İnsanlar ölmür.
Yox olurlar.
Şəkil olurlar,
söz olurlar,
yazı olurlar.
Hərdən axtarıram gedənləri.
Küçə-küçə gəzirəm,
zəng vururam.
Zəng çatmır.
Haraya yox oldunuz?
Deyirdiniz,
gülürdünüz,
gələcək kimiydiniz.
Amma gələcəkdə yoxsunuz.
Qaldınız hardasa uzaqlarda.
Biriniz 90-cı illərdə,
biriniz 2000-ci illərdə.
Atam 2005-də yox oldu.
Hələ də inana bilmirəm yoxluğuna.
Otağına baxıram,
masasına baxıram.
Yoxdur adam.
Qorxuram mən də
bir gün yox olum.
Elə yox olum ki,
özüm də tapa bilməyim
özümü.
_________________________
Şəhid qadını
Qaynatasının tamah üçün qətlə yetirdiyi şəhid qadınının xatirəsinə)
Oddan-alovdan keçdin, şəhid qadını.
Güllələndin, öldün.
Əri ölən qadın da ölür, şəhid qadını.
Həm də dirigözlü ölür,
gözləri dünyaya baxa-baxa.
Bir də öldürdülər səni, şəhid qadını.
Əri ölən qadını
it də tutdu bir yandan…
İnnən belə xatirən kölgə olmağa yetməz uşaqlara.
Heç bir kölgə ana boyda olmaz.
Heç bir xatirə
ana əlləri qədər isti olmaz.
Məsum gülüşün
geri qaytara bilməz gedəni,
amma unutdurmaz da.
Hər dəfə Şuşaya gedəndə
səni də xatırlayacağam, şəhid qadını.
Çünki səni
müharibədə deyil,
sülh vaxtı öldürdülər.
Mənbə: Odlar.media
