Altay Mirzəyev: “Məhkumların cəzanı çəkdikdən sonra cəmiyyətdə adaptasiyası ilə bağlı problemlər yaranır”
“Cinayətkar cəzasız qalanda cəmiyyətdə anarxiya yaranır”
Təkrar cinayətkarlıq kriminal fonu daim gərgin saxlayır. Narkotiklərlə bağlı təkrar cinayətkarlıq isə narkomaniyanı və narkoticarəti daim hərəkətli saxlayan amillərdən biridir. Hansı ki, 2024-cü ildə Azərbaycanda 3202 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 2 ton 015 kq 101,147 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
2025-ci ildə 2682 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 2 ton 275 kq 158,226qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
2026-cı ilin yanvar-may aylarında isə 1132 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 887kq 290,9 qr müxtəlif növ narkotik vasitə müsadirə edilib.
Yeri gəlmişkən, 2024-ci ilə nisbətən 2025-ci ildə rəqəmlərdə qismən azalma müşahidə ounub. 2026-cı ilin yanvar-may ayları üzrə rəqəmlər 2025-ci ilin yanvar-may ayı rəqəmlərindən çoxdur. Hansı ki, 2025-ci ilin yanvar – may aylarında 872 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 791 kq 291,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Azərbaycanda təkrar cinayətkarlığın artmasına, yaxud azalmasına təsir edən əsas amillərin nələr olduğu haqda tanınmış vəkil Altay Mirzəyevin fikirlərini öyrəndik.
– Altay müəllim, narkotiklərlə bağlı təkrar cinayətkarlıq narkomaniya və narkoticarətin dinamikasını yuxarı səviyyədə saxlayır. Narkotiklərlə bağlı həbsə düşənlər təkrar bu cinayətlərə əl atırlar. Necə düşünürsünüz, Azərbaycanda narkotiklə bağlı təkrar cinayətlərin artmasına, yaxud azalmasına təsir edən əsas amillər nələrdir?
– Mən hesab edirəm ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin əvvəllər cinayət törətmiş şəxslər tərəfidən təkrar törədilməsində bir neçə obyektiv-subyektiv səbəblər var. Hesab edirəm ki, onlardan birincisi, məhkumların cəzaçəkmə müəssisələrinə göndəriləndən sonra onların islah olunması üçün Penitensiar Xidmət tərəfindən lazımi tədbirlərin aparılmamasıdır. Bu şəxsi təkcə cəmiyyətdən təcrid etmək yox, həm də cəzaçəkmə müəssisələrində bununla bağlı maarifləndirmə işi, profilaktiki işlər görülməlidir ki, onlar islah olunsunlar, cəmiyyətə qayıdanda adaptasiya olsunlar və həmin cinayəti yenidən törətməsinlər. Birinci səbəb kimi bunu göstərmək istəyirəm. Yəni təkcə cinayət törətmiş şəxsi cəmiyyətdən təcrid edib, cəzaçəkmə müəssisəsinə göndərməklə iş bitmiş hesab olunmasın. Bu müəssisələrdə lazımi profilaktiki işlər görülməlidir, maarifləndirmə işləri aparılmalıdır. Bura ictimaiyyət, maarifləndirmə-profilaktik işə ictimai təşkilatlar cəlb olunmalı, görüşlər, tədbirlər keçirilməlidir. QHT-lər cəlb olunmalıdır ki, o adamlar həmin əməli yenidən törətməyə səy göstərməsinlər, çəkinsinlər.
İkinci səbəb, məhkumların cəzanı çəkdikdən sonra cəmiyyətdə adaptasiyasıdır. Bununla bağlı problemlər yaranır. Bunun da obyektiv səbəbləri var: ilk növbədə işsizlik. Bu adamların işlə təmin olunmasıyla bağlı rəsmi dövlət orqanları tərəfindən lazımi qaydada işlər aparılmalıdır ki, işləsinlər, ailələrini dolandıra, qazanc əldə edə bilsinlər. Elə mənim özüm də rastlaşımışam ki, onlar cəmiyyətə qayıdırlar, iş axtarırlar, istər özəl sektorda, istər dövlət müəssisələrində işləmək istəyirlər. Cəmiyyətə adaptasiya olmaq istəyirlər ki, təkrar cinayət törətməsinlər, məhkum olunmasınlar.
O ki qaldı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cəza alıb məhkum olunanlara, belə şəxslər bir qayda olaraq, demək olar ki, işə qəbul olunmurlar. İstər özəl sektorda – özəl biznes sahəsində, istər dövlət orqanlarında işlə təmin olunmurlar. Nəticə etibarilə nə olur – şəxslər yenidən cinayətə tərəf yuvarlanırlar. Yenidən o əməli törədirlər və bunu daha asan yol hesab edirlər ki, tutualım, gəldin, götürdün, bir yerdən başqa bir yerə apardın, bir gün ərzində 500 – min manat pul qazandın. Bu yolla asan pul qazanmaq istəyirlər, çünki işləyə bilmirlər. Bu 2-ci səbəbdir. Digər bu kimi səbəbləri də saymaq olar.
“Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cəza alanlar demək olar ki, işə qəbul olunmurlar”
– Siz islah məsələsinə toxundunuz. Ümumiyyətlə, təkrar cinayətlərin qarşısını almaq üçün sərt cəzalar effektivdir, yoxsa probasiya və sosial reabilitasiya? Bizdə belə proqramlar varmı? Onlar effektivdirsə, yəqin ki, insanlar təkrar cinayətkarlığa yönəlməz…
– Mən bir şeyi qeyd edim – bunu Cinayət Prosessusal qanunvericiliyi də tələb edir ki, ümumiyyətlə, cəza qisas məqsədi daşıya bilməz. Yəni şəxs cinayət əməli törədibsə, ilk növbədə onun əməlini ağırlaşdıran və yüngülləşdirən hallara baxmaq lazımdır. Cinayət Məcəlləsinin 59-cu maddəsində cəzanı yüngülləşdirən hallar və 61-ci maddəsində isə ağırlaşdıran hallar nəzərdə tutulub. Cinayət Prosessual Məcəlləsinin 58-ci maddəsində deyilir ki, təyin olunmuş cəza cinayət əməlini törətmiş şəxsin şəxsiyyətinə, həyat şəraitinə uyğun tətbiq olunmalıdır və bu cəza onun ailəsinin ağır həyat şəraitinə gətirib çıxarmasına səbəb olmamalıdır. Sözsüz ki, əgər şəxs ilk dəfə məhkum olunubsa, ilk dəfə cinayət əməli törədibsə, himayəsində azyaşlı uşaqlar varsa, yaşadığı ərazi, işlədiyi yer üzrə müsbət xarakterizə olunursa, əməlindən peşmandırsa, mənə elə gəlir ki, artıq onun barəsində kifayət qədər yüngül cəza, hətta Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirləndirildiyi əmələ görə Cinayət Məcələsinin müvafiq maddəsiylə sanksiya üzrə nəzərdə tutulmuş aşağı cəzadan da aşağı cəza verilə bilər. Cinayət qanunvericiliyi bunu nəzərdə tutur. Mütləq deyil ağır cəza tətbiq olunsun ki, şəxs bir də bu əməli törətməsin.
Amma sözsüz, elə şəxslər var ki, onlar dəfələrlə cinayət əməli törədirlər, islah olunmurlar, onlar barəsində cinayət qanunvericiliyi də deyir ki, residivlik varsa, hətta tərkibnə görə dörddə üçündən artıq cəza təyin olunmur. Cəzanın yuxarı həddinin dörddə üçündən aşağı cəza da təyin olunmur. Sadə residivliyə görə, cəzanın yuxarı həddinin yarısından aşağı cəza təyin oluna bilmir. Bu barədə cənab Prezidentin sərəncamı var. 2017-ci ildə verilmiş cəza siyasətinin humanistləşməsi ilə bağlı sərəncamdır. Yəni burada cəzanın daha sərt təyin olunmasının əleyhinəyəm. Amma sözsüz ki, cinayət varsa, cəza da olmalıdır. Çünki cinayətkar cəzasız qalanda cəmiyyətdə anarxiya yaranır. Hesab edirəm ki, yüngülləşdirici hallar nəzərə alınmaqla, daha yüngül cəzaların təyin olunması daha çox effekt verir ki, şəxs islah olunsun.
Amma əməlinə görə sərt cəza təyin olunursa, sözsüz ki, şəxs narazı qalır, aqressivləşir və islah olunmaz səviyyəyə gəlib çatır. Etiraf edık ki, cəzaçəkmə müəssisələrində bayaq qeyd etdiyim islahla bağlı tədbirlərin görülməməsi məhbusların islah olunmasına yox, daha yeni cinayət əməlləri törətməsi ilə bağlı fikirlər formalaşdırır. Hesab edirəm ki, yüngül cəzanın təyin olunması daha effektiv olardı. Bu, həm də Avropa prioritetlərinə də uyğundur. Bəzən elə olur ki, cəza təyin olunur, amma məhkəmə bu cəzanın onun ailəsinin həyat şəraitinə qədər ağır təsir edəcəyini nəzərə almır. Tutaq ki, himayəsində azyaşlı uşaq var, ailədə tək qazanc gətirən şəxsdir, yoldaşı heç yerdə işləmir, hətta uşağı xəstə olur, bəzən bunlar nəzərə alnmır. Bu da, sözsüz, qanunlara etimadsızlıq yaradır. Etimadsızlıq da yaranandan, inam itəndən sonra islah olunmadan söhbət gedə bilməz.
