Odlar.media xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsi və İrəvanın xarici siyasət kursu ilə bağlı açıqlamalar verib.
Lavrov bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyi Ermənistan xalqının maraqlarından çıxış edir. Onun sözlərinə görə, Ermənistanın hazırkı rəhbərliyi Moskva ilə ənənəvi əlaqələri deyil, başqa prioritetləri əsas götürür.
Rusiya XİN rəhbəri xüsusilə Nikol Paşinyan hökumətinin Avropa İttifaqına inteqrasiya siyasətini tənqid edib. O, Ermənistan parlamentinin Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun qəbul etdiyini, Paşinyanın isə üzvlük məsələsinə dair referendumun daha sonra keçiriləcəyini açıqladığını xatırladıb.
Lavrov bunu Ermənistan hakimiyyətinin öz xalqına kifayət qədər etimad göstərməməsi kimi qiymətləndirib:
“Düşünürəm ki, bu, Ermənistan seçicilərinə və erməni xalqına o qədər də böyük etimaddan xəbər vermir. Dürüst seçim göstərmək lazımdır – nəyi seçirsən?”
Lavrov həmçinin Ermənistanın Avrasiya İqtisadi İttifaqından əldə etdiyi iqtisadi dividendlərə diqqət çəkib. O bildirib ki, son üç ildə Ermənistanın Rusiya və Aİİ ölkələri ilə ticarət dövriyyəsi 6 milyard dolları ötüb, ayrı-ayrı illərdə isə bu göstərici 12 milyard dollara çatıb.
Rusiya XİN rəhbərinin açıqlamaları Robert Köçəryanın həbsi fonunda Ermənistan-Rusiya münasibətlərində siyasi fikir ayrılıqlarının davam etdiyini göstərir.
Odlar.media
