Odlar.media xəbər verir ki, tanınmış jurnalist Fəridə Aslanova sosial media hesabında pərpətöyünün faydalarından bəhs edərək, insanların təbii qidalara daha çox üstünlük verməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bazarlarda cəmi 50 qəpiyə satılan bir dəstə pərpətöyündən həm dadlı, həm də sağlam yay yeməyi hazırlamaq mümkündür.
Fəridə Aslanova qeyd edib ki, bunun üçün pərpətöyünü yüngül şəkildə pörtlətmək, üzərinə bir stəkan qatıq, bir-iki ədəd rəndələnmiş xiyar, bir və ya iki diş əzilmiş sarımsaq, həmçinin zövqə görə şüyüd və ya kişniş əlavə etmək kifayətdir.
O bildirib ki, bu cür təbii qidalar həm münasib qiymətə başa gəlir, həm də sağlam qidalanma vərdişlərinin formalaşmasına kömək edir:
“Pərpətöyü siqaretdən qat-qat ucuzdur. Mən onu orqanizmi təmizləməyə kömək edən gözəl vasitələrdən biri hesab edirəm. Çox şeyi yazmıram, sadəcə xatırlatmaq istədim.”
Aslanova paylaşımında tibbi məsləhətlər verməkdən qəsdən çəkinməsinin səbəbini də açıqlayıb. O vurğulayıb ki, həkim olmadığı üçün hər hansı müalicəvi iddia səsləndirməyi doğru hesab etmir və yalnız şəxsi təcrübəsini bölüşür.
Qeyd edək ki, pərpətöyü vitamin A, C və E, kalium, maqnezium, dəmir kimi minerallar, həmçinin antioksidant maddələr və bitki mənşəli omeqa-3 yağ turşuları ilə zəngin göyərtilərdən hesab olunur. Lif tərkibi sayəsində həzm sisteminin normal fəaliyyətini dəstəkləyə, orqanizmin su balansının qorunmasına və sağlam qidalanma rasionunun zənginləşdirilməsinə töhfə verə bilər.
Bununla belə, mütəxəssislər bildirirlər ki, pərpətöyü hər hansı xəstəliyin müalicə vasitəsi kimi qəbul edilməməlidir. Xüsusilə böyrək daşı, oksalat mübadiləsi pozğunluğu və ya digər xroniki xəstəlikləri olan şəxslərin bu bitkini müntəzəm istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməsi tövsiyə olunur.
Fəridə Aslanova paylaşımının sonunda təbiətin insanlara təqdim etdiyi nemətlərin dəyərinin unudulmamasını tövsiyə edib. Onun fikrincə, bir çox insan paketlənmiş və emal olunmuş qidalara üstünlük versə də, sağlam qidalanmanın əsası məhz təbii və mövsümi məhsullardan keçir.
Mənbə: Odlar.media
