Odlar.media xəbər verir ki, ABŞ tərəfindən İranın neft ixracı ilə bağlı tətbiq edilən 60 günlük güzəştin ləğv olunmasına baxmayaraq, ölkənin neft satışında hər hansı fasilə yaranmayıb.
Bu barədə İranın neft naziri Möhsən Paknejad jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, ABŞ-ın son qərarı İranın neft ixracına ciddi təsir göstərməyəcək və ixrac prosesi əvvəlki qaydada davam etdirilir.
Paknejad qeyd edib ki, İranın Neft Nazirliyi uzun illərdir tətbiq olunan beynəlxalq sanksiyaların təsirlərini minimuma endirmək məqsədilə müxtəlif mexanizmlər formalaşdırıb. Onun sözlərinə görə, bu mexanizmlər hazırkı şəraitdə də effektiv şəkildə işləyir və ölkənin enerji ixracının davamlılığını təmin edir.
Nazir həmçinin ABŞ-ın 60 günlük güzəşti nəzərdə tutan saziş üzrə öhdəliklərini pozduğunu iddia edərək bildirib ki, buna baxmayaraq, İran neftinin xarici bazarlara çıxarılması üçün yaradılmış alternativ mexanizmlər qüvvədə qalır.
Möhsən Paknejad vurğulayıb ki, mövcud şəraitdə İranın neft ixracında heç bir dəyişiklik baş verməyib və satış prosesi fasiləsiz şəkildə davam etdirilir. Onun sözlərinə görə, ölkənin enerji sektorunda fəaliyyət planı əvvəlcədən mümkün risklər nəzərə alınmaqla hazırlanıb və mövcud çağırışlara uyğun şəkildə icra olunur.
