Odlar.media xəbər verir ki, Azərbaycanda uzun illərdir həllini gözləyən sənədsiz evlər problemi yenidən gündəmə gəlib. Milli Məclisdə deputat Kamal Cəfərov tərəfindən bu kateqoriyadan olan evlər üçün amnistiya mexanizminin tətbiqi təklif olunub. Rəsmi məlumatlara əsasən, ölkədə 500 mindən çox sənədsiz yaşayış evi mövcuddur.
Mütəxəssislərin fikrincə, hüquqi statusun olmaması vətəndaşların qeydiyyat, kommunal xidmətlərdən istifadə, vərəsəlik, alqı-satqı və kredit imkanları kimi fundamental mülkiyyət hüquqlarını məhdudlaşdırır. Eyni zamanda, bu cür daşınmaz əmlakların bazar dəyəri orta hesabla 20-30 faiz aşağı düşür, banklar isə onları girov kimi qəbul etmir.
Problemin həlli üçün Türkiyədə 2018-ci ildə tətbiq edilmiş və 7 milyondan çox tikilini əhatə edən “İmar Barışı” proqramı nümunə göstərilir. Təklif olunur ki, nəqliyyat və enerji xətlərinin mühafizə zolaqları, eləcə də digər təhlükəli ərazilər istisna olmaqla, qalan tikililərin leqallaşdırılması istiqamətində dövlət proqramı həyata keçirilsin.
Əmlak eksperti Firdovsi Xəlilov hesab edir ki, problemin birdəfəlik həlli mümkün deyil və proses mərhələli şəkildə aparılmalıdır.
“Ən asan həll edilə biləcək kateqoriya çoxmənzilli yaşayış binalarındakı mənzillərdir. Hazırda bir çox yeni tikilidə sakinlər qaz, su və elektriklə təmin olunsalar da, çıxarışların verilməsi illərlə gecikir. İlkin hesablamalara görə, tikinti şirkətləri qarşısında öhdəliklərini yerinə yetirmiş 50-55 min mənzil qısa müddətdə sənədləşdirilə bilər”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, növbəti mərhələdə təyinatı yaşayış üçün nəzərdə tutulmayan torpaqlarda inşa edilmiş fərdi evlərin hüquqi statusu müəyyənləşdirilməlidir. Xüsusilə Bakının Binə, Xocəsən, Pirşağı, Mehdiabad qəsəbələri və Sumqayıt ətrafındakı ərazilərdə belə evlərin sayı çoxdur.
Ekspert qeyd edib ki, bələdiyyə sənədli torpaqlarda yerləşən evlər üzrə də ilkin olaraq ərazilərin hüquqi statusu və mübahisə predmetinin olub-olmaması araşdırılmalıdır. Yalnız bundan sonra torpaqların təyinatı dəyişdirilərək çıxarışların verilməsinə başlanıla bilər.
F.Xəlilovun fikrincə, ən mürəkkəb məsələ isə zəbt olunmuş və mübahisəli torpaqlarda tikilən evlərlə bağlıdır. Buraya yüksək gərginlikli elektrik xətlərinin altındakı, magistral yolların kənarındakı və su kollektorlarının üzərində yerləşən tikililər daxildir.
“İnsan həyatı üçün təhlükəli olan tikililər istisna olmaqla, digər kateqoriyalarda sənədləşmə prosesinə başlanarsa, bir il ərzində 500 min sənədsiz evin ən azı yarısına çıxarış vermək mümkün ola bilər. Bununla yanaşı, gələcəkdə yeni qanunsuz tikililərin yaranmasının qarşısını almaq üçün ciddi nəzarət mexanizmləri tətbiq edilməlidir”, – deyə o vurğulayıb.
Hüquqşünas Rüstəm Əzimzadə isə hesab edir ki, parlamentdə səsləndirilən amnistiya təşəbbüsü hüquqi baxımdan tam reallaşdırıla bilər. Onun sözlərinə görə, hazırda minlərlə tikili faktiki olaraq istifadə olunsa da, hüquqi baxımdan dövlət reyestrində mövcud deyil.
“Türkiyədə tətbiq edilən ‘İmar Barışı’ proqramı çərçivəsində yeddi milyondan çox tikili bazar dəyərinin təxminən 3 faizi həcmində ödəniş qarşılığında leqallaşdırılıb. Oxşar təcrübə İspaniya və Portuqaliya da daxil olmaqla bir sıra ölkələrdə müsbət nəticələr verib”, – deyə hüquqşünas bildirib.
Onun sözlərinə görə, amnistiya tətbiq edilərsə, vətəndaşlar Konstitusiya ilə qorunan mülkiyyət hüquqlarından tam istifadə edə, vərəsəlik məsələlərini rəsmiləşdirə və daşınmaz əmlakı sərbəst şəkildə alqı-satqı və girov əməliyyatlarına cəlb edə biləcəklər.
Hüquqşünas Elnur Məmmədov isə vurğulayıb ki, ilk növbədə hansı tikililərin leqallaşdırılmasının mümkün olduğu dəqiq müəyyənləşdirilməlidir. Onun fikrincə, strateji əhəmiyyətli ərazilərdə, nəqliyyat və enerji xətlərinin mühafizə zolaqlarında, təhlükəli geoloji zonalarda yerləşən evlərin sənədləşdirilməsi mümkün deyil.
E.Məmmədov hesab edir ki, problemin həlli üçün mövcud qanunvericiliyə ayrı-ayrı dəyişikliklər etmək kifayət etməyə bilər. Buna görə də xüsusi dövlət proqramının və ya ayrıca qanunun qəbul edilməsi daha məqsədəuyğun variant kimi qiymətləndirilir.
