Odlar.media xəbər verir ki, iyunun 17-dən 25-dək keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi yekunlaşıb.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, tam elektron formada təşkil olunan imtahanlar ölkənin 19 şəhər və rayonunda fəaliyyət göstərən 35 imtahan mərkəzində keçirilib. İmtahanlarda ümumilikdə 22 mindən çox müəllim iştirak edib və 96 faizlik davamiyyət göstəricisi qeydə alınıb.
Qeyd olunub ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil ediləcək. Bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.
Həmçinin bildirilib ki, iyunun 26-da keçirilən sertifikatlaşdırmanın test mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna həmin gün saat 12:00-dan etibarən başlanılıb.
Proses və nəticələrlə bağlı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi vasitəsilə müraciətlərini təqdim edə bilərlər. Apellyasiya müraciətlərinin qəbulu iyulun 26-sı saat 12:00-dək davam edəcək.
Müraciətlərin təhlili başa çatdıqdan sonra sertifikatlaşdırma prosesinin yekun nəticələri elan olunacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sertifikatlaşdırma prosesini uğurla başa vuran müəllimləri təbrik edib, onların peşəkarlığını, məsuliyyətini və pedaqoji fəaliyyətə sadiqliyini yüksək qiymətləndirdiyini bildirib.
