Bu yer ki, dünyanın ən kor küncüdür,
Görünməz burada hüquq, ədalət.
Hər əli yer tutan xeyrini güdür,
Qansızlar əlində Haqq olub alət.
Gərəkdi zülmünə göydən daş yağa,
Özünü fil sayan bir çox cücü var.
Kim ki, arxalıdır düşür qabağa,
Basır başımızdan nə ki gücü var.
Boş şeydir beyinin dolu olması,
Burda ağıllını dəli edən çox…
Tez çıxır üstünə içinin pası,
Pulu havasına göynən gedən çox…
Yerin aşağıdır üst qatda olsan,
Hörmətlə verilir nüfuz, ad-filan.
Kimsə saya salmaz Sokrat da olsan,
Kimin vecinədir istedad-filan…
Maddi maraq yoxsa salam da alma,
Adamı vəfasız, dünyası gidi.
Dərdiş, böyüyünü heç yada salma,
Xırda uğurun da puldur vahidi.
Balaca Tanrıdır adamı olan,
Hətta ən yoluğu göynən əlləşir.
Bir vaxtlar xaraba bir damı olan,
İndi qırx saraylı öynən əlləşir.
“Alıb atmağa”dır baharı-qışı,
Əli gətirəndə Ay da şən çıxır.
Sanki “şirinlik”lə yağır yağışı,
Sanki Günəşi də rüşvətnən çıxır.
Nə vaxtdır həsrətik Haqqın dadına,
Hər gün aşdığımız əngəl bir çətin…
Yaşamaq adına, ölmək adına,
Bizə bu yerlərdə çətindir, çətin…
…Həm də çox çətin!
Müəllif: SÜLEYMAN ABDULLA.
Mənbə: Odlar.media
