Odlar.media xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik ünvanlayıb.
Müdafiə nazirinin təbrikində qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin qorunmasında mühüm rol oynayır və ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Zakir Həsənov bildirib ki, 1918-ci il iyunun 26-da yaradılan Əlahiddə Azərbaycan Korpusu milli ordu quruculuğunun hüquqi əsasını təşkil edib və Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla həmin tarix Azərbaycanda Silahlı Qüvvələr Günü kimi təsis olunub.
Təbrikdə vurğulanıb ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Vətən müharibəsində tarixi qələbə qazanıb, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib.
Müdafiə naziri qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə Azərbaycan Ordusunun şəxsi heyəti də öz töhfəsini verməkdə davam edir.
Zakir Həsənov, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsini dərin ehtiramla yad edib, şəhid ailələrini, müharibə veteranlarını və sağlamlığını itirmiş hərbçiləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
Müdafiə naziri Azərbaycan Ordusunun bütün şəxsi heyətinə möhkəm cansağlığı, uzun ömür və Vətənə xidmətlərində yeni uğurlar arzulayıb.