“Qanunlara etimadsızlıq yarananda islah olunmadan söhbət gedə bilməz”
– Deməli, burada bəzi nüanslarda məhkəmələrin də üzərinə iş düşür.
– Əlbəttə. Son qərarı məhkəmə verir. Tutaq ki, ibtidai istintaq orqanı əməlin tövsifində səhvə yol verə bilər. Deyək ki, şəxs bir əməl törədir, ibtidai istintaq orqanı belə nəticəyə gəlir ki, onun əməli xuliqanlığın ağırlaşdırıcı halında Cinayət Məcəlləsinin 221.3-cü maddəsidir. Amma məhkəmə müəyyən edir ki, onun əməlində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi yoxdur. 221.3-cü maddə – yəni üstündə silah, yaxud silah qismində istifadə olunan əşyalarla xuliqanlıq hərəkətlərinə yol verilməsi. Tutalım, məhkəmə müəyyən edir ki, onun əməlində 221.3-cü maddə yox, sadə xuliqanlıq olub, yəni 221.1-dir. Bu əməlin müəyyən edilməsini, yəni yekun qərarı məhkəmə verir.
Amma məhkəmə də heç nəyi araşdırmadan, baxmadan götürüb ibtidai istintaq orqanının nəticələri ilə razılaşsa, səhv etmirəmsə, orada 2 ildən 5 ilə qədər cəza var, bəzən hətta 4 il cəza çəkmə olur, şəxs də fikirləşir ki, mənim əməlim bu deyil, cəzam bu deyil, təyin olunmuş cəza törətdiyim əmələ adekvat deyil, bu da sözsüz ki, onun ümidini qırır, aqressivləşməsinə səbəb olur, onda qanunlara inamsızlıq yaranır.
– Sizcə, məhkəmələrin belə deyək, işə soyuq yanaşmasına səbəb nədir?
– Məhkəmə sahəsində son dövrdə aparılan islahatlar müsbət tendensiya ilə davam edir. Müsbətə doğru çox böyük addımlar atılır. Bəzən məhkəmələr eyni məsələlərlə bağlı müxtəlif qərarlar qəbul edirdilər. Cəmiyyətin də gözləntiləri budur, amma vəkil olaraq daha da yaxşı olmasını gözləyirik. Belə hallar əvvəllər daha çox olurdu ki, məhkəmələr araşdırmaya meylli olmurdu, istintaq orqanının gəldiyi nəticəni bir neçə proseslə yekunlaşdırırdı və cəzanı təyin edirdi. Amma indi hiss olunur ki, məhkəmələr araşdırırlar, ibtidai istintaq orqanının gəldiyi nəticəylə gözüyumulu razılaşmırlar. Məhkəmə verilmiş ittihamı birbaşa təsdiq etmir, araşdırır.
– O zaman belə düçünə bilərik ki, bu sahədə inkişaf var…
– Bəli, son zamanlar məhkəmə tərəfindən verilən bəraətlərin sayı kifayət qədər artıb. Hesab edirəm ki, aparılan islahatlar artıq nəticələrini verməkdədir.
“Profilaktiki tədbirlər, maarifləndirmə işləri məktəbdən başlamalıdır”
– Bəs hüquqi maarifləndirməni profilaktika məqsədilə istifadə etmək olarmı? Yəni insan bilsə ki, o əməli törətsə hansı cəzanı alacaq, bəlkə cinayətə əl atmaz. Hüquqi maarifləndirmə nə qədər effektiv ola bilər?
– Hüquqi maarifləndirmə qanunazidd əməldən çəkindirməyin birinci yoludur. Yəni bununla cəmiyyətdə profilaktiki işlər kifayət qədər aparılsa, qanunazaidd əməldən çəkindirməyin əsas yoludur. Cəmiyyət özü buna qoşulmalıdır, ictimai təşkilatlar buna qoşulmalıdır. Hətta mən hesab edirəm ki, profilaktiki tədbirlər, maarifləndirmə işləri məktəbdən başlamalıdır. Düzdür, DİN orqanları tərəfindən yetkinlik yaşına çatmayanlarla bağlı profilaktiki işin təşkili üzrə xidmət var, oranın əməkdaşları plan üzrə öz xidməti ərazilərində ümumtəhsil məktəblərində şagirdlərlə tez-tez işlər aparırlar. İstər narkotikin zərəri, istər digər məsələlərlə, qanunazidd əməllərlə bağlı. Amma mən hesab edirəm ki, bunu təkcə polisin etməsi kifayət deyil. Cinayətlərin dinamikasına baxanda artım doğrudan da müşahidə olunur. O cümlədən təkrar cinayətlərlə bağlı. Yəni buna ictimai təşkilatlar cəlb olunmalıdır. Valideynlər özləri də bununla bağlı təşəbbüs göstərməlidirlər.
