olmaq televiziyada həm zərifliyi, həm də gücü ifadə edib. O, qadının efirdə estetik və mənəvi dəyərləri qorumasının tərəfdarı olub.
Onun geyim tərzindən danışıq üslubuna qədər hər şeydə harmoniya hiss olunub: zərif, amma qərarlı; yumşaq, amma prinsipial.
Bu balans onu Azərbaycan televiziyasının qadın simaları arasında fərqləndirən xüsusiyyətlərdən biri olub.
O, öz auditoriyasını yaxşı tanıyıb. Hər dəfə efirdə kimin üçün danışdığını, kimə müraciət etdiyini bilib. Bu, aparıcılıqda olduqca vacib bacarıqdır və illərin təcrübəsindən doğub.
Tamaşaçının nədən yorulduğunu, nə eşitmək istədiyini və hansı ovqata ehtiyac duyduğunu hiss etmək aparıcı üçün böyük üstünlükdür. Elə buna görə də onun efiri tamaşaçı üçün rahat məkan olub — səsin, baxışın və səmimiyyətin vəhdət tapdığı bir yer.
Lamiyə Ələkbərova Azərbaycan televiziya məkanında öz dəst-xətti olan simalardan birinə çevrilib. O, rəhbər, aparıcı və yaradıcı qadın obrazını bir araya gətirib.
<span;>Onun fəaliyyəti göstərib ki, peşəkarlıq və yüksək insani keyfiyyətlər bir arada mövcud ola bilər. Televiziya tarixində belə simalar çox olmur. Hər dövrün öz səsi, öz siması var.
MTV ekranı üçün bu simalardan biri məhz Lamiyə Ələkbərova olub.
Onun efiri işıq saçıb, enerjisi ruh verib, sözü dəyər qazandırıb.
Lakin həyat və yaradıcılıq yolunda yeni mərhələ artıq başlayıb. Lamiyə Ələkbərova MTV-dəki fəaliyyətini başa vuraraq TMB-də yeni vəzifədə çalışmağa başlayıb. Bu yeni mərhələ onun çoxillik televiziya təcrübəsinin, peşəkar bacarığının və yaradıcı potensialının başqa bir müstəvidə davamı kimi dəyərləndirilə bilər.
İnanıram ki, Lamiyə xanım TMB-də də öz dəst-xətti, peşəkarlığı, səmimiyyəti və zəngin təcrübəsi ilə çalışdığı sahəyə yeniliklər gətirəcək, yeni uğurlara imza atacaq.
Bəlkə də elə buna görə Lamiyə Ələkbərova haqqında bu yazının adını təsadüfi seçməmişəm: “Efirə ruh verən qadın”.
Çünki bəzi insanlar efirdən getsələr də, efirə verdikləri ruh yaddaşlardan silinmir.

 

\

 

Müəllif: Fuad Biləsuvarlı – AYB və AJB üzvü, Prezident mükafatçısı, Həsən bəy Zərdabi mükafatı laureatı

Mənbə: Odlar.media

Etiketlər: