Odlar.media xəbər verir ki, bu axşam keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva, İsrail) qarşılaşması ilə əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək.
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç penaltilər seriyasına qədər davam edərsə, metro stansiyaları gecə saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq.
Oyunla əlaqədar “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək. “Nərimanov” və “28 May” stansiyalarında isə əlavə təhlükəsizlik və tənzimləmə tədbirləri görüləcək.
Həmçinin ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq, növbətçilik əsasında əlavə köməkçi işçi qüvvəsi cəlb olunacaq.
Bildirilib ki, gün ərzində qatarların hərəkəti mövcud qrafik üzrə davam etdiriləcək.