İstəyirəm bir şeyi də qeyd edəm ki, əvvəllər, bizim dövrümüzdə sovet təhsil sistemində “Hüquq fənni” keçilirdi. Bu gün o fənn keçilmir. Bu fənn Təhsil Nazirliyi tərəfindən bir fənn kimi tədris olunsa, oraya da peşəkar hüquqşünaslar cəlb olunsa – mütləq deyil müəllim o dərsi desin, dövlət universitetlərində, ali təhsil müəssissələrində hakimlər, vəkillər, prokurorluq işçiləri pedaqoji fəaliyyətlə məşğuldurlar, hüququ tələbələrə tədris edirlər, orta məktəbdə də onlar cəlb olunsunlar, müəyyən saatlar ayrılsın. Başa düşürəm, şagirdlərin dərs yükləri çoxdur, amma bu da vacib məsələdir. Ümumiyyətlə, hüquq nəzəriyyəsi, hüquq fənni tədris olunsa, şagird biləcək ki, hansı əməl cinayət sayılır. Çünki cinayətin cinayət olduğunu bilməmək onu məsuliyyətdən azad etmir. Yəni əməlin cinayət olduğunu bilməmək cəzadan azad etmir. Birinci növbədə uşaq vətəndaş kimi məktəbdə formalaşır, sonra müstəqil həyata qədəm qoyur. Bu zaman biləcək ki, hansı əməl cinayət sayılır. Yəni ilk növbədə biləcək ki, bu atdığım addım, gördüyüm iş cinayətdir, yəni ondan çəkinər. Digər tərəfdən, hüquqlarını biləcək. Cəmiyyətdə hüquq-mühafizə orqanlarında işləyən şəxslərdən başqa digər şəxslərin hüquq elmindən demək olar ki, heç 10 faiz xəbəri yoxdur. Bunun tədris olunması cəmiyyətdə insanları hüquqazidd əməllərdən çəkindirməyin bir yolu olardı.
“Əməlin cinayət olduğunu bilməmək cəzadan azad etmir”
– Altay müəllim, əfv və amnistiya residivistlərə “onsuz da tez çıxacağam” deyə təskinlik verərək cəzasızlığa rəvac verirmi? Bu barədə nə düçünürsünüz? Onlara azadlığın dəyərini necə anlatmalıyıq?
– Mən belə hesab etmirəm. Çünki Əfv Komissiyası haqda Əsasnamə var. Bu, Prezidentin səlahiyyətlərinə aid olan müstəsna məsələlərdir. Əfv olunma məsələsinə kifayət qədər ciddi yanaşılır. Tutaq ki, əfv olunmamışdan qabaq bir neçə ay ərzində həmin komissiya tərəfindən müraciətlərə baxılır. Və bəzən 2-3 min müraciət daxil olur. Bunların da içindən əfvə daha layiq olan şəxslərin işləri öyrənilir, islah olunub-olunmadığı və s. Bu o demək deyil ki, əfv varsa, kimlərsə sui-istifadə edə bilər. Hesab edirəm ki, residivistlərin əfv olunması qeyir-mümkündür. Cəzaçəkmə müəssisəsində rejim qaydalarına əməl etməyibsə, dəfələrlə cinayət əməli törətmiş şəxslərin əfv olunması yadıma gəlmir. O şəxslər əfv olunur ki, hərəkətləri, davranışları ilə islah olunduğunu sübuta yetirir. Yaxud səhhətində problemlər olur, sağalmaz xəstəliklərə tutulur. Və yaxud təyin olunmuş cəzanın çox hissəsini çəkib. Yəni əfvetmə haqqında əsasnamədə göstərilir ki, tutalım, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər cəzanın yarısını çəkməlidir ki, əfvlə bağlı müraciət etmək hüququ yaransın. Hər məhkum əfvlə bağlı müraciət edə bilmir. Və yaxud müraciət edirsə, bu o demək deyil ki, o, əfv olunur. Yəni saydığım hallar nəzərə alınır- rejim qaydalarına əməl edib-etməyib, cəzaçəkmə müəssisəsində ictimai işlərdə iştirakı nəzərə alınır, ona inzibati tədbirlər tətbiq olunub-olunmayıb… Yəni bunlar nəzərə alınmaqla siyahıya daxil edilir, cənab Prezident tərəfindən əfv olunur.
Yəni əfv var, əfvetmə institutu varsa, bu o demək deyil ki, məhkum gedib rahat olaraq hüquqazidd əməl törədir ki, mən müəyyən bir cəzanı çəkəndən sonra əfv olunacağam. Hesab edirəm ki, əfvetmə institutunun olması şəxsin cinayət əməli törətməsi üçün stimul deyil.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az
