🌐 Keçmişin izi, gələcəyin sözü
28 Avqust 2026, saat 12:59   •   🌡️ Bakı

Deputat Elnarə Akimova: “Düşmənin dilini bilmək dövlət üçün strateji üstünlükdür”

Odlar.media  xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova universitetlərdə erməni dilinin tədrisi ilə bağlı müzakirələrə münasibət bildirib.
Deputat qeyd edib ki, hazırda Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetində erməni dili tədris olunur, Bakı Slavyan Universitetində isə bu dilin tədrisinin növbəti illərdə nəzərdə tutulduğu açıqlanıb.
E.Akimova bu qərarı müsbət və uzaqgörən addım kimi qiymətləndirib. Onun sözlərinə görə, dilə münasibəti siyasi münasibətlə eyniləşdirmək düzgün deyil:
“Bir xalqla müharibə aparmaq, həmin xalqın dilini öyrənməyə maneə deyil. Əksinə, xüsusilə uzun illər münaqişə yaşamış dövlət üçün qarşı tərəfin dilini bilmək milli təhlükəsizliyin, diplomatiyanın, elmi araşdırmaların və informasiya mübarizəsinin mühüm alətlərindən biridir”.
Deputat bildirib ki, erməni dili Azərbaycan üçün digər xarici dillərdən fərqli olaraq mürəkkəb tarixi və siyasi yaddaşla bağlıdır. Lakin dövlət siyasətinə milli maraqlar baxımından yanaşmaq və emosiyalardan uzaq olmaq lazımdır.
Onun fikrincə, erməni dilini bilmək Ermənistanın siyasi ritorikasını, informasiya məkanını və cəmiyyətində gedən prosesləri ilkin mənbələrdən izləməyə imkan verir.
E.Akimova Vətən müharibəsi zamanı erməni dilini bilən Azərbaycan hərbçilərinin əldə etdiyi üstünlüklərə də diqqət çəkib. O qeyd edib ki, qarşı tərəfin danışıqlarını, radio əlaqələrini, əmrlərini və digər məlumatlarını anlamaq hərbi əməliyyatların gedişində əhəmiyyətli rol oynaya bilərdi.
“Düşməni tanımaq üçün onun dilini bilmək də silah qədər mühüm üstünlük ola bilər”, – deyə deputat vurğulayıb.
E.Akimovanın sözlərinə görə, müharibədən sonrakı yeni regional reallıqlar erməni dilini bilən peşəkar kadrlara olan ehtiyacı daha da artırır. Belə mütəxəssislər diplomat, tarixçi, politoloq, jurnalist, hərbçi, təhlükəsizlik eksperti, regionşünas və informasiya analitiki kimi müxtəlif sahələrdə fəaliyyət göstərə bilərlər.
Deputat hesab edir ki, erməni dilinin öyrənilməsi Azərbaycan gənclərinin milli mövqeyinə təsir göstərmir. Əksinə, bu bilik ölkənin milli maraqlarını daha peşəkar və əsaslandırılmış şəkildə müdafiə etmək üçün əlavə imkan yaradır.
“Dil öyrənmək mövqeyini dəyişmək deyil. Azərbaycan gəncinin erməni dilini bilməsi onun Qarabağ həqiqətlərinə münasibətini dəyişmir. Əksinə, milli mövqeyini daha peşəkar şəkildə müdafiə etmək üçün ona yeni imkan verir”, – E.Akimova bildirib.
O əlavə edib ki, erməni dilinin ali məktəblərdə tədrisi yalnız təhsil məsələsi kimi deyil, Azərbaycanın strateji kadr potensialının formalaşdırılması baxımından qiymətləndirilməlidir.
“Biz düşmənin dilini öyrənməklə düşmənə xidmət etmirik. Biz öz dövlətimizə xidmət edirik”, – deyə deputat vurğulayıb.
E.Akimovanın fikrincə, Azərbaycanın hərbi qələbəsi siyasi, diplomatik, intellektual və informasiya üstünlüyü ilə tamamlanmalıdır. O hesab edir ki, qarşı tərəfin dilini bilmək gələcək prosesləri daha düzgün təhlil etmək və milli maraqlara uyğun qərarlar qəbul etmək baxımından mühüm üstünlükdür.

Mənbə: Odlar.media