Odlar.media xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Özbəkistanın aparıcı ali təhsil və incəsənət müəssisələri arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudovanın sözlərinə görə, iki ölkə arasında dostluq və mədəni əlaqələrin inkişafına xidmət edən əməkdaşlıq müəllim və tələbə mübadiləsi, ixtisasartırma proqramları, ustad dərsləri, elmi konfranslar, beynəlxalq festivallar və birgə yaradıcılıq layihələrini əhatə edir.
Rektor bildirib ki, universitet Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu, Nəvai Dövlət Universiteti, Buxara Dövlət Texniki Universiteti, Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutu, Yunus Rəcəbi Milli Musiqi İnstitutu, Şarəf Raşidov adına Səmərqənd Dövlət Universiteti və Buxara Dövlət Universiteti ilə əməkdaşlıq edir.
Əməkdaşlıq çərçivəsində Özbəkistandan olan müəllimlər ADMİU-ya dəvət olunur, tələbələr üçün mühazirə və praktiki məşğələlər, eləcə də ustad dərsləri təşkil edilir. Eyni zamanda, universitetin tələbələri Özbəkistanda keçirilən beynəlxalq incəsənət festivallarında iştirak edirlər.
C.Mahmudovanın sözlərinə görə, qarşılıqlı əlaqələrin mühüm istiqamətlərindən biri də müəllimlərin peşəkar inkişafı və ixtisasartırmasıdır. Özbəkistanın professor-müəllim heyəti ADMİU-da keçirilən proqramlara qatılır, müasir tədris metodları və yaradıcı pedaqoji texnologiyalarla bağlı təcrübə mübadiləsi aparılır.
Universitetdə hazırda Özbəkistan vətəndaşı olan tələbənin magistratura səviyyəsində moda ixtisası üzrə təhsil aldığı da bildirilib.
Rektor qeyd edib ki, ADMİU-nun müəllimləri də Özbəkistanda keçirilən elmi, mədəni və yaradıcılıq tədbirlərində fəal iştirak edirlər. Universitetin müəllimləri beynəlxalq konfranslarda məruzələrlə çıxış edir, ustad dərsləri keçir və konsert proqramlarına qatılırlar.
C.Mahmudova bildirib ki, ADMİU qarşıdakı dövrdə Özbəkistanın tərəfdaş ali təhsil müəssisələri ilə birgə layihələri və akademik proqramları genişləndirməyi, tələbə və müəllimlərin beynəlxalq mobilliyini artırmağı, eləcə də iki ölkənin gənc sənətçiləri arasında yeni əlaqələrin qurulmasını prioritet istiqamətlər kimi davam etdirəcək.
ADMİU ilə Özbəkistanın ali təhsil və incəsənət müəssisələri arasında əməkdaşlıq genişlənir
Mətn: