🌐 Keçmişin izi, gələcəyin sözü
14 İyul 2026, saat 13:29   •   🌡️ Bakı

Xarici valyutanın ölkəyə qaytarılmamasına görə cərimələr dəyişdirildi

Odlar.media xəbər verir ki, Milli Məclis İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri III oxunuşda qəbul edib. Dəyişikliklərə əsasən, xarici iqtisadi fəaliyyət nəticəsində əldə olunan və ölkəyə qaytarılmalı olan xarici valyuta vəsaitlərinin vaxtında Azərbaycana gətirilməməsinə görə tətbiq edilən cərimələr yenilənib.
Yeni qaydalara əsasən, qanunvericilikdə yer alan “az miqdarda” anlayışı çıxarılır və cərimə məbləğləri azaldılır. Bununla yanaşı, müəyyən hallarda inzibati məsuliyyətdən azad edilmə imkanı da yaradılır.
Qəbul edilən dəyişikliklərə görə, xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil banklarındakı hesablara köçürülməsi məcburi olan xarici valyuta vəsaitlərinin ölkəyə qaytarılmamasına görə vəzifəli şəxslər valyuta məbləğinin 10 faizindən 20 faizinədək, hüquqi şəxslər isə 20 faizindən 30 faizinədək məbləğdə cərimə olunacaqlar.
Əvvəlki qanunvericiliyə əsasən isə bu əmələ görə yalnız 20 min manatadək (“az miqdarda”) vəsaitlər üzrə inzibati məsuliyyət nəzərdə tutulur, cərimə məbləği isə valyutanın 30 faizindən 50 faizinədək təşkil edirdi.
Dəyişikliklərdə mühüm yeniliklərdən biri də məsuliyyətdən azad edilmə mexanizmidir. Belə ki, inzibati xəta ilə bağlı iş üzrə məhkəmə və ya digər səlahiyyətli orqan qərar qəbul edənədək şəxs xaricdə qalan valyuta vəsaitini ölkəyə qaytardığı təqdirdə inzibati məsuliyyətə cəlb olunmayacaq.
Qanun layihəsi Milli Məclisin bugünkü iclasında səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.