Odlar.media xəbər verir ki, Əməkdar jurnalist, professor, siyasi şərhçi Qulu Məhərrəmli Rusiyada siyasi və iqtisadi proseslərin getdikcə daha mürəkkəb xarakter aldığını bildirib. Qulu Məhərrəmlinin sözlərinə görə, ABŞ Senatının Rusiyaya qarşı iqtisadi təzyiqləri daha da sərtləşdirən sanksiyalar paketini böyük səs çoxluğu ilə qəbul etməsi Moskvanın beynəlxalq müstəvidə qarşılaşdığı təcridin dərinləşdiyini göstərir.
“ABŞ Senatının Rusiya iqtisadiyyatını dağıdacaq sanksiyaları böyük səs çoxluğu ilə qəbul etməsi bir daha göstərir ki, ‘şər yuvası’ olan Moskva çevrəsində dairə sürətlə daralır. Əvvəllər ehtiyatlı mövqe tutan ölkələr də indi Ukraynaya açıq dəstək verirlər. Tramp və ABŞ hökumətinin də Kiyevə münasibətdə mövqeyini 180 dərəcə dəyişməsi neytral ölkələri ürəkləndirib”, – deyə professor qeyd edib.
Onun fikrincə, Qərbin Rusiyaya qarşı mövqeyinin sərtləşməsi artıq ayrı-ayrı ölkələrin siyasi bəyanatları ilə məhdudlaşmır, hərbi, iqtisadi və diplomatik müstəvidə konkret addımlarla müşayiət olunur.
Qulu Məhərrəmli bildirib ki, son dövrlərdə Türkiyənin Ukraynaya silah yardımı məsələsində ABŞ-a müraciət etməsi, Serbiyanın ilk dəfə Ukraynanın energetika sektoruna milyonlarla avro vəsait ayırması diqqətçəkən hadisələrdəndir.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun müharibə dövründə ilk dəfə Kiyevə rəsmi səfər etməsi də regiondakı diplomatik fəallığın mühüm göstəricisidir. Orta Asiya ölkələrindən də Volodimir Zelenskiyə və Ukraynaya dəstək ifadə olunur. Bütün bunlar Rusiyanın əvvəlki illərdə formalaşdırdığı siyasi təsir imkanlarının tədricən zəiflədiyini göstərir”, – deyə siyasi şərhçi vurğulayıb.
Professor Rusiyanın daxilində baş verən proseslərə də diqqət çəkib. Onun sözlərinə görə, müharibənin sosial-iqtisadi nəticələri getdikcə daha çox hiss olunduqca, cəmiyyətdə narazılıq əhval-ruhiyyəsi də artır.
“Rusiyanın özündə müharibənin acılarını duyan əhali tədricən etiraz etməyə başlayıb. Bəzi oliqarxlar artıq narazılıqlarını gizlətmirlər. Çünki Moskva avtoritarizmi Stalin dövründəki kimi ideologiyaya deyil, Putinin qurduğu korrupsiya-maliyyə sisteminə söykənir. Bu sistemin maraqları zərər çəkdikcə, hakimiyyət həmin maraqları qoruya bilmədikcə Putinə qarşı narazılıq da artır”, – Qulu Məhərrəmli deyib.
O hesab edir ki, Vladimir Putinin siyasi dayaqlarının zəifləməsi ilk növbədə hakimiyyət daxilindəki maraq qrupları arasındakı münasibətlərdən asılı olacaq. Çünki uzun illər ərzində Rusiya hakimiyyətinin əsas dayaqlarından biri oliqarxlar, təhlükəsizlik strukturları, bürokratik elita və iri biznes qrupları arasında formalaşmış qarşılıqlı maraqlar sistemi olub.
“Son günlərdə Putinin reytinqinin aşağı düşməsi də müəyyən mənada göstərir ki, hadisələr onun hakimiyyətdən götürülməsi ehtimalını gündəmə gətirir. Lakin burada tələsmək olmaz. Putin kimi avtoritar liderlərin hakimiyyətdən getməsi yalnız küçə etirazları və ya cəmiyyətdəki narazılıqla həll olunan məsələ deyil”, – deyə professor bildirib.
Qulu Məhərrəmlinin fikrincə, Putin hakimiyyətdə qalmaq üçün uzun illər ərzində çoxqatlı təhlükəsizlik və siyasi müdafiə mexanizmi yaradıb. Buna görə də Rusiyada hakimiyyət dəyişikliyi baş verəcəksə, prosesin hansı formada və hansı qüvvələrin iştirakı ilə reallaşacağı böyük sual olaraq qalır.
“Əlbəttə, bəzilərinin düşündüyü kimi, bu, heç də asan məsələ deyil. Çünki Putin kimi diktatorlar, xüsusən belə böhranlı vəziyyətlərdə özlərinin təhlükəsizliyini və kreslolarını qorumaq üçün çoxqatlı müdafiə sistemi qururlar. Bu sistemə güc strukturları, siyasi elita, iqtisadi maraq qrupları və informasiya resursları daxildir.
Ona görə də əsas sual budur: Rusiyada artan xarici təzyiqlər, iqtisadi problemlər, müharibənin yaratdığı sosial narazılıq və hakimiyyət daxilində mümkün fikir ayrılıqları Putinin qurduğu sistemi nə dərəcədə sarsıda biləcək? Görək, Putin bütün bunların fonunda hakimiyyətini qorumağı bacaracaqmı?!” – deyə Qulu Məhərrəmli vurğulayıb.
Mənbə: Odlar.media
