Odlar.media xəbər verir ki, Avropada bu yay qeydə alınan ardıcıl dörd güclü isti hava dalğası on minlərlə insanın ölümünə səbəb olub.
İlkin və hələ tam yekunlaşmayan məlumatlara əsasən, qitənin təxminən yarısını əhatə edən isti hava dalğaları nəticəsində normal göstəricilərlə müqayisədə ən azı 35 min əlavə ölüm qeydə alınıb. Almaniya, Fransa və İspaniyada əlavə ölüm hallarının ümumi sayı 25 mini ötüb.
Mütəxəssislər bildirirlər ki, isti hava bir çox hallarda ölüm haqqında tibbi sənədlərdə birbaşa səbəb kimi göstərilmir. Bundan əlavə, avqust ayına dair məlumatların statistik sistemlərə tam daxil edilməməsi yekun rəqəmin daha yüksək ola biləcəyini göstərir.
Almaniya və İspaniyada rekord göstəricilər
İsti hava ilə əlaqəli ən çox ölüm Almaniyada qeydə alınıb. Robert Kox İnstitutunun məlumatına görə, aprelin əvvəlindən avqustun əvvəlinədək ölkədə təxminən 14 min nəfər yüksək temperaturla əlaqəli səbəblərdən həyatını itirib.
Təkcə iyunun son həftəsində Almaniyada 9 600 ölüm faktı qeydə alınıb. Bu göstərici ölkədə müvafiq statistikanın aparılmağa başlanmasından bəri ən ölümcül yay mövsümünə işarə edir.
İspaniyada isə III Karlos adına Sağlamlıq İnstitutunun məlumatına əsasən, may ayından etibarən təxminən 5 min nəfər isti hava dalğaları səbəbindən ölüb. Bununla da ölkədə isti ilə əlaqəli ölüm göstəricisi 2022-ci ildəki rekordu geridə qoyaraq tarixin ən yüksək səviyyəsinə çatıb.
Fransa, İtaliya və İngiltərədə də itkilər çoxalıb
Fransada yüzlərlə meteoroloji stansiyada temperaturun 40 dərəcədən yuxarı olduğu qeydə alınıb. Mayın sonu ilə iyulun sonu arasında ölkədə 7 mindən çox əlavə ölüm faktı müəyyənləşdirilib. İlkin məlumatların yalnız elektron ölüm haqqında şəhadətnamələrə əsaslanması səbəbindən bu rəqəmin artacağı gözlənilir.
İtaliyada isə aparılan modelləşdirmələr isti hava ilə əlaqəli ölüm hallarının ümumi sayının 5-8 min arasında ola biləcəyini göstərir.
İngiltərədə may və iyun aylarında baş verən isti hava dalğalarının təxminən 2 900 nəfərin ölümünə səbəb olduğu təxmin edilir. Belçika, Niderland, Polşa və İsveçrədə də ölüm göstəricilərində nəzərəçarpacaq artım qeydə alınıb.
İsti hava xroniki xəstəlikləri ağırlaşdırır
Səhiyyə mütəxəssislərinin sözlərinə görə, yüksək temperatur əksər hallarda ölüm səbəbi kimi birbaşa qeyd olunmur. Həddindən artıq isti hava ürək-damar, tənəffüs sistemi və böyrək xəstəlikləri kimi xroniki problemləri ağırlaşdıraraq ölüm riskini yüksəldir.
Bu səbəbdən isti hava ilə əlaqəli real ölüm statistikasının tam müəyyənləşdirilməsi aylar çəkə bilər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, iqlim dəyişikliyinin yaratdığı qlobal istiləşmə və əhalinin yaşlanması fonunda Avropa regionunda həddindən artıq isti ilə əlaqəli ölüm halları son 20 ildə 30 faizdən çox artıb.
Avropanın müxtəlif bölgələrində temperaturun 40 dərəcəni keçməsi isə iqlim dəyişikliklərinin insan sağlamlığı üçün yaratdığı təhlükənin miqyasını bir daha nümayiş etdirir.
