Odlar.media xəbər verir ki, Əməkdar artist Nahidə Orucova 65 illik yubileyi münasibətilə sosial şəbəkə hesabında paylaşım edərək sənət yoluna nəzər salıb.
Aktrisa bildirib ki, ömrünün 65, teatr səhnəsində fəaliyyətinin isə 48 ilini qeyd edir. O, bu illər ərzində qazandığı ən böyük sərvətin tamaşaçı sevgisi olduğunu vurğulayaraq, hər zaman ona dəstək göstərən sənətsevərlərə minnətdarlığını ifadə edib.
Nahidə Orucova qeyd edib ki, yubileyi münasibətilə iyulun 11-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının növbəti tamaşası ona həsr olunub.
Tamaşadan sonra teatr kollektivi tərəfindən təbrik olunan sənətçiyə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin “Fəxri fərman”ı, eləcə də Azərbaycan Teatr Xadimləri İttifaqının “Teatr fədaisi” medalı təqdim edilib.
Əməkdar artist paylaşımında teatrın rəhbərliyinə, həmkarlarına, sənət dostlarına və uzun illər onu alqışları ilə dəstəkləyən tamaşaçılara təşəkkürünü bildirib. O, həmçinin “Arşın mal alan” operettasında canlandırdığı Cahan xala obrazının yaradıcılığında xüsusi yer tutduğunu vurğulayıb.
Nahidə Orucova paylaşımını bu sözlərlə yekunlaşdırıb:
“Allah mənə yenə səhnədə olmağı, sizlərin sevgisini hiss etməyi və Azərbaycan teatrına xidmət etməyi nəsib etsin. Bu, mənim üçün unudulmaz və qürurverici bir gecə idi.”
Odlar.media
