Odlar.media xəbər verir ki, Biləsuvarda təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edən növbəti mühüm hadisə baş verib. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan Bağça-Məktəb-Lisey Kompleksində Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
İyunun 1-də – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey, elm və təhsil ictimaiyyətinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə təhsil kompleksinin həyətində yerləşən Mübariz İbrahimovun abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra qonaqlar təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olub, şagirdlərin nailiyyətlərini əks etdirən stendlərə baxış keçiriblər. Ardınca Konfutsi Mərkəzinin fəaliyyətə başlamasını simvolizə edən qırmızı lent kəsilib.
Bildirilib ki, bir neçə ay əvvəl əsası qoyulan əməkdaşlıq çərçivəsində artıq bu ilin mart ayından etibarən kompleksdə Çin dilinin tədrisinə başlanılıb. Yeni yaradılan mərkəzdə dil tədrisi ilə yanaşı, Çin mədəniyyətinin öyrənilməsi, elmi və mədəni layihələrin, həmçinin mübadilə proqramlarının təşkili nəzərdə tutulur.
Mərkəzdə Çin xalqının tarixi və mədəni irsini əks etdirən xüsusi guşələr yaradılıb. Burada nümayiş etdirilən eksponatlar və dekorativ elementlər qonaqların marağına səbəb olub.
Tədbir daha sonra kompleksin akt zalında davam edib. Bayram proqramı çərçivəsində şagirdlər musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Çin dilində ifa olunan mahnılar və təqdim edilən kompozisiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Çıxış edən kompleksin icraçı direktoru Aqşin Bağırov, akademik Kamal Abdulla və səfir Lu Mey uşaqları bayram münasibətilə təbrik edərək vurğulayıblar ki, Konfutsi Mərkəzinin yaradılması şagirdlərin xarici dillərə marağının artırılması, onların beynəlxalq təhsil imkanlarına çıxışının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, son illərdə beynəlxalq əlaqələrini sürətlə inkişaf etdirən Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi müxtəlif ölkələrin nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurub və beynəlxalq təcrübə proqramlarında fəal iştirak edib.
Təhsil müəssisəsinin mühüm nailiyyətlərindən biri də yaxın vaxtlarda rəsmi olaraq Cambridge International Education çərçivəsində “Cambridge Beynəlxalq Məktəbi” statusu əldə etməsidir. Hazırda kompleksdə Cambridge proqramının tətbiqi istiqamətində işlər davam etdirilir.
2010-cu ildən fəaliyyət göstərən təhsil kompleksi hər il məzunlarının ali məktəblərə qəbulunda yüksək nəticələr nümayiş etdirməklə yanaşı, beynəlxalq təhsil məkanına inteqrasiya istiqamətində də fəaliyyətini genişləndirir.
Mübariz Təhsil Kompleksində fəaliyyətə başlayan Konfutsi Mərkəzi isə təhsil ocağının beynəlxalq əməkdaşlığa açıq inkişaf strategiyasının və qlobal təhsil imkanlarına inteqrasiyasının növbəti mühüm mərhələsi kimi qiymətləndirilir.

Samir Qurbanov
Mənbə: Odlar.media
